Növbəti, XVI Bakı Jazz Festivalı 18-27 oktyabr tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “A+A” şirkətlər qrupunun bilavasitə təşkili ilə, eləcə də bir sıra başqa şirkətlərin və mətbuat orqanlarının dəstəyi altında baş tutdu.
Festival çərçivəsində “İ’m Jazzman” gənc jazz ifaçılarının beynəlxalq müsabiqəsi, dünyanın müxtəlif ölkələrindən gəlmiş jazz ifaçılarının iştirakilə konsertlər və ustad dərslər, jazz tematikası ətrafında toplanılmış kinofilm nümayişləri keçirildi.
Cəmi doqquz gün davam edən musiqi bayramının bu dəfəki iştirakçıları Norveç, Estoniya, ABŞ, Belçika, Rusiya, Braziliya, İtaliya, Almaniya, Türkiyə, Livan, Polşa, Mozambik, Vyetnam və b. ölkələrin musiqiçiləri oldu.
Azərbaycanı bu dəfə beş konsert axşamının iştirakçıları olmuş bir sıra jazz ifaçıları təmsil etdilər. Respublikamızı bir sıra ölkələrin jazz festivalları, müsabiqə və konsertlərində layiqincə təmsil etmiş gənc ifaçıların – Əfqan Rəsulun, Afşin Əlizadənin, Elbəy Məmmədzadənin, Nicat Aslanovun, Tural Rafayelin heyətlərinin konsertləri uğurlu keçdi. Bu qruplarla çalışan ifaçılar – Respublikanın əməkdar artisti Ruslan Hüseynov, Elvin Bəşirov, gənc musiqiçilərdən Həsən Bilalov, Nicat Paşazadə, Əli İbrahimzadə, eləcə də jazz ifaçılığına yenicə başlamış Fuad Cəfər, Sultan Hüseyn, Əli İbrahimzadə və b. konsert və jam-session’ların iştirakçıları oldu.
Respublikanın əməkdar artisti Tofiq Cabbarovun rəhbərliyi altında “Bakuba Jazz Band” qrupunun iştirakilə keçən təntənəli jazz gecəsi ilə festival tamamlandı.
Final Tiles Gallery id=40 does not exist