02.03.2019 “PREMIER Art Ltd” TƏQDİM EDİR: ARTURO SANDOVALIN BAKI KONSERTİ

Dünya şöhrətli jazz ulduzu Arturo Sandovalın xüsusi təqdimata ehtiyacı yoxdur: indi günəşli Kubanın musiqi rəmzlərindən biri olaraq, “Buena Vista” klubu və pianoçu Çuço Valdes ilə yanaşı, doqquz Qrammy mükafatı almış, cazın canlı əfsanələrindən biri, şeypurçu, pianoçu, bəstəkar Arturo Sandovalı da hesab etmək olar.

Kuba-Amerika cazmeni Arturo Sandovalın Bakıya ilk gəlişi və konserti ölkəmizdə bir çox əlamətdar konsert və festivalları təşkil etmiş “Premier Art Management” prodüser agentliyinin səyi və təşkilçiliyi ilə, eləcə də ABŞ-nın Azərbaycandakı səfirliyinin dəstəyi altında gerçəkləşdi. Martın 2-də H.Əliyev adına Respublika sarayının səhnəsində Arturo Sandovalın kombosu Bakıda öz ilk konsertini verdi. Cazmenin bu dəfəki əməkdaşları: zərbçi Conni Fraydi, perkussiyaçı Tiki Pasilyas, basist Con Belzeqay, pianoçu Maks Geymer və saksofonçu Mayk Taker idi. Caz axşamını müğənni və aparıcı Tofiq Həsənsoy öz giriş sözü ilə açdı.

Sandoval sənətinin pərəstişkarları onun çoxcəhətli ifaçı profili ilə çoxdandan tanışdır. Öz kompozisiyalarını ifa edərkən, Sandoval şeypurçu missiyasını gözəl yerinə yetirməkdən başqa, çox zaman skət tərzində və öz alətinin səslənməsini təqlid edən improvizəçi-müğənni kimi də çıxış edir, hətta virtuoz kompozisiyalarda yaxşı texnika nümayiş etdirərək öz partnyorlarını pianoda müşayiət edir. Bakı səhnəsində konserti zamanı o, xüsusi meynstrim proqramını təqdim etdi: klassik caz klassikasının “Billie’s Bounce” , “Bye Bye, Blackbird”,
“Green Dolphin Street”, “Hot House” və digər kimi mövzularını öz kompozisiyaları ilə növbələşdirib, royal arxasında quaquanko, rumba ritmlərində öz virtuoz bəstələrini də ifa etdi, hətta müğənni qismində “When I Fall in Fove” mahnısını oxudu. Təntənəli final kimi və öz mənəvi ustadı və pərəstiş etdiyi Dizzi Gillespiyə ehtiram hissi olaraq caz şeypurunun klassikinə məxsus “Night in Tunisia” kompozisiyası ilə çıxışını başa vurdu.

Arturo Sandovalın konserti – “Premier Ltd Art Management” prodüser agentliyinin və onun baş direktoru Nəzakət Qasımovanın bakı dinləyicilərinə hədiyyə etdiyi daha bir jazz hadisəsidir. ABŞ-nın Azərbaycandakı müvəqqəti məsul şəxs Uilyam Gil bu münasibətlə N.Qasımovaya öz böyük minnətdarlığını bildirdi.

xəbərlərə keçin
bar close