Jazz.az - «Друзья Джаза» > Новости и статьи > Новости и События > Azərbaycan musiqiçiləri ilk dəfə Beynəlxalq Akkordeon Festivalında çıxış edib (28 fevral 2023 Bellariasrasse 8, Vyana 1010)
Новости и События
Azərbaycan musiqiçiləri ilk dəfə Beynəlxalq Akkordeon Festivalında çıxış edib (28 fevral 2023 Bellariasrasse 8, Vyana 1010)
Azərbaycan musiqiçiləri Vyanada Beynəlxalq Akkordeon Festivalında ilk dəfə konsert proqramı ilə iştirak ediblər.
Azərbaycanın görkəmli musiqiçisi, Xalq artisti Ənvər Sadıqovun rəhbərlik etdiyi “Qaytağı” instrumental ansamblı festival çərçivəsində Vyana şəhərinin məşhur “Porgy & Bess” caz klubunda konsert verib.
Konsertdən öncə elan edilib ki, martın 26-dək keçiriləcək sayca 24-cü Beynəlxalq Akkordeon Festivalı dünyanın müxtəlif ölkələrindən peşəkar və yeni istedadları bir araya gətirir, bir ay boyunca Vyanada müxtəlif məkanlarda konsertlər təşkil edir. Builki festivalın xüsusiyyətlərindən biri isə ilk dəfə olaraq Azərbaycanın bu festivalda təmsil olunmasıdır, uğurlu əməkdaşlıq və dəstəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinə xüsusi təşəkkür elan edilib.
Vyanada musiqisevərlərin sevimli məkanları sırasında yer alan və anşlaqla keçən konsertdə, həmçinin görkəmli caz pianoçusu və bəstəkar, beynəlxalq müsabiqələr laureatı Emil Əfrasiyab da iştirak edib. Konsertdə Azərbaycan xalq və bəstəkar mahnıları əsasında hazırlanmış kompozisiyalarla yanaşı, Ənvər Sadıqov və Emil Əfrasiyabın müəllifi olduğu əsərlər də böyük maraqla qarşılanıb. Dahi bəstəkarlar Volfqanq Amadeus Motsart və Üzeyir Hacıbəylinin əsərləri əsasındakı kompozisiya isə alqışlara səbəb olub. Eyni zamanda, silahlı münaqişələr və təbii fəlakətlər zamanı həlak olmuş insanlara ithafən ifa edilən “Atama məktub” əsəri kövrək və duyğulu ab-hava yaradıb.
Azərbaycan milli musiqi alətlərində ifalar isə konsertə xüsusi rəng qatıb, Azərbaycan milli musiqisinin özünəməxsus xüsusiyyətləri yüksək səviyyədə təqdim olunub. Konsertə Azərbaycan bəstəkarları Qara Qarayev və Rauf Hacıyevin əsərlərindən ibarət kompozisiyalar ilə yekun vurulub. Azərbaycan xalq və bəstəkar mahnıları, muğam, klassik, eləcə də caz musiqisinin komponentlərindən ibarət proqram sürəkli alqışlarla qarşılanıb.
Konsert “Porgy & Bess“ caz klubunun canlı yayım portalı vasitəsilə yayımlanıb, eləcə də “Emap.fm” internet radio kanalı vasitəsilə səs yazısı olaraq qeydə alınıb.