Dekabrın əvvəlində Azərbaycan Milli Konservatoriyasında Litvadan gəlmiş jazz ifaçıları – trombonçu və jazz vokalçısı, bendlider Skirmantas Sasnauskas və jazz müğənnisi, pedaqoq, Vilnyus Tətbiqi Elmlər Universitetinin “Ritmik Musiqi” kafedrasının müdiri Vita Sasnauskiyene ilə musiqi təhsil müəssisələrinin müəllim və tələbələri arasında görüşlər keçirildi. Görüşlər litva və azərbaycan milli musiqisi haqda diskussiyalarla və xalq çalğı alətlərində ifa edilən yazılardan ibarət illüstrələrlə müşayiət edilirdi.
Keçirilmiş tədbirlər AMK-nın rektoru, professor, xalq artisti Səyavuş Kəriminin, AMK-nın elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Hüseynovanın, AMK-nın beynəlxalq əlaqələr departamentinin rəisi, əməkdar incəsənət xadimi Cahangir Səlimxanovun, AMK-nın estrada şöbəsinin müəllimi, jazz festivalları laureatı, pianoçu, bəstəkar və aranjimançı Rövşən Rzayevin və başqalarının iştirakilə baş tutdu.
5 dekabr Milli Konservatoriyanın Kiçik zalında V.Sasnauskienenin və S.Sasnauskasın iştirakilə “sutartines” adlı qədim litva xalq mahnı-rəqs janrına həsr olunmuş seminar keçirildi. Qədim folklor janrı olan sutartines, öz konsonans sayılan sekunda intervalı ilə, modal məqam strukturu ilə publikada maraq doğurdu. Tamaşaçıların iştirakilə kiçik təcrübi məşğələ də böyük entuziazmal qarşılandı. Seminarın mövzusu üzrə verilən suallar ətraflı cavablarla və video-audio illüstrələrlə müşayiət olunurdu.
Kiçik fasilədən sonra görüşün II hissəsi – jazz müğənnisi, aranjimançı və pedaqoq Vita Sasnauskiyenenin ustad dərsi baş tutdu. Rövşən Rzayevin sinfinin tələbələri – Azər Calabiyani, Ülvi İsmayılov, Aysel Hüseynzadə və Rəşid Məhərrəmli ustad-dərsdə fəal iştirak edərək, jazz standartlar və pop, rok repertuarlardan mahnılar ifa etdilər. İfa edilən nömrələr əsasında müğənni-pedaqoq ifa və nəfəsalma çətinliklərini, mahnı mətni ilə ifa tərzinin uyğunluğu məsələsini təyin etdi. Jazz vokal və skət texnikası üzrə pedaqoq V.Sasnauskiyene jazz vokal texnikasının əsas üsulları haqda, düzgün vokal oxumanın düzgün poza, qamət və digər xüsusiyyətləri kimi əsasları barədə söz açdı.
Final Tiles Gallery id=42 does not exist