27.08.20 FƏRİD HAYRULİN DÜNYANI TƏRK ETDİ…

2020-ci il avqustun 27-də azərbaycan mədəniyyət, jurnalistika və kütləvi media aləmi daha bir əvəzsiz itki verdi: Azərbaycanın əməkdar mədəniyyət işçisi, məşhur fotojurnalist, Jurnalistlər İttifaqının, Rəssamlar İttifaqının, Memarlar İttifaqının, Azərbaycan fotoqraflar Birliyinin üzvü Fərid Hayrulin vəfat etdi. Uzun illər mübarizə apardığı ağır xəstəlik, təəssüf ki, qalib gəldi.

Fərid Həbibulla oğlu Hayrulin 26 iyul 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. S.M.Kirov adına ADU-ni bitirərək, “Jurnalistika” ixtisası üzrə diplom almışdır. 1982-ci ildən etibarən Jurnalistlər İttifaqının Rəyasət heyətinin, 1989-cu ildən – SSSR Fotorəssamlar Birliyinin Rəyasət heyətinin üzvü seçilmişdir. 1984-cü ildən SİTA-nin Azərbaycan bölməsi olan “Azərinform” agentliyinin fotojurnalisti kimi çalışmışdır. 1992-ci ildən Azərbaycan-Tatarıstan Assosiasiyasının vise-prezidenti vəzifəsində işləmişdir. 1988-ci ildən etibarən “Azərinform” agentliyində çalışarkən, Fərid Hayrulin Dağlıq Qarabağdakı hadisələrlə bağlı müxtəlif mövzuları işıqlandırmış, lakin informatik mühasirə ucbatından bütün bu materiallar yalnız xarici mətbuatda işıq üzü görmüşdür.

Onun fərdi fotosərgiləri dünyanın müxtəlif ölkələrində baş tutmuşdur. Fərid Hayrulin bütün yaradıcı fəaliyyəti boyu ölkəmizin həyatının, mədəniyyətinin, siyasi və ictimai həyatının foto salnaməsini yazmışdır. Ona sifarişlər edən ümumdünya təşkilat və birliklər, şirkətlər və dövlət müəssisələri sırasında bir çox məşhur adlar durur: Azərbaycan Respublikası Prezidentinin Rəhbərliyi, Azərbaycan Respublikasının Mədəniyyət (sabiq Mədəniyyət və turizm) Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, “Azərbaycan Mədəniyyətinin Dostları” Fondu, UNESCO, UNİCEF, Azərbaycanda Avropa Birliyinin Nümayəndəliyi, Azal, AzEuroTel, Turan agentliyi, Statoil, Unocal, Zaman, Total, Azərbaycan Səhmdarlar Konfederasiyası və s.

Lakin, jazz həvəskarlarının yaxşı yadındadır ki, Fərid Hayrulin Azərbaycanın jazz həyatını da əks etdirən əsas fotomüxbirlərdən biri omuşdur. Onun kamerası mədəni və musiqi həyatının tükənməz hadisələrini həkk etmişdir ki, bunlar içərisində müxtəlif illərdə Bakı Beynəlxalq Jazz Festivallarından çəkilmiş fotoalbomlar onun böyük bir irsini təşkil edir. Bakı Beynəlxalq Jazz Festivallarının ən əlamətdar keçirilişləri isə – 2005-2007 illərdə Bakı Jazz Mərkəzinin , “Premier Ltd Art Management” prodüser agentliyinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilçiliyi altında baş tutan festivalların Hayrulinin fototəfsirlərində çəkilişləri isə bir çox dərgilərin və virtual məkanların, o cümlədən Bakı Jazz Mərkəzi nəzdində yaradılmış jazz.az saytı ilə “Jazz Dünyası” jurnalının səhifələrini bəzəmişdir.

“Mənim üçün hər zaman əsas olan – yaradıcı amildir. Mən gördüyüm işdən, çəkdiyim zəhmətdən həzz almalıyam. Bir növ verilən mövzuya bir inşa kimi. Nə etməyin lazım olduğunu dəqiq bildikdə, işləmək maraqlı olur. O zaman qısa hekayə deyil, həqiqi roman əmələ gəlir, maraqlı detalları hasil edirsən. Fotoqrafın öz ustalığı – hər bir kadrın əsasıdır. Gördüyü iş barədə daim düşünməyən, bu gün nəyin aktual olduğunu və sabah nəyin vacib olacağını anlamayan Sənətkar ola bilməz”

– bu, Fərid Hayrulinin fikirləridir.

Sizin və zəngin yaradıcı aləminizin tutduğu yer hər zaman görünəcək, əziz Fərid müəllim! “Jazz’ın Dostları” İctimai Birliyi və www.jazz.az saytının yaradıcı heyəti adından Fərid Hayrulinin ailəsinə dərin hüznlə başsağlığı verir, ailəsinə can sağlığı və səbr diləyirik! Allah rəhmət eləsin!

xəbərlərə keçin
bar close