2017-ci il iyunun 14-19-da Tbilisidə VIII Beynəlxalq Qafqaz Jazz Festivalı keçirildi. Festiavlın mütəmadi təşkili dəstəkçiləri Gürcüstanın Mədəniyyət Nazirliyi, V.Saracişvili adına Tbilisi Dövlət Konservatoriyası, Art Bridge təşkilatı, Tbilisi Turizm və Abidələrin Qorunması Nazirliyi, Tbilisi Dövlət Filarmoniyası, Yunus Emre İnstitutu, Askaneli Brothers, İMEDİ –Tv və digər şirkətlərdir.
VIII Festivalın keçirilişi müxtəlif ölkələrin aparıcı musiqiçilərinin ustad dərsləri və konsertlərindən ibarət idi. İştirak edən ölkələr Gürcüstan rəhbər olmaqla, ABŞ, Azərbaycan, Türkiyə, Ermənistan idi. Buliki festivalda Azərbaycanı musiqiçi bəstəkar, pianoçu, “Bakustik Jazz” qrupunun rəhbəri, əməkdar artist Salman Qəmbərov təmsil edirdi. 14-17 iyun Tbilisi Dövlət Konservatoriyasının ikinci binasında ustad dərsləri, 17-19 iyun isə Pantomima Teatrının səhnəsində konsertlər keçirilirdi.
Qafqaz Jazz Festivalının iki vacib cəhəti – burada musiqiçilər arasında həqiqi yaradıcı dialoq yaratmaq, və gənclər üçün praktiki fayda verə biləcək bilik və təhsil məsələsinə xüsusi diqqət yetirilməsidir. Bu baxımdan 2017-ci ilin festivalı daha məhsuldar oldu, belə ki, Tbilisi Konservatoriyasında tələbələr üçün müxtəlif ixtisaslar üzrə ayrılmış ustad dərsləri S.Qəmbərovun, A.Hyüsnünsun, Ş.Öztaşın, G.Melikişvilinin, İ.Ebralidzenin rəhbərliyi altında uğurla keçdi. Dərslərdən uğurla bəhrələnən ən parlaq tələbələr – Anna Jordaniya, Maya Metreveli, Dmitri Lekveişvili, Roman Kasımov, Nika Canelidze və b. festivalın Qala-konsertində öz bacarıqlarını nümayiş etdirdilər.
Final Tiles Gallery id=14 does not exist