Bu ilin 3 may tarixində on beş il əvvəl arzuladığımız xəyal çin oldu: dünya şöhrətli musiqiçi, postsovet balkan rock musiqisinin ulduzu və bəndlideri, müasir dünya kinematoqrafına özünəməxsus saundtrek musiqi bəstəçisi kimi daxil olmuş, olduqca orijinal dəsti-xətli Qoran Breqoviçin Bakıda H.Əliyev adına Mərkəzdə ilk konserti baş tutdu. Çoxdandan arzulanan bu görüşün təşkilçisi “Premier Ltd Art Management” prodüser agentliyidir. Xatırladaq ki, ölkəmizdə baş tutan bir çox əlamətdar musiqi və mədəni hadisələr məhz “Premier Ltd Art Management” agentliyinin təşkili ilə gerçəkləşdirilmişdir. 2009–cu ildə Filarmoniyanın səhnəsində C.Maklaflin, Ç.Koria və K.Qarretin konserti, 2013-cü il “Beynəlxalq Bakı Jazz Festivalı”-nda K.Qarretin, 2016-cı ildə məhşur “Take 6” jazz qrupunun və digər ifaçıların konsertlərini xatırlamaq olar.
Bir ifaçı kimi öz yoluna rock və pop qrupunun müğənni-bendlideri kimi başlayan Qoran Breqoviç eyni zamanda özünü bir bəstəkar, özünəməxsus musiqi üslubunda əsərlərin müəllifi kimi də tanıtdırmışdır. Onun olduqca parlaq və ifadəli, öz ruhunu və zəminini balkan xalq musiqi irsindən götürən və müasir rock-pop musiqi cərəyanlarına əsaslanan musiqisi Emir Kusturissa kimi dünya şöhrətli kinorejissorun diqqətini dərhal cəlb etmişdi. Balkan dünyasının Fellinisi sayılan, “Underground” (Zirzəmi), “Time of the Gypsies” (Qaraçıların zəmanəsi), “Arizona’s Dream” (Arizona xülyası) kimi şedevrlərin yaradıcısı olan Emir Kusturissanın filmlərini Breqoviçin ifadəli, həzin, milli çalarlı və cazibədar musiqisi olamadan təsəvvür etmək qeyri-mümkündür. Bu, Fellini-Rota səviyyəsində olan və Balkan dünyasının incəsənətini təmsil edən nadir yaradıcı vəhdətlərdəndir.
Beləliklə, 3 may H.Əliyev adına Mərkəzin səhnəsində Qoran Breqoviç öz “Toy-Mərasim Orkestri” ilə çıxış etdi. Bakı dinləyicilərinə o, müxtəlif kompozisiyalarından ibarət proqram təqdim edərək, “Sarayevodan üç məktub” adlı layihəsindən, yeni “Qaraçılar üçün şampan şərabı” albomundan, “Xoş sonluqlu Karmen” operasından parçaları, müxtəlif illərdə bəstələdiyi mahnılarını və kino musiqisini ifa etdi.