“Həyat musiqi ilə keçən bir səfərdir…” – kəlməsi ISME cəmiyyətinin 33-cü Beynəlxalq Konfransının şüarıdır.
Musiqi Təhsili üzrə Beynəlxalq Cəmiyyət olan ISME (International Society for Music Education) bu ilin ümumdünya konfransını paytaxtımız Bakıda keçirmək qərarını vermişdi.
ISME cəmiyyətinin fəaliyyəti yarandığı Belçikada 1953-cü ildən, UNESCO-nun himayəsi altında keçirilən
“Gənclərin və Böyüklərin Təhsilində Musiqinin Rolu və Tutduğu Yer” adlı ümumdünya konfransının keçirildiyi ildən başlanır.
2018-ci ildə ISME-nin ümumdünya konfransının Bakıda keçirilişi cəmiyyətin özü ilə bahəm TÜRKSOY təşkilatı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, NAMM Fondu, Azərbaycan Konvensiya Bürosu tərəfindən təşkil olunmuşdur. Konfrans tədbirlərinin keçirilişi zamanı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA), Azərbaycan Milli Konservatoriyası (AMK), H.Əliyev adına Respublika sarayı, “Hilton” oteli tədbirlərin məkanı kimi seçilərək təşkili dəstək göstərmişlər.
İSME 33-cü Ümumdünya Konfransı musiqi təhsili və tədqiqinin ən müxtəlif sahələrinə – xüsusi musiqi təhsili, musiqiçilərin sağlamlığı, musiqi terapiyası, jazz, populyar musiqi, uşaqlar üçün ibtidai musiqi təhsili, təcrübə və tədqiqat, musiqi texnologiyası, instrumental və vokal pedaqogika, professional musiqi təhsili və digər bölmələrə aid çıxış və məruzələri, təqdimatları, ustad dərsləri və konsertləri daxil etmişdir.
Konfransın çıxışları, təqdimat və konsert tədbirlərində jazz musiqisinə də geniş yer ayrılmışdır. Konfransın ilk iş günləri – 16-17 iyul tarixlərində BMA-nın Kiçik zalı və AMK-nın auditoriyalarında jazz bölümünün çıxışları keçirilmişdir.
Jazz bölümünün ilk təqdimatları günü Edvard Roy Orgill (ABŞ) “İmprovizasiyanın improvizə edilməsi”; Leandro Ernesto Maya (Braziliya) “Ayvan Linsin “Madalena” mahnısı əsasında Braziliyada mahnı bəstələmə ənənəsi”; Monika Hersiq (ABŞ) “Çik Koria yaradıcılığı: müşahidələr”; Robert Sabin (Avstraliya) “Vibrasiyanın kamilləşdirilməsi: müasir jazz müəllimi üçün dinamik məşq texnikası”; Enni Mitçel (ABŞ) “Müasir musiqi nəzəriyyəsi və təkmilləşmiş musiqi ifası üçün inteqral pedaqogika” mövzularında məruzə və təqdimatlarla çıxış etmişlər. Azərbaycan jazz’ı ilə bağlı problemlər BMA-nın müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyevanın “Azərbaycanda jazz təhsili problemi” təqdimatında və BMA-nın müəllimi Cəmilə Əmirovanın “Azərbaycan jazz tarixində təfsirin təkamülü” məruzəsində öz əksini tapmışdır.
Konfrans tədbirləri zamanı Monika Hersiqin, Edvard Roy Orgilin iştirakı ilə “Time Flies” qrupunun konsertləri və Azərbaycan jazz ifaçıları ilə cem-seyşn ifaları da baş tutmuşdur.
Final Tiles Gallery id=9 does not exist