Azərbaycan milli nəfəs alətlərindən birinə ünvanlanmış jazz ithafı “Azerbaijan FolkJazz Quintet” adlı, istedadlı gənclərdən, jazz, klassik və xalq musiqi ifaçılarından ibarət qrupun təşəbbüsü və bilavasitə təşkili altında baş tutdu.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdindəki Opera Studiyasının zalında gənc jazzmenlər, beynəlxalq jazz festivallarının laureatları olan pianoçu Afşin Əlizadə, bas-gitaraçı Nicat Paşazadə, saksofonçu Aydın Zeydullayev, zərb alətləri ifaçısı Həsən Bilalov və balaban ifaçısı, Nyu-Yorkda “American Protégé Competition” müsabiqəsinin birinci mükafatı laureatı, bir çox beynəlxalq müsabiqə və festivalların, Carnegie Hall, Montereydəki Sunset Center-də konsertlərin iştirakçısı, İtaliyada klassik ifaçılar müsabiqəsinin “İlin ən yaxşı nəfəs aləti ifaçısı” nominasiyasının qalibi və qızıl medalçısı, prezident təqaüdçüsü Nicat Məsimovun iştirakı ilə keçdi.
“Rebirth of Balaban” (Balabanın intibahı) – kimi obrazlı sərlövhə altında konsertin proqramı əsasən jazz-rock standartları ilə konsert iştirakçılarının öz kompozisiyalarından ibarət idi: Yellowjackets qrupunun “Timeline”, Tom Kosterin “Pharaoh’s Jig” adlı jazz standartlarına improvizələr, Adil Bəbirovun “Konsert pyesi” əsəri əsasında jazz kompozisiya, Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından Gülçöhrənin elegiyası, musiqiçilərin öz əsərləri – Afşin Əlizadənin “Eskiz”, Nicat Məsimovun “Dedication”, Aydın Zeydullayevin “House of reptiles” bəstələri səsləndi.
Bir sözlə, jazz-rock, fusion və folk-jazz cərəyanlarında bəstələnmiş musiqi pyeslərində balaban müxtəlif çalarlar qazanaraq, proqramın əsas üslub başlınğıcı ilə ahəngləşdi.
Musiqi axşamı dahi Üzeyir bəyin qələminə məxsus daha bir şah əsəri – Azərbaycanın milli himni ilə tamamlandı.
Beləliklə, “Azerbaijan FolkJazz Quintet” heyətinin təqdimatında etno-jazz axşamı öz bilavasitə, təbii gedişatı, publikanın hərarətli alqışları, iştirakçıların səmimi nitqləri ilə yadda qaldı.
İştirakçılar “Rebirth of Balaban” layihəsinin dəstəklənməsində böyük təşkili yardım göstərmiş sponsorlara – Ü.Hacıbəyli adına BMA-nın rəhbərliyinə, eləcə də televerilişlər aparıcısı Suna Kasımoğluna öz dərin minnətdarlığını bildirdi.