On iki il əvvəl Moskvada açılmış İqor Butmanın Jazz klubu artıq ikinci dəfə idi ki, əlamətdar hadisələrdən biri – Vaqif Mustafazadənin xatirə gecəsi üçün əsas səhnə olaraq seçilmişdi. Tədbirin əsas təşkilçisi, Azərbaycanın Rusiyadakı səfirliyinin mədəniyyət üzrə müşaviri Nigar Axundovanın qeyd etdiyi kimi, “V.Mustafazadənin xatirəsinə jazz gecəsini hər il keçirmək ideyası üç il əvvəl yaranıb, onun əsas təşkilçiləri – Azərbaycanın Rusiaydakı səfirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və V.Mustafazadə adına Ev-Muzeyin dəstəyi ilə uğurla həyata keçirildi”.
V.Mustafazadənin bu il keçirilən anım gecəsində Azərbaycan müğənni və pianoçu Aysel Məmmədova və jazz pianoçusu, bəndlider İsfar Sarabski tərəfindən təmsil olunmuşdu. Jazz axşamı Moskva, Sankt-Peterburq, Bakı şəhərlərindən təşrif buyuran bir çox musiqiçiləri toplamışdı. Rusiyanın xalq artisti İqor Butman, pianoçu Qriqoriy Fayn, gənc cazmen, pianoçu Oleq Akkuratovun qrupu, əməkdar artistlər – gitaraçı Həsən Bağırov, pianoçu İsfar Sarabski, müğənni Aysel Məmmədova, saksofonçu Sergey Qolovnya və başqa cazmenlər dahi cazmenin xatirəsini öz musiqi töhfələri ilə anaraq enerjili, ilhamlı ifalar təqdim etdilər. Aysel Məmmədovanın ifasında jazz standartları və pianoçunun öz bəstələri səsləndi. V.Mustafazadənin “Mart” bəstəsi İ.Sarabskinin geniş, dramatik jazz improvizəsi üçün mövzu mənbəyi oldu. D.Ellinqtonun “Karvan” standartı şərq çalarlı və əzəmətli səslənişini pianoçu və müğənni Oleq Akkuratovun ifasında tapdı. Bütün musiqiçilərin iştirakilə keçən kiçik cem-seyşn jazz gecəsinə yekun vurdu. V.Mustafazadə adına Ev-Muzeyin direktoru Afaq Əliyeva və konsertin əsas təşkilçisi və təşəbbüskarı Nigar Axundova xatirə gecəsində iştirak etmiş bütün musiqiçilərə və iştirakçılara öz minnətdarlığını bildirdi.
“Pure Noise” layihəsi çərçivəsində MDU-nin Botanik bağında Aysel Məmmədovanın albomunun təqdimatı da baş tutdu.