13.03.2021 YENİLİKLƏR: NATƏVAN HÜSEYNOVANIN “AZƏRBAYCANDA JAZZ. XX ƏSR” KİTABI

Azərbaycan jazzı haqda ədəbiyyat kitabxanası yeni bir nəşrlə – musiqişünas və jurnalist Natəvan Hüseynovanın “Azərbaycanda jazz.XX əsr” adlı kitabı ilə zənginləşmişdir. Kitabın əsasını müəllifin 1991-ci ildə bəstəkar və musiqişünas, əməkdar incəsənət xadimi Elnarə Dadaşovanın elmi rəhbərliyi altında yazdığı “Azərbaycanda jazz-muğamın yaranması və təşəkkülünün tarixi zəminləri” mövzusunda diplom işi olmuşdur.

Həmin diplom işində XX əsrin əvvəlindən 1969-cu ilədək – jazz-muğamın yarandığı tarix kəsimində jazz sənəti elementlərinin yaranıb inkişaf etməsi kontekstində tarixi dövr tədqiq edilmişdir. Tədqiqat işində jazzın erkən elementlərinin Azərbaycana daxil olmasının şərtləri və yolları, Azərbaycanın ilk Dövlət Jazz-Orkestri üçün zəmin hazırlayan ilkin jazz ansambllarının fəaliyyət dövrü araşdırılmış, eləcə də Sovet hökuməti tərəfindən 1948-ci ilədək jazz sənətinin ölkədə yayılmasına geniş surətdə əlverişli şərait yaradılmasının səbəbləri barədə söz açılmışdır. 1948-ci ilin məşhur Fərmanından sonra jazz sənətinin və musiqiçilərin aqibəti necə olmuşdur? Təxminən 10 il müddətində anderqraund səviyyəsində jazz sənəti necə dövr etmiş və Ottepel (Mülayim ovqat) dövrünün gəlişi ilə nə yolla qurtulmuşdur? Nə səbəbdən məhz 1969-cu ildə “Qızıl payız” festivalında və məhz Vaqif Mustafazadənin ifasında jazz-muğam səslənmişdir? Bütün bunlar haqda və həmin dövrlərin görkəmli jazz musiqiçiləri – Tofiq Quliyevin, Pərviz Rüstəmbəyovun, Vaqif Mustafazadənin taleyi barədə söz açılır.

Kitabın II hissəsi – IV və V fəsillər – XX əsrin 70, 80 və 90-cı illərində jazz sənətinin təşəkkülü və inkişafına həsr edilmişdir. Bu fəsilləri müəllif 2004-2005-ci illərdə Hollandiyanın Utrext şəhəri Universitetinin Musiqişünaslıq fakültəsində təhsil aldığı zaman işləmişdir. Holland dilində yazılan bu tədqiqat işi professor Kue Him Yonqun rəhbərliyi altında aparılmışdır.

“Azərbaycanda Jazz. XX əsr” kitabı yalnız arxiv materialları ilə məhdudlaşmayıb, müəllifin azərbaycan jazz sənətinin korifeyləri – Tofiq Quliyev, Rauf Hacıyev, Tofiq Mirzəyev, Rafiq Babayev, Vaqif Səmədoğlu, Teymur Mirzəyevlə, eləcə də Vaqif Mustafazadə ilə Pərviz Rüstəmbəyovun qohumları ilə apardığı çoxsaylı söhbətləri də daxil edir. Kitabın II hissəsini isə müəllifin David Koyfman, Tamaz Kuraşvili, Rafiq Seyidzadə, Əzizə Mustafazadə, Şahin Növrəsli ilə müsahibələri təşkil edir.

Jazz.az

xəbərlərə keçin
bar close