Azərbaycanın musiqi mədəniyyətinə ağır itki üz vermişdir. 26 mart 2020-ci il məşhur “Qaya” ansamblının solisti, Azərbaycan respublikasının xalq artisti, “Şöhrət” ordeni laureatı, müğənni və pedaqoq Rauf Babayev ömrünün 82-ci ilində dünyasını dəyişmişdir.
Musiqiçinin dəfn mərasimi 27 mart İkinci Fəxri xiyabanda baş tutmuşdur.
Rauf Yusif oğlu Babayev 30 dekabr 1937-ci ildə anadan olmuşdur. İlk klassik musiqi təhsilini Asəf Zeynallı adına Musiqi texnikumunda, sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında almışdır. 1961-ci ildə “Qaya” jazz-estrada ansamblı yaradılarkən R.Babayev onun solisti kimi heyətə daxil olur.
“Qaya” ansamblı əbəs yerə əfsanəvi hesab edilmir. Sovet İttifaqında ən məşhurlardan biri olan bu heyətin iştirakı ilə neçə-neçə mahnılar, musiqili filmlər, konsertlər, kliplər xatirlərdədir. 50-dən artıq ölkəni gəzib ən samballı festivallarda çıxış edərək “Qaya” qrupunun üzvləri – Teymur Mirzəyev, Rauf Babayev, Arif Hacıyev, Lev Yelisavetski sovet və azərbaycan mahnı mədəniyyətini layiqincə təbliğ etdirmişlər.
“Qaya” qrupu sovet və azərbaycan jazz mədəniyyətinə jazz və estrada musiqisi ənənələrini parlaq surətdə qovuşduran ilk heyətlərdən biri kimi daxil olmuşdur. “Qaya” eləcə də bir çox xalq və bəstəkar mahnılarının ifası və təfsirini yaratmış əvəzsiz heyətlərdən biridir.
“Qaya” vokal kvartetinin ənənələri “Bəri bax” uşaq ansamblında (1995-2001), sonradan dövlət jazz ansamblı statusunu və “Qaya” adını almış heyətdə öz davamını tapmışdır. Bütün bu müddətdə ansamblın bədii rəhbəri Rauf Babayev olmuşdur. Onun məharətli idarəsi altında müasir azərbaycan jazz’ının istedadlı nümayəndələri Diana Hacıyeva, Anar Keytarman, Ülviyyə Rəhimova, Şölə Səfərəliyeva və başqa musiqiçilər formalaşmışdır.
“JAZZ FANS” Birliyi və www.jazz.az saytı musiqiçinin ailəsinə, həmkarlarına və yaxınlarına dərin hüznlə başsağlığı verir!
Ruhunuz şad, məkanınız cənnət olsun, Rauf müəllim!