Mart ayı Azərbaycanda təkcə bahar fəslinin və Novruz bayramının müjdəçisi deyil, həm də incəsənət aləmində əlamətdar bir mövsümdür: Səttar Bəhlulzadə,Cabbar Qaryağdıoğlu, Hüseynqulu Sarabski, Vaqif Mustafazadə, Rafiq Babayev və digər artistlər kimi görkəmli şəxsiyyətləri dünyaya məhz mart ayı bəxş etmişdir.
16 mart 1940-cı il – görkəmli Azərbaycan jazzmeni, pianoçu və jazz bəstəkarı, “Leyli”, “Sevil”, “Qafqaz”, “Muğam” ansambllarının yaradıcısı və rəhbəri, Azərbaycan jazzının parlaq, klassik nümayəndələrindən biri olan, öz yaradıcılığında klassik meynstrim, etno-jazz, bibop və muğam ənənələrini birləşdirmiş Vaqif Əziz oğlu Mustafazadənin doğum tarixidir.
Vaqif Mustafazadə də, yaşca böyük müasiri Rafiq Babayev kimi, XX əsrin ikinci yarısında Azərbaycan cazının ən nümunəvi və görkəmli simalarından biri olmuş, Azərbaycan mədəniyyəti tarixində etno-jazz üslubunun nümayəndələrindən biri kimi tanınmışdır. Azərbaycan muğamlarının ənənələrinə əsaslanaraq, V. Mustafazadə də modal jazzın “jazz-muğam”adlanan yaradıcı şaxələrindən birinin əsasını qoymuşdur. Bir çox müsabiqələrin iştirakçısı, Tbilisi, Tallin, Moskva, Vilnüs, Kiyev, Riqa və s.şəhərlərdəki bir çox caz festivallarının laureatı olmuş V. Mustafazadə Sovet İttifaqının ən görkəmli ifaçıları sırasına daxil olmuşdur. 1979-cu ildə isə Mustafazadə “Əzizənin intizarında” adlı kompozisiyasına görə Monakoda keçirilən Beynəlxalq jazz kompozisiyası müsabiqəsinin Qranpri mükafatına layiq görülmüşdür.
Vaqif Mustafazadənin yaradıcılığı Azərbaycan mədəniyyətinin nailiyyətlərindən biridir. Onun irsinin öyrənilməsi və təbliği Azərbaycan Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu, V.Mustafazadə adına Xeyriyyə Fondu və onun ev muzeyi kimi bir çox dövlət və özəl müəssisələrin aparıcı məqsəd və vəzifələrindən biridir. Son illər ərzində bu istiqamətdə bir sıra tədbirlər və layihələr həyata keçirilmişdir ki, bunlardan 2019-cu ildə V.Mustafazadə adına Xeyriyyə Fondu və onun ev muzeyinin təşkili altında həyata keçirilmiş İqor Butmanın jazz klubunda Mustafazadənin xatirəsinə həsr olunmuş yaradıcılıq gecəsini və V. Mustafazadənin kompozisiyalarından ibarət not toplusunun nəşrini qeyd edəcəyik. 2020-ci ildə isə V.Mustafazadənin konsert yazılarından ibarət disklər seriyası, o cümlədən tanınmış jazz tənqidçisi Uillis Kannoverin giriş sözü ilə başlanan V. Mustafazadənin konsertini səsləndirən verilişin canlı yazısından ibarət diskin nəşri həyata keçirilmişdir. Disklər albomunun ərsəyə gəlməsi V.Mustafazadə ad.Xeyriyyə Fondu ilə birgə Azərbaycan-Amerika Musiqi Fondunun, eləcə də Şimali Texas Universitetinin birgə əməkdaşlığının nəticəsidir. Ötən ilin sentyabrında uzun təmirdən sonra Vaqif Mustafazadə adına İncəsənət Gimnaziyası yenidən öz qapılarını açdı. Tədris ocağının bərpası Heydər Əliyev Fondu tərəfindən təşkil edilmişdir.
Azərbaycan jazzının böyük ustası Vaqif Mustafazadənin işıqlı və əbədi xatirəsi daim yaşayıb və yaşayacaqdır! Sənətkarın ruhu şad olsun!