21.04.2018 – Jazzeri Bands

Artıq üçüncü ildir ki, “Jazzeri Bands” başlığı altında konsert proqramına gənc ifaçılar cəlb edilir.

Builki konsertə gənc şeypur ifaçısı Firudin Həmidovun “H3” heyəti, Afşin Əlizadənin və Nicat Aslanovun qrupları, müğənnilərdən – Leys İzzi təxəllüsü ilə çıxış edən Leyla İzzətova, Nərmin Kərimbəyova cəlb olunmuşdu.

Son zamanlar gənclərin fəal üslub axtarışları, məşhur xəlqi ya dünyəvi folklor ya estrada irsindən mənimsədikləri mövzulara maraqlı kaver-işləmələr və improvizələr diqqəti cəlb edir. Respublika sarayının səhnəsində “Jazzeri Bands” silsiləsində çıxış edən gənclərin də qəlbəyatımlı ifaları, onların parlaq, perspektivli simaları fonunda daha da ifadəsi artan məşhur mövzular – T.Quliyevin “Pəncərəmə qondu çiçək”, E.Mansurovun “Qatarlar” mahnısı, F.Sinatranın repertuarındakı “Love”, Alişa Kiz’in repertuarından “If I Ain’t Got You”, E.Uaynhauzun “Rehab” kimi hitlər səsləndi. F.Həmidovun “H3” kollektivi R.Babayevin maraqlı təfsir tapan “Düşüncə” əsərini və öz “Xallı”, “Fərqli” adlanan fusion-funk, ethno-hop üslublu kompozisiyalarını ifa etdilər.

Konsertin son, xoş ərməğan qismində təqdim edilən hissəsi – Etibar Əsədlinin çıxışı oldu ki, Bakı publikası sevimli cazmenini bir daha dinləmək imkanını qazandı. Jazz səhnəmizin tanınmış böyük ifaçılarından biri – Cəmil Əmirov və onun “Savab” qrupu konsertə etnocaz ovqatını aşılayan musiqisi ilə müqəddimə oldu.

xəbərlərə keçin
bar close