Norveçin Bergen şəhərində Qriq adına Musiqi Akademiyasının dəstəyi və təşkilatı altında keçirilmiş “Eurasia Project” layihəsi baş tutmuşdur. Layihənin iştirakçıları Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, V.Saracişvili adına Tbilisi Dövlət Konservatoriyası, Kurmanqazı adına Qazaxstan Milli Konservatoriyasının nümayəndələri olmuşdur.
BMA ilə Qriq Akademiyası arasında səkkiz ildən çox davam edən bu layihə çərçivəsində hər iki təhsil müəssisəsinin tələbələri uğurlu nəticələnən mübadilə proqramlarında iştirak etmiş, birgə konsert layihələri və bədii tədqiqat (Artistic Research) layihələri ilə çıxış etmişlər.
2018-ci ildə Bergen şəhərində Eurasia Project layihəsinin koordinatorlarının görüşü keçirilmişdir. İştirakçılar – BMA-nın beynəlxalq əlaqələr üzrə prorektoru, respublikanın Xalq artisti Yeganə Axundova, BMA-nın musiqi nəzəriyyəsi kafedrasının dosenti Turan Məmmədəliyeva, Tbilisi Dövlət Konservatoriyasının rektoru Rezo Kiknadze və beynəlxalq əlaqələr üzrə koordinatoru Nana Şarikadze, Kurmanqazı Qazax Milli Konservatoriyasının beynəlxalq əlaqələr üzrə koordinatoru Janna Abdulhalık olmuşlar. Layihə çərçivəsində təşkil ounan görüşdə T.Məmmədəliyeva “Azərbaycan Jazz’ı: İnkişaf Yolları” mövzusunda təqdimat ilə çıxış etmişdir.
Artistic Research layihəsinin iştirakçıları və koordinatorlarının təlim-tədris məsələləri ilə bağlı çıxışları 1 iyun Qriq adına Musiqi Akademiyasında baş tutdu. Dəyirmi masa ətrafında iştirakçılar – Daqfinn Bak, Qriq Akademiyasının müəllimləri Tomas Dal və Maqne Tormodseter bədii tədqiqat təqaüd layihəsinin Norveçdəki durumu və gələcək inkişaf yolları haqda, Kşetil Moster saksofon ifaçılığında yeni üsullar və elektron musiqi vasitələrinin istifadə yolları, Rezo Kiknadze Tbilisi konservatoriyası zəminində formalaşan jazz ifaçılığı barədə, T.Məmmədəliyeva “Azərbaycan Jazz’ı: İnkişaf Yolları” haqda məruzə və fikirlərini bölüşdülər.