“Mugham Souls” – Fransanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Fransa İnstitutunun Azərbaycanda Frankofoniya Həftələri çərçivəsində təqdim etdiyi konsert proqramıdır. Lakin eyni zamanda “Mugham Souls” – fransa-azərbaycan musiqi qrupunun və onun konsertinin italyan “Felmay Records” səsyazma leybli tərəfindən buraxılmış canlı yazısı əsasında ilk albomunun adıdır.
“Gochag Askarov and Pierre de Tregomain. Mugham Souls” adlanan bu albomun prodüseri, layihənin koordinatoru, onun audio-cd yazısına aid bukletin müəllifi tanınmış musiqişünas, muğamşünas, qeyri-maddi mədəni abidələrin qorunması üzrə UNECSO-nun Dövlətlərarası Komitəsinin üzvü (2010-2014) və eksperti, əməkdar incəsənət xadimi Sənubər Bağırovadır.
“Mugham Souls” diskinin təqdimat mərasimi 2017-ci ilin noyabr ayında Parisdə, 2018-ci il aprelin 12-də “YARAT” Müasir İncəsənət Mərkəzində baş tutmuşdur.
“Mugham Souls” layihəsi fransız jazz müğənnisi, bəstəkarı Pyer de Treqoman və azərbaycanlı xanəndə Qoçaq Əsgərovun təşəbbüsü ilə yaranmışdır. Paris Milli Kitabxanasında Qoçaq Əsgərovun 2011-ci ildə İtaliyada buraxılmış “Muğam” albomunu təsadüfən dinlədikdən sonra P.Treqomanda bu azərbaycanlı xanəndədən muğam vokal texnikasını öyrənmək fikri yaranır. 2016-cı ildə o, bu məqsədlə Bakıya gəlir. Hər gün keçirilən muğam məşğələləri nəticəsində hər iki ifaçıda muğam improvizəsini jazz improvizasiyası ilə qovuşdurmaq fikri yaranır. Bir aya yaxın müddətdə Q.Əsgərov və P.Treqoman bütöv bir konsert proqramını təşkil edə biləcək kompozisiyalar yaradır. 2016-cı ilin noyabr ayında onlar bu proqramı Beynəlxalq Muğam Mərkəzinin səhnəsində təqdim edir.
“Mugham Souls” layihəsinin və konsertinin parlaq uğuru hər iki ifaçını və onları müşayiət edən musiqiçiləri – Ələsgər Məmmədovu (tar), Elnur Mikayılovu (kamança), Kamran Kərimovu (nağara) və Vasif Hüseynzadəni (piano) – o fikrə gətirir ki, bir ansambl şəklində bu proqram və təbii ki yeni kompozisiyalar əsasında öz konsert çıxışlarını davam etdirsinlər.
Ansambl 2018-ci ilin iyun ayında UNESCO-nun Parisdəki baş qərargahında, iyul ayında İsveçrədə keçirilən “5 Continents” festivalında çıxış etmişdir.
2018-ci ilin sentyabr ayında isə onlar Şanxay şəhərində keçirilmiş beynəlxalq festivalda çıxış etmişdir.
2019-cu ildə ansamblın ərəb ölkələri – Livan, Bəhreyn və Birləşmiş Ərəb Əmiratlarında konsertləri keçiriləcəkdir.