19.12.2019 – ŞƏRQ JAZZ ŞAHZADƏSİNİN YUBİLEYİ TAMAM OLUR

Onun dünya jazz səhnəsinə çıxışı ən böyük hadisələrdən biri idi. Publikanın ən çox sevdiyi, bir sıra görkəmli jazzmenlərlə – El Di Meola, Omar Hakim, Stenli Klark, Bill Evansla əməkdaşlıqda yaranan “Dance of Fire” xit albomundan sonra onu xarici mətbuatın ən gur rəyləri və fərəhli kəlmələri müşayiət edirdi.

Bu gün, 19 dekabr 2019-cu il, Şərq Jazz’ının Şahzadəsi, Jazziza’sı – görkəmli və dəyərli jazz ifaçısı Əzizə Mustafazadənin 50 yaşı tamam olur.

O əlamətdar gündən – atası, sovet və azərbaycan jazzının əfsanəvi jazzmen və bəndliderlərindən biri Vaqif Mustafazadənin öz konsertlərinin birində səhnəyə dördyaşlı qızı ilə çıxdığı və Əzizənin solo ifasında məşhur atasının triosu ilə onu müşayiət etdiyi həzin, oxunaqlı kompozisiya ilə çıxışından çox il keçmişdir. Həmin gündən etibarən Əzizə səhnəni tərk etmir, əksinə, öz məqsədinə – öz doğma atası və ustadı Vaqif Mustafazadənin musiqisini, ideyalarını və irsini davam etdirməyə inadla və həvəslə doğru irəliləyir.

Hal-hazırda Əzizə – Vaqif Mustafazadənin yaradıcılığının ilk və bilavasitə davamçılarından və təfsirçilərindən biridir.

Dünya jazz meydanında Əzizə Mustafazadə 1991-ci ildən etibarən çalışır. Otuz ilə yaxın bu müddətdə o, 10 albom yazdırmışdır ki, bunlar arasında “Dance of Fire”, “Always”, “Seventh Truth”, “Jazziza”, “Shamans” kimi albomlar böyük şöhrət qazanıb.

Əzizə bu günədək dünya publikasının sevib ehtiram bəslədiyi və tələb etdiyi jazz ifaçılarından biridir. Onun ifa sənətində kamil fortepiano texnikası, mükəmməl klassik zəmin ilə jazz təbiətinin dərindən duyumu, ifadəli vokal ilə klassik və jazz musiqisinin ən parlaq qovşaqları ahəngləşir. Onun yaradıcı axtarışlarının mərkəzində isə – atasının ənənələri durub, bir istinad nöqtəsi və bir talisman kimi əhəmiyyət daşıyır. Bunları Əzizə heç vaxt unutmur.

Öz vətəni Azərbaycanı və doğma Bakı şəhərini də Əzizə xanım heç zaman unutmur, çünki uşaqlığı, təşəkkülü və gözəl musiqi ənənələri onu bu diyara bağlayır.

Əzizə Mustafazadənin azərbaycan jazz səhnəsi hadisələrində sonuncu iştiraklarından biri də onun International Baku Jazz Festival-2007 çərçivəsində konsertidir ki, Baku Jazz Center təşəbbüs və təşkili altında gerçəkləşmişdir.

Dünya jazz ulduzu, vətənimizin fəxri və böyük istedadı, Azərbaycan Respublikasının Xalq artisti – Əzizə Vaqif qızı Mustafazadəni anadan olmasının yubiley tarixi münasibətilə təbrik edirik!

Tükənməz səadət, möhkəm can sağlığı, həqiqi məhəbbət, müvəffəqiyyət, ruzi-bərəkət və arzularının həyata keçməsini diləyirik! Qoy həyatınız müsbət emosiyalarla, sədaqətli dostlarla, fərəhli günlərlə dolu olsun! Sizə parlaq, nurlu və xoşbəxt hadisələr arzulayırıq!

Final Tiles Gallery id=44 does not exist

 

Fotoların müəllifi: Əqdəs Bağırzadə

xəbərlərə keçin
bar close