28.04 – 30.04.2018 SANKT-PETERBURQDA BEYNƏLXALQ JAZZ GÜNÜ

2018-ci il 30 aprel Sankt-Peterburq şəhərində VII Beynəlxalq Jazz Gününün təntənəli açılış mərasimi keçirilmişdir. Tədbir Ermitajın Baş qərargahında məkan almışdır. Rusiyanın şəhərləri sırasında məhz Peterburq bu dünya miqyaslı və bütün dünyada sevilən musiqi bayramını qəbul etmişdir.

2011-ci il noyabr ayında təhsil, elm və mədəniyyət üzrə Birləşmiş Millətlər Təşkilatı (UNESCO) jazz’ın yer üzünün bütün guşələrindəki insanların birləşməsində xüsusi diplomatik rol oynamasını qabartmaq məqsədilə, 30 aprel tarixini rəsmi olaraq Beynəlxalq Jazz Günü elan etdi. UNESCO-nun Baş direktoru İrina Bokovanın 2017-ci ildə təsdiqlədiyi beynəlxalq münsiflər heyətinin qərarına əsasən, 2018-ci il üçün Beyənlxalq Jazz Gününün paytaxtı olaraq Sankt-Peterburq şəhəri seçilmişdi. Bu fakt isə jazz musiqisi sahəsinə Rusiyanın və onun mədəni paytaxtının verdiyi mühüm töhfənin tanınılması faktını təsdiqləyir.

Rusiyanın xalq artisti, tanınmış saksofonçu İqor Butman hadisə ilə bağlı nitqində bu fikirlərini etiraf etdi: “Beynəlxalq Jazz Gününün Sankt-Peterburqda keçirilməsi ideyası 2017-ci ildə keçirilən jazz forum-festivalının Mədəni forumu zamanı yaranmışdı. O zaman biz öz əməkdaşlarımıza sübut etdik ki, bizdə, Rusiyada gözəl musiqiçilər və heyrətamiz publika var ki, onların yaş müxtəlifliyi dünyada insanları heyrətləndirir. Rusiyada jazz musiqisi bütün dövrlərdən keçərək – sevgi, nifrət, fərəh və təhqir mərhələlərini yaşayıb. Çətinliklərə rəğmən, jazz öz xilasını tapa bilmiş və ölkəmizin mədəni məkanında böyük bir yeri tutmuşdur. Jazz Günü – dünyanı birləşdirmək və bizim gözəl ölkəmizi, bizim qəlbiaçıqlığımızı və qəlbigenişliyimizi göstərmək üçün gözəl bir imkandır”.

“Xalqlar fiziki cəhətdən bir-birindən təcrid olunmuşdur və bu sərhədləri ləğv etmək mürəkkəb işdir. Lakin biz jazz’dan bir diplomatik alət, vasitə kimi istifadə edərək, mədəni baryerləri silmək iqtidarındayıq. Bu musiqinin köməyi ilə biz öz ümidimizi, hər bir jazz cəmiyyətində toplanmış meyarları ifadə edirik” – fikri isə UNESCO-nun xoş məramlı səfiri, əfsanəvi jazz pianoçusu və bəstəkarı, 14-cü “Qremmi” mükafatının qalibi Herbi Henkok tərəfindən səsləndirildi. O, əlavə etdi: “Jazz – bütün dünya insanlarını birləşdirən və bir-birinə hörmətlə yanaşıb əməkdaşlıq etməyin mümkün olduğunu sübuta yetirən qeyri-verbal dildir”.

Rusiyada keçirilən Beynəlxalq Jazz Gününün təşkilçiləri – UNESCO, Telonius Monk adına Jazz Institutu (ABŞ), Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Sankt-Peterburq hökuməti, musiqi sənətinin dəstəklənməsi və inkişafına xidmət edən İqor Butman Fondudur.

Beynəlxalq Jazz Gününün proqramı konsertləri, eləcə də geniş təhsil proqramını, tematik kinoseansları və sərgiləri daxil edirdi. “Club Night” gecə əyləncə proqramı da buraya daxil olub, üç gün ardıcıl davam etmişdir.

30 aprel “Mariinskiy-2” teatrının səhnəsində “All-Star Global Concert” keçirilmişdir və artıq yeddinci dəfə müxtəlif mədəniyyət, dil, musiqi üslublarının daşıyıcılarını və bütün planetin ən məşhur cazmenlərindən ibarət misilsiz heyəti bir səhnədə toplamışdır. Qala-konsertin bədii rəhbərləri dünya şöhrətli jazz pianoçusu, 14 “Grammy” mükafatının qalibi və XX əsrin ən nüfuzlu jazz musiqiçilərindən biri, Beynəlxalq Jazz Gününün yaradılmasının təşəbbüskarı Herbi Henkok və Rusiyanın xalq artisti, 11 beynəlxalq festivalın prodüseri, məşhur saksofonçu İqor Butman olmuşlar.

Международный День Джаза в Санкт-Петербурге

Jazz axşamının artistlər siyahısını tərtib edən musiqi direktoru qismində isə məşhur pianoçu, prodüser, bəstəkar, Emmy və Grammy mükafatlarının çoxsaylı nominantı olmuş Con Bizli (ABŞ) çıxış etmişdir. Qala-konsertin səhnəsində iştirak məqsədilə o, bir çox rus jazz ifaçılarını seçmişdir ki, onlar sırasında David Qoloşyokin, Anatoliy Kroll, Oleq Akkuratov, Vadim Eylenkrinq, Oleq Butman və Moskva Caz orkestri qeyd olunmalıdır.

Beynəlxalq iştirakçılar heyətinə isə dünyanın ən məşhur və aparıcı jazz ulduzları:

  • Til Brönner (Almaniya),
  • Fatumata Diavara (Kot-d’İvuar),
  • Coy DeFrançesko (ABŞ),
  • Robert Qlasper (ABŞ),
  • Hassan Hakmun (Marokko),
  • Gilad Hekselman (İsrail),
  • Orasio Ernandes (Kanada),
  • Taku Hirano (Yaponiya),
  • Qaoyan Li (Çin),
  • Rudreş Mahanthappa (ABŞ),
  • “Manhattan Transfer” qrupu (ABŞ),
  • Brenford Marsalis (ABŞ),
  • Ceyms Morrison (Avstraliya),
  • Makoto Odzone (Yaponiya),
  • Danilo Peres (Panama),
  • Dayan Rivz (ABŞ),
  • Li Ritenaur (ABŞ),
  • Lusiana Souza (Braziliya) və Ben Uilyams (ABŞ) qatılmışlar.

Forumun açılma mərasimində Sankt-Peterburqda Beynəlxalq Jazz Gününün həmrəhbərləri – Herbi Henkok və İqor Butmanla yanaşı, T.Monk adına Jazz İnstitutunun prezidenti Tomas Karter, eləcə də Dövlət Ermitajının direktoru Mixail Piotrovski iştirak etmişlər. Açılma mərasimindən əvvəl və sonra gənc jazz kollektivlərinin çıxışları baş tutmuşdur.

“Biz şadıq ki, jazz’ın mədəni irsə çevrilməsi prosesində iştirak edirik. Muzey elə bir heyrətamiz məkandır ki, burada mədəni irs əbədi həyatına qədəm qoyur. Burada, dördüncü mərtəbədə Anri Matiss, Pablo Pikasso və digər rəssamların tabloları təqdim edilmişdir ki, jazz’ı heç vaxt dinləməmiş insanlar bu əsərləri anlaya bilməz.” – deyən M.Piotrovski öz salamlama nitqində belə etiraf etmişdir.

Rusiya jazz’ının tarixində ölkə ərazisində ilk dəfədir ki, bu kimi geniş saylı miqyasda əcnəbi və rus musiqiçiləri toplaşmışlar. Beynəlxalq Jazz Günü jazz birliyinin ən məşhur və mötəbər nümayəndələri qarşısında rus jazz mədəniyyətinin bütün aspektlərini təqdim etmək üçün imkan yaratmışdır. Jazz Günü nəinki Sankt-Peterburq kimi mədəni paytaxt, eləcə də bütün Rusiya üçün olduqca əhəmiyyətli mədəni hadisədir.

xəbərlərə keçin
bar close