Hər il Norveçdə Bergen şəhərində cazsevərlərə yaxşı məlum “Natt Jazz Festival” keçirilir və ənənə üzrə sardina fabrikasının ərazisində USF Verftet (United Sardines Factory Verftet) məkan alır.
“Gecə Jazz Festivalı” mənasını bildirən “Natt Jazz Festivalı” – yaz-yay fəslinin uzunmüddətli jazz bayramlarından olub, əsasən müasir jazz’a üstünlük verir. Festival təqdim etdiyi üslub və cərəyanların, janrların rəngarəngliyi ilə fərqli olub, çox zaman janr-üslub sərhədlərinin silinməsi və maraqlı qovuşmalarla, təfsirlərlə nəticələnən üslub vəhdəti ilə öz fərqli simasını qazanır. Bergen jazz festivalı öz gedişatı zamanı dünya jazz ulduzlarının, müasir yeni cazmenlərin və perspektivli gənc ifaçıların iştirakilə 80-ə yaxın konsertləri dinləmək imkanını yaradır. Konsertlərdən əlavə, burada yay jazz kursları, ustad-dərslər, sərgilər və jazz albomları ilə aksessuarlarının satışı da təşkil edilir.
2018-ci il festival 50-dən çox, müxtəlif ölkələrdən dəvət almış ifaçıları və qrupları topladı. Təbii ki, onların təqdim etdikləri proqram da rəngarəng və çoxüslublu idi. Ənənəvi mainstream jazz’ı isveç müğənnisi Bo Sündstromun qrupunda, funk-fusion – norveçlilərin çox sevdiyi “Cory Henry” qrupu ilə, folk-jazz – şimali-afrikalı üslublu Magic Spirit Quartetdə, neo-soul müğənni Rohey”nin çıxışlarında təqdim edildi. Norveç musiqiçilərindən ibarət olub, Qriq Akademiyasının müəllimlərini – gitaraçı Tomas Dal və basist Maqne Tormodsetteri daxil etmiş “Thomas Dahl & Court” kollektivi həzin, sərbəst avanqard jazz’ı ifa etdilər. Digər öndər perspektivli ifaçılardan pop-rock müğənni
Mariam The Believer (İsveç), Lyusia Kadoş (İsveçrə), reggi üslublu müğənni La Damme Blanche (Kuba), “Cortex” free-jazz qrupu (Norveç), Charlotte Doss Santos (Braziliya-Norveç), “The Young Mothers” qrupu (Norveç), “Philipp Gropper Philm”-in avanqard jazz’ı (Almaniya) və b. parlaq təəssürat bağışladılar.