2018-ci il 03 – 10 dekabr tarixlərində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalına musiqi məktəbləri və kolleclərinin şagirdlərindən ibarət böyük heyət təşrif buyurmuşdu. Mədəniyyət Nazirliyinin təşkili dəstəyi ilə Orta İxtisas Musiqi Məktəb-Studiyasının və BMA-nın “Xüsusi Pedaqoji Hazırlıq” kafedrasının (kafedra müdiri – sənətşünaslıq üzrə fəlsəfə doktoru Elnarə Məmmədova) müştərək layihəsi əsasında klassik, xalq və jazz musiqisi üzrə Respublika Festivalı keçirilmişdi.
Məktəb-Studiyanın işləyib hazırladığı və mütəmadi həyata keçirdiyi böyük təhsil islahatı proqramı jazz musiqisini ilk dəfə daxil etmir. Məktəbin direktoru fəlsəfə elmləri doktoru, professor Tərlan Seyidovun təşəbbüsü və təşkili altında musiqi təhsilinin yaxın sahələrinin əlaqələndirilməsinə əsaslanan bir sıra maraqlı, məhsuldar layihələr həyata keçirilmişdir. Məsələn, 1982-ci ildə Məktəb-Studiyanın təşəbbüsü və təşkili, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Tofiq Quliyevin dəstəyi və münsif rəhbərliyi ilə keçirilən Uşaqların I Respublika Jazz Festivalı bir çox müəllim, tələbə və şagird heyətinin yaxşı xatirindədir.
Bu səbəbdən də iki turdan ibarət bu festivalın klassik repertuar, milli rəqslərin işləmələri timsalında xalq musiqisi və jazz üslubunda pyeslərin ən yaxşı ifaçılarını seçməsi təsadüfi hal deyildi. Festivalın seçim turları 03 – 10 dekabr tarixində baş tutub, BMA-nın rəhbərliyi və müəllim heyəti, eləcə də Məktəb-studiyanın müəllimləri və Mədəniyyət Nazirliyinin təhsil metodikası üzrə kabinetinin işçilərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirən kiçik və yeniyetmə istedadları üzə çıxardı.
Nəhayət ki, 12 dekabr – sonuncu gün və gözlənilən mərhələ olan Qala-konsert baş tutdu və qalib nominantlar sertifikatlar ilə təltif olunduqdan sonra onların iştirakilə yekun konsert keçirildi. BMA-nın rektoru, professor Fərhad Bədəlbəylinin sədrliyi ilə idarə edilən münsiflər heyəti qalibləri elan etdi. Kiçik yaş qrupunun əsas nominantlarından olan, öz həssas üslub zövqü ilə fərqlənən, parlaq kiçik ulduzlar kimi yadda qalan iştirakçılardan başlayaq. Onlar arasında fortepiano ixtisası üzrə – Mehin Zalıyeva (12 saylı OMM, Gennadiy Saskonun “Reqtaym” pyesi), Məlahət İbrahimova (M.Maqomayev ad.11 saylı OMM, G.Saskonun “Blyuz” pyesi), Əli Zeynalov (3 saylı İncəsənət Gimnaziyası, V.Mustafazadənin “Mart” əsəri) qeyd edilməlidir. Orta yaş qrupunu Məktəb-Studiyanın şagirdləri olan Səriyyə Məmmədova Əzizə Mustafazadənin “Melancholic Princess” bəstəsinin ifası ilə və məşhur türk bəstəkarı Fazil Sayın “Jazz Fantasy on Mozart” pyesini ifa edən Hüseyn Bədəlbəyli təmsil edirdi. Hər iki şagirdin ilhamlı və böyük həvəslə etdikləri ifalar müsbət təəssüratlar qoydu.
Sonuncu üç çıxış isə böyük yaş qrupunun qaliblərinə həvalə edildi və bu ifaçılar maraqlı aranjimanlar və işləmələr ilə yadda qaldılar. Corc Gerşvinin B-dur fortepiano prelüdü violin və fortepiano üçün işləmədə Məktəb-studiyanın X sinif şagirdi Emil Hüseynovun violin ifasında və pianoçu Tofiq Şıxıyevin müşayiətində parlaq səsləndi. Sumqayıt musiqi kollecinin şagirdi Rəşad Nağıyevin virtuozluqla ifa etdiyi məşhur qadın jazz pianoçusu Hiromi Uyehara tərəfindən bəstələnmiş “The Tom and Jerry show” pyesi parlaq və təbəssüm dolu təəssüratlar yaratdı. Klod Bollinqin “Javanaise” adlı incə, rəqsvari pyesini isə Məktəb-studiyanın şagirdi Rəşad Abdullayev ifa edib festivalın qala-konsertinə yekun vurdu.
Beləliklə, respublikanın 13 şəhəri və regionundan olan 130 şagirddən 17 laureat və 30 diplomant aşağı göstərici deyildir. Respublika Festivalının ən proqressiv xüsusiyyəti kimi xalq musiqisinə olan xüsusi diqqəti qeyd etmək olar ki, bu, azərbaycan professional musiqisinin görkəmli klassiki Ü.Hacıbəyli tərəfindən işlənilmiş xalq ladları sisteminin bilgilərinə üstünlüyün verilməsində öz ifadəsini tapır. Məhz bu cəhət professor T.Seyidovun rəhbərliyi ilə məktəb-studiyanın işləyib yerinə yetirdiyi islahat proqramının başlıca prinsipidir.
Əlbəttə ki, bu çoxjanrlı festival iştirakçıların, qonaqların, uşaqların və onları müşayiət edən valideyn heyətinin xatirində sevinc, qürur, intizar və həyəcan hisslərini qovuşduran, onlara yaradıcı həvəs aşılayan bir musiqi bayramı kimi qalacaq. Bizim – yəni festivalı həvəslə izləyən, müşahidəçi-həmkarların isə diqqətini cəlb edən bir sıra məziyyətləri oxucularla bölüşək. İlk növbədə, ifa olunan müxtəlif üslublu əsərlərin ardıcıl surətdə ifası və burada milli ladda rəqs ilə onun lad-məqamının təyinatı, yəni – lad və ona aid misalın ardıcıl ifası milli musiqini eşitmə qabiliyyətini itiləşdirəcək bir üsul kimi qeyd oluna bilər. Bu baxımdan iştirakçıların proqramına Asəf Zeynallının “Muğamsayağı” pyesini və ya Bela Bartokun “Rumın Xalq Rəqsləri” silsiləsinin daxil edilməsi çox müvəffəqiyyətli seçim oldu. Jazz musiqisinə gəldikdə isə, ifaçıların jazz və akademik üslubları qovuşdurub rəngarəng obrazlar yaratmış müxtəlif bəstəkarlara – Corc Gerşvin, Vaqif Mustafazadə, Gennadiy Sasko, Əzizə Mustafazadə, Fazil Say və başqalarına üz tutmasını alqılamaq olardı, belə ki, məhz bu başlanğıc festivalın ümumi ovqatını və seçim turlarının gedişatını maraqlı edib, ona dinamika və rəngarənglik qatdı. Və qiymətli bir məqamı da vurğulayaq ki, bəzi iştirakçılar daha kreativ təşəbbüslə və məsuliyyətlə bu tədbirə yanaşıb, əsər seçimində də bədii fərdilik və zövq, hətta müəyyən zəhmət tələb edən addımlar nümayiş etdirdilər. Misal olaraq, Məktəb-studiyanın yuxarı sinif şagirdi Rəşad Abdullayevin ifasında üslubca düzgün duyulub ifa edilən “Javanaise” pyesini xatırlayaq. Seçdiyi əsəri əsil jazz heyəti olan trio-kombo formasında təqdim edərək, ifaçı vals-boston ritmində yazılan bu pyesin həm obraz incəliyini, həm də formasını və təfsir üslubunu düzgün tapa bildi. Digər bir kiçik yaş qrupundan Mehin Zalıyevanın Q.Saskonun “Reqtaym” pyesini dürüst ifa etməsini də yada salaq. Böyük yaş qrupunun nümayəndəsi Emil Hüseynovun parlaq çıxışlarını da vurğulamaq istərdik. Corc Gerşvinin məşhur fortepiano prelüdlərini violin və fortepiano duetində təqdim edərək, o, həm gözəl ifadəli çalarlara malik Gerşvin melodikasını, blyuz və jazz skerso ovqatını duyması, parlaq və dürüst frazirovkası, təmiz səslənmə ilə diqqəti cəlb etdi. Və caz pyesindən əvvəl, azərbaycan kamera musiqisinin incilərindən biri olan Asəf Zeynallının “Muğamsayağı” əsərini ifa etməsi ilə də həm festivalın başlıca məqsədinə tam uyğun gələn, həm də Azərbaycan jazz mədəniyyətini zəngin və maraqlı edən muğam ünsürlü jazz təmayülünü bu günədək aktuallığını qoruyub saxlamış bədii bir başlanğıc kimi sübuta yetirdi.
Bir xülasə qismində isə, BMA-nın rektoru, professor F.Bədəlbəylinin etirafını yada salmaq olar: “Festivalın proqramında üç əsas janr sahəsi – xalq, klassik və jazz musiqisinin tam vəhdət təşkil etməsi gözəl cəhətdir. Bu baxımdan, keçirdiyimiz festival ilk bayramdlr, belə ki, bizim zamanımızda, nə də bizdən sonra musiqi təhsili sistemində heç vaxt bu kimi bir festival keçirilməmişdi. Buna görə də bizim hörmətli professorumuz Tərlan Seyidova xüsusi təbriklərimi bildirirəm. Onun təhsil üzrə layihələri həmişə qeyri-standart və nadir olur. İfa ediləcək hər bir xəlqi xarakterli pyesin ladını və tonika-mayəsini təyin etmək – əvvəllər heç bir festivalda bu baş verməyib. Baxı, Şopeni, Çaykovskini yüksək səviyyədə ifa etmək, təbii ki, gözəl işdir, lakin musiqiçi öz köklərindən də uzaqlaşmamalıdır. Şagirdlərə bunu hələ kiçik vaxtlarından öyrətmək lazımdır. Məhz buna görə bu festivalın novator bir ənənə və maarifçilik baxımından olduqca əhəmiyyətli olduğunu hesab edirəm. Bütün kollektivin adından əziz həmkarımız Tərlan Seyidova bir daha dərin minnətdarlığımı bildirirəm!”.
Vəfa Həmidova musiqişünas, ADMİU-nin doktorantı
Turan Məmmədəliyeva, musiqişünas, BMA-nın dosenti
Final Tiles Gallery id=12 does not exist