28-30 aprel 2018-ci il Rusiyanın ən gözəl şəhərlərindən biri olan Sankt-Peterburqda keçirilən VII Beynəlxalq Jazz Gününün tarixi oldu. Misilsiz görkəmi, möhtəşəm imperiya keçmişinə malik, öz baleti, təsviri sənəti, teatrı və peterburq jazzmenlərinin yaratdığı məxsusi urbanistik jazz sənəti ilə dünya mədəniyyətinə böyük töhfələr gətirmiş şəhər kimi tanınmış Sankt-Peterburq tədbirin paytaxtı olaraq seçilmişdi. Üç günün ərzində baş tutan ənənəvi beynəlxalq jazz forumu möhtəşəm tədbirlərin – filarmonik və açıq havada keçirilən konsertlərin, ustad dərslərin, seminarların, kino təqdimatların, panel diskussiyaların və yekun qala-konsertin keçirilişi ilə qeyd olundu.
Tarixdən bəzi faktlar…
Bu ənənənin tarixi keçmişi belə gətirmiş ki, 2011-ci ildə təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatı 30 aprel tarixini rəsmi olaraq Beynəlxalq Jazz Günü kimi elan etmişdi. Yeni hadisəni elan etməkdə məqsəd – yer kürəsinin bütün guşələrindən olan insanları birləşdirməkdə yeni janrın xüsusi diplomatik rolunu vurğulamaq idi.
Beynəlxalq Jazz Günü. Möhtəşəm, geniş kütlələri toplamış miqyaslı forum kimi ən müxtəlif və ictimai-sosial şüarlı jazz tədbirlərini ehtiva edən bir ənənə olaraq əhəmiyyət qazanmışdır. Və şübhəsiz ki, bu, jazz adlandırılan musiqi dili vasitəsi ilə sülhə və həmrəyliyə, gözəlliyə, yaradıcılığa çağıran olduqca labüd, sosial-mədəni siyasət üçün zəruri bir artefaktdlr. Beynəlxalq Jazz Günü – dünya şöhrətli jazzmen, ictimai xadim və UNESCO-nun sülh məramlı səfiri, maestro Herbi Hənkokun ideya və təşkili altında və UNESCO-nun sabiq direktoru İrina Bokovanın dəstəyi ilə 2012–ci ilin aprel ayında baş tutmuşdur. Forumda əsas dəstəkçi ölkələr arasında Rusiya və Azərbaycan da olub, İqor Butman ilə İsfar Sarabskinin yaradıcı vəhdətinin timsalında iştirak etmişdi. “Hənkokun Dostları” yaradıcı ittifaqına daxil olmuş bu jazz ifaçılarının adları I Beynəlxalq Jazz Gününün proqramına daxil edilmişdi. Həmin il aprel ayında keçirilən ilk Jazz Gününə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə İsfar Sarabski UNESCO-nun baş qərargahında keçirilmiş I Beynəlxalq Jazz Gününün rəsmi qonağı qismində iştirak etmişdi. 30 aprel 2012-ci il baş qərargahın konsert zalında baş tutan məkan almış “All Star Global Concert” konsert proqramlnda El Cerou, Di Di Bricuoter, Tania Maria, Corc Benson, İbrahim Maaluf, Elian Elayas, mərhum Hyu Masekela və bir çox başqaları çıxış etmişdilər.
“Jazz – həmrəylik və sülhün rəmzi olaraq mədəniyyətlərarası dialoqa və bədii novatorluğa gətirib çıxaran bir qüvvədir”. Herbi Hənkok və onun Jazz Günü üzrə həmrəy-dostlarının açıqladığı şüarlardan biridir ki, sülh və həmrəyliyin kreativ həllinə aparan istiqamət kimi bu ümumdünya forumunun böyük miqyasını müəyyən edir və müxtəlif səciyyə və həcmə malik tədbirlərin intensiv gedişatı əsasında özünü doğruldur. Gün ərzində və axşam keçirilən konsertlər, kino təqdimatları, panel diskussiyalar, şou-keyslər, master-klasslar və s.kimi tədbirlər müxtəlif ölkə və qitələrdən olan musiqiçilər arasında yaradıcı ünsiyyəti inkişaf etdirmək məqsədinə xidmət edir. İlk Beynəlxalq Jazz Günündə Azərbaycanı təmsil edən ifaçı qüvvələrdən daha birisi – Salman Qəmbərov və onun rəhbərlik etdiyi “Bakustik Jazz” qrupu idi ki, onların ifasında qrupun “Lətif” adlı art-layihəsi və bir sıra jazz kompozisiyaları səslənmişdi. “Lətif” layihəsinin musiqisi ilə satirik qayəsi, iti və məzəli, təsviri jazz üsulları publika tərəfindən gur alqışlarla qarşılanmışdı.
Və sözsüz ki, ilk forumdan aldığımız unudulmaz təəssürat – son axşam qala-konsertində Herbi Hənkokun bütün iştrakçı ölkələrə təşəkkürü zamanı siyahıda Azərbaycanın adını ilk olaraq çəkib ən fəal iştrak edən ölkələrdən biri adlandırması ilə bağlıdır. Xatırladaq ki, Azərbaycan 2015-ci ildə də keçirilən IV Beynəlxalq Jazz Günündə fəal iştirak edib, bir sıra ifaçıların simasında təmsil edilmişdi. İsfar Sarabski qala-konsertin xüsusi qonağı və ayrıca konsertin kimi, Etibar Əsədlinin triosu (Ruslan Hüseynov və Elvin Bəşirov ilə) və Mircavad Cəfərovun “Cəngi” etno-estrada qrupu jazz-klublarda keçən axşam konsertlərində iştirak etmişdilər.
Beynəlxalq Jazz Gününün Rusiyada keçirilməsi fikri isə 2017-ci ildə UNESCO-nun beynəlxalq münsiflər heyətinin qərarına əsasən sabiq baş direktor İrina Bokovanın təsdiqi ilə yaranmışdır ki, bu fakt jazz janrının inkişafı və təbliğatında Rusiyanın, onun caz mədəniyyətinin mühüm rolunu sübut edir.
Peterburq və Jazz günləri
Sankt-Peterburq məxsusi jazz mədəniyyətinə malik bir şəhər kimi hələ 1900-cu illərin əvvəlindən məşhurlaşmışdır. XX əsrin əvvəlində əcnəbi jazz-bəndlər və müğənnilərin (Sem Vudinqin Chocolate Kiddies bəndi, Koretti Arle-Tis adlı müğənni və başqaları) qastrollarından sonra qısa bir müddətdə jazz-orkestrlər və şəhərin jazz heyətlərinin çiçəklənməsi dövrü baş verirdi. Bu heyətlərdən Leonid Terpilovskinin, Yakov Skomorovskinin, Aleksey Semyonovun, Georgi Landsberq və başqalarının orkestrləri biq-bend və diksilend növlü heyətlər kimi çalışırdı. Jazz sənətinin özəl mədəniyyətini yaratmış Peterburq musiqiçilərinin sayı az deyildir – bu barədə Vladimir Feyertaqın “Джаз от Ленинграда до Петербурга. Время и судьбы” (Jazz ot Leninqrada do Peterburqa. Vremya i sudbı) kitabında daha dərin və ətraflı söhbət açılır. VII Beynəlxalq Jazz Gününün keçirilişində isə Peterburqu təmsil edən iki əsas sima – Rusiyanın xalq artistləri David Qoloşyokin və İqor Butman oldu. D.Qoloşyokin hələ sovet dövründə öz ölkəsinin jazz mədəniyyətini maraqlı heyətləri və jazz layihələri ilə tanıdırdı. Sankt-Peterburq Jazz Filarmoniyasının yaradılması ideyası da məhz Qoloşyokinə məxsusdur və bu filarmoniyaya o, 20 ildən artıqdır ki, rəhbərlik edir. 29 aprel 2018-ci il baş tutan jazz forumunun ilk günündə keçirilən görüşlərin və panel diskussiyaların məkanı bu filarmoniyanın səhnəsi oldu.
Artıq qeyd olunduğu kimi, Jazz Günü – ardıcıl və sinxron davam edən tədbir və görüşlərin, müzakirə və konsertlərin sonsuz axınından ibarət kütləvi səciyyəli forumdur. Bu səbəbdən bu kimi miqyaslı hadisənin işıqlandırılması müxtəlif tədbirlər üzrə qruplaşmış böyük bir müxbirlər heyətinin toplanmasını tələb edir. Məsələn, forumun kulminasiyasını təşkil edən qala-konsert adətən forumun məzmunca ən asan tədbiri olub, auditoriya üçün bir çox dünya şöhrətli jazz ulduzlarını canlı görüb dinləməyə imkan yaradan musiqi axşamıdır. “All Stars Global Concert” jazz axşamının iştirakçıları adətən “Hənkokun Dostları” cəmiyyətinin üzvü kimi iştirak edir.
Digər tərəfdən, forumun təhsil-maarifləndirici və praktiki qayəsini daşıyan master-klasslar, diskussiyalar və digər tədbirləri əhatəli işıqlandırıb qiymətləndirmək problemi ortaya çıxır ki, bunun da səbəbi həmin sinxronluq ucbatındandır. Forumun mürəkkəb iş rejimi və qrafikini nəzərə alaraq, bu sətirlərin müəllifi ən əsas tədbirlər arasında seçim etmək məcburiyyəti qarşısında duraraq, bəzən hər hansı bir mühüm tədbir üçün digərindən imtina etməyə məcbur oldu.
Yaxşı ki, forumun əsas iki günündən əvvəl açıq səma altında məkan alan görüş və musiqi tədbirləri keçirildi. Aleksandrov bağının ətrafında qurulumuş və onun kənarlarında yerləşən səhnədə bütöv bir düşərgə olduqca faydalı və zəruri görüşlərin keçirildiyi rahat, xudmani məkan kimi yadda qaldı. Aset Samrayilovanın jazz vokal üzrə, Mariya Pravkinanın jazz rəqsləri üzrə master-klassları yaxşı yadda qalmışdı. Lakin, forumu daha ardıcıl və təfərrüatlı təsvir etmək məqsədilə forumun hər bir gününün qısa relizini təqdim edək.
Beləliklə, 28 aprel – forumun ilk günü kimi musiqi və jazzsevərləri müasir jazz ifaçılarının baş tutacaq nümayişinə köklədi. Yaxında qurulmuş palataların ətrafında çəpərlərlə əhatə olunmuş Aleksandrov bağı ərazisində yerləşən musiqiyə və açıq təbiət qoynunda görüşlərə həsr edilən günlər və axşamlar bir-birini əvəzləyirdi. İlk günün sübh cağı jazz kinofilmlərinin nümayişindən başlanıb, bir çox nəsillərin jazz duyumu və yaddaşında müəyyən izlər qoymuş və üç dövrə mənsub filmlərin – sovet tamaşaçılarının sevdiyi “Biz jazzdanıq”, postsovet “Kriminal blüz” , melodramatik xit olan “Təkidlik” və yenicə səs salan “La La Land” filmlərinin baxışına həsr olunmuşdu. Bəndəniz, çox düşünmədən, öz seçimini təbii ki müəyyən mənada unudulmuş kinomüzikl janrına yönəltdi – səbəbi də, sözügedən janra oyanan maraqdan doğan üstünlük idi, “La La Land” kinomüzikli isə məhz musiqisi, musiqili-xoreoqrafik məzmunu və parlaq rejissor quruluşu, şəhərlərin, amerika urbanistik jazzı ilə biq-bənd rəqslərinin musiqisi tamaşaçıları fəth edir. Hamılıqla tanınıb sevilən filmlərin kollektiv baxışı öz müsbət təəssüratlarını qoyub, Jazz Gününün təntənəli ruhuna həmahəng xüsusi bir ovqat bağışlayır.
VII Beynəlxalq Jazz Gününə Peterburqun da öz töhfəsi oldu – Fyodr Kuvaytsevin jazz-bəndinin iştirakı ilə tramvayla aparılan şəhər üzrə musiqi turnesi ideyası “Jazz tramvayı” adlı layihədə gerçəkləşdi. Korablestroyiteli küçəsindən Lenin meydanınadək dövr edən 6 saylı marşrut reys sərnişinlərini keçmiş illərin musiqisi ilə sevindirirdi. Tramvayın apardığı jazz turunun musiqi fonu erkən reqtaymlar, biq-bend standartları, bossa-nova və suinq xitlərindən ibarət idi. Bu, nəinki Sankt-Peterburqun mərkəzi üzrə turne, eyni zamanda jazz-swing retrosuna bir səyahət idi. Burada lirika ilə swing xitləri, rəngarəng amerikan üslublarının qovşağı erkən ənənəvi jazzın gözəl, dəbdəbəli, yaraşıqlı dəsti-xəttini gətirir. Jazz Gününün qonaqları və iştirakçıları, eləcə də caz həvəskarları üçün bu cür xoş hədiyyə Sankt-Peterburqun mədəniyyət və nəqliyyat komitələrinin dəstəyi ilə təşkil edilmişdi.
Forumun ilk günü…İkinci kadrın ilk yarısı auditoriyanı fəvvarələr ətrafında baş verən musiqi bayramının, rəqs edən və bayramın müxtəlif tədbirlərinə istiqamətlənən uşaqlarla gənclərin toplaşdığı bir bahar mühitinə aparır. Sankt-Peterburq Televiziyası və Radiosunun uşaq xoru və şəhərin Jazz orkestri dinləyicilərə zövq verir! Aleksandr Dovqopolının layihəsi, Andrey Kondakovun və Emi Pitersin musiqisi, afro-amerika müğənnisi Sara Makkenzinin füsunkar tembriu – bütün bunlar isə birbaşa master-klasslar keçirilən otaqlara uzaqdan gələn əks-sədalardır. Master-klass otaqlarında isə jazz rəqsləri üzrə Mariya Pravkinanın dərsi keçir: iştirakçılar zəngin ritmika və jazz rəqslərinin kollektiv ifası ilə ilhama gətirir. V.Feyertaqın “Adresa Piterskoqo djaza” mövzusunda çox gözlənilən mühazirəsi sonda təxirə salınsa da, bayramın ilk günü davam edib sona yetir.
Axşama yaxın isə A.Dovqopolının ifası ilə Daniil Nikitinin kvintetinin iştirakı ilə çıxışlar və jam-session gözləyir. Bəndəniz üçün yeni adlar tədricən çoxalır və yeni ifaçıların canlı ifasını dinləmək elə də asan deyildir.
29 aprel – forumun ən gərgin günü oldu. Daha çox master-klassların və panel diskussiyaların keçirildiyi o gün forumun, zənnimcə, ən dəyərli və zəruri idi. Elə buradaca operativ bir müxbir-əməkdaşın yoxluğu özünü göstərdi: sinxron keçirilən görüşlərin ən parlaq anlarını həkk etmək cəhdi göstərdiyimiz zaman operatorun olmaması böyük maneəçilik oldu. Təsəvvür etsək ki, iki maraqlı müzakirə Kört Ellinq və ya Li Ritenaurun master-klassı ilə üst-üstə düşür. Bu vəziyyətdən çıxmağın yolu isə – hər görüş və ya tədbirdən qısa fraqmentin çəkilməsidir.
Diskussiyalar və master-klasslar
Forumun ilk günü keçirilən diskusiyanın mövzuları “Jazzın sülhməramlı rolu” və “Jazz və xalq musiqisi” adlanırdı ki, bunlardan ikincisini daha da mahiyyətli və dinamik adlandırardım. Müzakirənin qonağı olan Rudreş Mahanthappanın kəlmələrini xatırlayıram: “Şərq ilə Qərbi qovuşdurarkən çox zaman bu məcburən edilir və musiqiçilər bir biri üçün deyil, sadəcə bir birinin yanında olub, hər kəs öz bildiyini ifa edir. Bu kimi prosesdə nadir hallarda vəhdət və üzvi bir nəticə əmələ gəlir. Mən bu məqsədlə müxtəlif mövzuları qovuşdurmağa çalışırdım”. “Tventa Tsventana” adlı kreativ folk-jazz qrupunun vokalçılarından biri. Tina Kuznetsova folklor musiqisinin əhəmiyyətini vurğuladı: “Xalq mahnısı ilə folklorun aqibəti bizim ölkəmizdə heç də ürəkaçıcı olmamışdı, belə ki, bizim tarixi mahnılarımızı tamamilə kökünü kəsmiş və qadağan etmişdilər. Bu günədək bir çoxlarının xalq mahnısına qarşı zidd münasibəti yaranır və onların təsəvvüründə bu, qeyri-aktual, olduqca köhnəlmiş və proqressiv, müasir və aktual olaylara qəti aidiyyəti olmayan bir başlanğıc kimi qəbul olunur. Lakin mənim üçün istənilən xalqın özəl soy musiqisi maraq kəsb edir. Xalq mahnısı olduqca canlı və qüdrətli bir təzahürdür. Və bu mahnılar böyük müalicəvi, energetik qüvvəyə malikdir. Mənim aləmimdə ən maraqlı və aktual məhz onlardır”. Böyük minnətdarlıq hissilə Andrey Kondakovun çıxışını qeyd etmək istərdim: öz xatirələrində sovet caz ustalarını anırkən, o, V.Mustafazadənin də yaradıcılığına yer ayırmışdı.
Və nəhayət bizi Anastasiya Lyutovanın çıxışı və Andrey Blinçevskinin kvarteti, Sergey Doljenkovun kvintetini təqdim edən konsertlər və ənənəvi jam-session gecəsini daxil edən axşam proqramı başladı.
30 aprel – məhz o əlamətdar tarixi gündür ki, UNESCO tərəfindən Beynəlxalq Jazz Günü kimi elan edilmişdir. Bu həmin tarixi gündür ki, onun geniş bir forum şəklində keçirilməsindən əvvəl və sonra sürətli bir rejimdə müxtəlif qitələrin və bölgələrin jazz birlikləri jazza həsr edilən müxtəlif tədbirləri gerçəkləşdirərək bayramın ümumdünya gedişatına qatılır. Banal səslənsə də, etiraf edək ki, ən güclü təəssüratlar forumun son günündə, Sankt–Peterburq Jazz filarmoniyasındakı, sonra isə “Mariinski-2” teatrındakı görüşlərdən başlayaraq həkk olunmağa başladı.
“Gün var əsrə bərabər” – Ç.Aytmatovun məşhur kəlməsi sözün ən pozitiv mənasında məhz bu tarixə – Beynəlxalq Jazz Gününə aiddir. Lakin onun məkani arxitektonikasına yeni məkanı – yenicə qurulmuş “Mariinka-2” teatrını əlavə etsək, teatrın imperativ-konstruktiv interyerinə erkən jazzın, müxtəlif retro-səhifələrin əks-sədası axacaq və birnəfəsə gedişatda ekzotik, şərqsayağı və ya sərbəst-avanqard jazz və tələbə heyətlərinin şou-keysləri ilə bir vəhdətdə cərəyan edəcək. “Mariinski-2” teatrının Musorqski, Stravinski, Prokofyev, Şostakoviç, Şedrin adına zalları öz rahat dizaynı, səhnəsinin həcmi və yumşaq akustikası ilə qəlbi oxşayır. Dahi caz ustalarının – M.Deyvis, L.Armstronq, D.Ellinqton və digər jazz korifeylərinin təsvirlərindən ibarət tablolar “Mariinski-2” teatrının bütün mərtəbələri üzrə yerləşdirilmişdir, jazz məzmunlu kitabların sərgisi və satışı isə forumun sərgi səciyyəli məzmununu təşkil edir.
Hər şey kifayət qədər professional və möhtəşəm təşkil olunmuşdu. Hər il forum çərçivəsində keçirilən “Jazz sənətində qadınlar” mövzusu ətrafında diskussiya bu il forumun son gününü açan ilk müzakirə idi. Şedrin adına zalda jurnalist, jazz tədqiqatçısı, “Jazz.Ru” portalının baş redaktoru Kirill Moşkovun sədrliyi altında və müxtəlif qitələrlə fərqli jazz missiyalarını daşıyan üç qadın ifaçının iştirakilə həmin müzakirə keçirildi. Mənşəyi Malidən olan folk-rok qadın müğənni Fatumata Diavara qadının yaradıcılığa mənəvi ehtiyacı qismində jazzın stimullaşdırıcı rolunu vurğuladı. “Nə üçün qadınlar alətlərdə hər zaman çala bilmir” sualına Diavaranın səmimi cavabı açıqlandı: “Bizim xalqda enerji baxımdan olduqca güclü, təsiredici milli alətlər – hətta demək olar, orta əsrə aid mali alətləri vardır ki, biz onları müasir musiqidə tətbiq etməyə çalışırıq. Həmin alətlərə kora, ginqiru, bolo-bolo, nqoni, tabala və başqaları aiddir ki, onları bizim xalqımız ifa tərzinə görə dini alət kimi də hesab edir və bu da qadınlar üçün müəyyən çətinlikləri ortaya çıxarır, hətta onların elə bir mərhələsi var ki, onlar alətə toxuna bilməzlər. Bu baxımdan ölkəmizdə ənənələrə ciddi riayət edirlər. Lakin bir neçə qadın musiqiçi var ki, bu alətlərdə ifa etməyə can atıbdır və bu da kimin isə əzablı həyat keçirməsi, digəri anadan kor dünyaya gəlməsi sayəsində ərsəyə gəlib. Lakin bizim nəsil bu vəziyyəti dəyişməyə cəhd göstərir və bu proses artıq baş verir. Mən istərdim ki, mənim dövrümə aid qadınlar bu dəyişiklikləri yaşasınlar və bunun gerçəkləşməsi üçün sadəcə müəyyən vaxt tələb olunur”.
Şon Kembell, Myanmedə Beynəlxalq Jazz Gününün təşkilçisi kimi öz fikirlərini bölüşərək, ölkədə jazz müğənnisinin formalaşması və karyera inkişafının çətinlikləri haqda söhbət açdı. Avstraliya vətəndaşı olan Şon Myanmedə 8 il yaşayıb yaratmış və son 5 il ərzində Jazz Gününə aid tədbirlər təşkil etmişdir. Həmin tədbirlərdən əvvəl Jazz Günü Myanmedə heç zaman qeyd olunmamış və bu dünyəvi ənənəyə qatılmamışdır. Rus jazz müğənnisi və diskussiyanın digər iştirakçısı Alina Rostotskaya söhbətə maraqlı professional çalar qatıb, müəllif jazz layihələrinin yaradılmasında ortaya çıxan çətinlikləri vurğuladı: “Müğənni fəaliyyətinə gəldikdə, etiraf edim ki, musiqiçi kişilər tərəfindən heç zaman sıxıntı çəkməmişəm, belə ki, əgər maraqlı ideya təklif edirsənsə, həmişə onlar dəstəkləməyə hazırdır. Lakin öz müəllif layihəsini ərsəyə gətirən musiqiçli kimi, deyim ki, ilk əvvəl müəyyən çətinliklərlə qarşılaşmışdım. Bu, rus dilinin səslənişi ilə bağlı idi, çünki bu dil jazz musiqisində heç səslənmirdi. Bu dili tətbiq edən repertuar əsasən sovet mahnıları və yaxud da jazz heyəti üçün işlənilmiş estrada musiqisi idi. Biz öz layihəmizi işləməyə başlayanda heç bir zəmin yox idi və sənin öz müəllif musiqini ifa etmək hüququnu qazanmaq çətin bir məsələ idi. Sovet vaxtlarından belə bir inam yaranmışdı ki, jazz yalnız ingilis dilində səslənməlidir. Və mənim rus jazzını təqdim etməyim ilk əvvəllər insanları şaşırırdı, hətta indiyədək elə insanlar, festival təşkilçiləri var ki, bunu düz üzümə bildirir ”.
Sözsüz ki, məzmunu ilə hadisələri zəngin bir jazz gününün tükənməz tədbirləri arasında ən maraqlı tədbirin seçiminə gəlib çıxdıq. Artıq qeyd etdiyim kimi, bizim üçün bu forumda keçirilən tədbirlərdən ən dəyərlisi – dünya jazzmenlərinin iştirakilə keçən master-klasslar və müzakirələr idi. Sinxron keçirilən, biri başlayıb-digəri qurtarmamış müxtəlif tədbirlər arasında T.Monk (2019-cu ildən isə – H.Hənkok) adına Jazz İnstitutunun müəllimi, professor Cey Bi Dayasın ustad dərsi cəlb etdi.
Prokofyev adına zalın səhnəsi “Yeni musiqi materialının öyrənilmə texnikası” adlı, ən aktual təcrübəvi məsələlərdən birinə həsr edilmiş master-klassa ayrılmışdı. İştirakçıları M.Musorqski adına Musiqi Kollecinin jazz-orkestri, bir neçə solist olmaqla yanaşı, tədbirin auditoriyası ən maraqlı iştirakçı kimi yadda qaldı.
Cey Bi Dayasın ustad dərsinin fənnini təşkil edən yeni materialın öyrənilməsinin texniki əsasları öz sadə anlatma dili, dürüst sistemlərşdirilmiş və tədrici mərhələlər əsasında qurulmuş, analitik metoda əsaslanan doqquz hissədən ibarət idi. Hər bir mərhələ müəyyən material ilə illüstrə edilirdi ki, onun öyrənilməsi və təhlilində həm orkestr həm də publika iştirak edirdi. Məşğələdən aldığım ən parlaq təəssüratları professor C.B.Dayasın qruplaşdırmasına uyğun surətdə paylaşmaq istərdim:
Dərsdən alınan xoş təəssürat həm də ifadə`edilən fikrin, nəzəri biliyin və ya metodiki göstərişlərin dərhal musiqi ilə təsdiqlənməsidir. Seçilən musiqi nömrələri isə eşitmə ilə yaxşıca qavranılmış modellər və mövzulara əsaslanırdı.
M.Musorqski ad.Musiqi Kollecinin direktoru, kollecin jazz orkestrinə rəhbərlik edən Sergey Boqdanovun bölüşdüyü fikirlər də maraq doğurdu: “VII Beynəlxalq Jazz Günündən əvvəl, 2017-ci ilin noyabr ayında İqor Butman və onun dəstəsinin təşkil etdiyi I Jazz forumu keçirilmişdi və artıq konsert və festivallarla bağlı vəziyyət artıq dəyişməyə doğru gedir: 10-15 il bundan əvvəlkidən tam fərqli yeni yollar yaranır. Avropa və Amerikadan əcnəbi musiqiçilər bizə qastrollara gəlir, əcnəbi musiqiçilərlə əlaqə genişlənmişdir. Lakin bu səpkidə hadisələr bizim məkanda ilk dəfə baş verirdi. Yəni – forumlar, musiqiçilərin, jazz üzrə mütəxəssisləşmiş jurnalistlərin görüşəcəyi meydanlar, sərgilər, gənclər üçün neçə-neçə master-klasslar, müzakirələr, şou-keyslər – ilk dəfə belə geniş miqyas alırdı. Ona görə də, Jazz Gününün 2018-ci ildə Rusiyada keçiriləcəyi haqda xəbərə təəccüblənmədik, belə ki, İ.Butman bu barədə çoxdandan tədbir görür və danışıqlar aparır. Jazz Foruma gəldikdə isə, məni oraya tədris bölməsində və jazz təhsili üzrə “dəyirmi masada” iştrak etməyə Pavel Şapoşnikov və Dina Nurqaleyeva dəvət etmişdi. Mənim tələbələrim isə kollec zəminində keçirilən master-klasslarda iştirak edirdi. Bəzi musiqiçiləri – Vadim Eylenkriq, Butman orkestrinin trampetçisi olan Pavel Julini, kontrabasist Makar Novikovu taparaq, master-klasslara cəlb edə bildik. VII Beynəlxalq Jazz günündə C.B.Dayasın master-klassında iştirak etməyi isə D.Nurqaleyeva təklif etdi və çox yaxşı ki, kollecimizin orkestrini oraya gətirə bildik. İştirakçı olduğumuz ustad-dərsindən çox məmnun olduq, – mən də, orkestr də çox müsbət təəssüratlar aldıq. Bizə bu səpkidə görüşlər lazımdır, belə ki, internetin açılmasından etibarən geniş informasiya zəmini də var, müxtəlif dərs vəsaitləri var, lakin jazz sənəti, jazz təhsili ənənəsiin bilavasitə daşıyıcıları ilə ünsiyyət olduqca vacibdir. Buna görə də xarici təhsil ocaqlarından gələn pedaqoq və musiqiçiləri dinləmək, onların istifadə etdiyi dil, nitq və ifadələri, öz fikirlərini, məlumatları necə dürüst və lakonik izah etmələrini öyrənmək bizim üçün zəruridir. Bir də ki, unutmayaq ki, ABŞ-da jazz təhsilinin bünövrəsi artıq 1940-cı illərdən Sten Kenton tərəfindən qoyulub, odur ki bu barədə biz hələ ki bir qədər geridəyik”.
QALA-KONSERT
30 aprel forumun günorta tədbirlərini tamamlayan panel diskussiyası VII Jazz Gününün ümumi məsələləri və yekunlarına həsr olundu. İştirakçılar qismində çıxış edən jazzmen, pianoçu Danilo Peres, Tunisdə jazz klubun direktoru Xulud Sula, xeyriyyəçi və təşkilçi Şon Kembell müzakirənin spikeri Mika Şinonun başçılığı altında forum haqda öz rəylərini bölüşdülər. Əvvəla, Tunisdəki jazz-clubun görüntülərindən ibarət treylerin buraxdığı təəssüratlar unudulmazdır. Xulud Sula Tunisdə jazz mədəniyyətinin inkişafı, jazz-clubun fəaliyyəti, Tunisin özünəməxsus jazz musiqisi və tunislilərin məxsusi jazz temperamenti haqda maraqlı söhbət açdı. Onun jazz musiqisi, onun gözəl instrumental ifası haqda, ifadəli və poetik ifanın əsas keyfiyyət olması haqda mülahizə və müqayisələri marq doğururdu. Şon Kembellin söylədiyi təkliflərdə öz ölkəsində Jazz Günü ilə bağlı tədbirlərin daha mütəmadi keçirilməsi və bu istiqamətdə məqsədyönlük, göstərilməsi övlət strukturlarının daha produktiv cəlb edilməsi vurğulandı. Mika Şinoya isə Azərbaycanı və ölkəmizi təmsil edən şərəfli qonaq qismində İsfar Sarabskini xatırladığı üçün bir daha təşəkkürlərimizi ünvanlayaq!
Bir sözlə, Sankt-Peterburqda keçirilən VII Beynəlxalq Jazz Gününü bu ənənənin ən parlaq və yaddaqalan keçirilişlərindən biri hesab etmək olar. Forumun bütün təşkilçilərinə alqış və təbriklərimizi çatdıraq. Jazz Gününü işıqlandırma vəzifəsini layiqincə yerinə yetirmiş və dünyanın fərqli bölgələrindən tədbirlərə qatılmış jurnalistlər dəstəsini diqqət mərkəzindən qoymayan Anna Kopılova başda olmaqla, dürüst və operativ mətbuat xidməti heyətinə isə xüsusi minnətdarlığımı bildirirəm.
Və sözsüz ki, “Mariinski” teatrının səhnəsində bütün jazz ulduzların iştirakilə keçən təntənəli qala-konsert müxtəlif ifaçıların – Dayan Rivs, David Qoloşyokin, Til Brönner, İqor Butman, Terri Lin Kerrinqton, Oleq Akkuratov, Taku Hirano, Qaoyan Li, Anatoliy Kroll, Kört Ellinq, Li Ritenaur, Coui De Françesko, Danilo Peres, Makoto Odzone və digər artistlərin çıxışları növbələndi. Maestro Hənkokun və qonaqların ifasında səslənən son bəstənin sədaları forumun piter publikası ilə gözəl ünsiyyətinin yekununu yaxınlaşdırdı. Con Lennonun məşhur “İmagine” mahnısı Dayan Rivsin solo ifasından başlandı və səhnədəki digər ulduzlar da bu əbədi himnin ifasına qatıldılar.
Beynəlxalq Jazz Gününün mahiyyət və önəmi UNESCO-nun baş direktoru Odri Azulenin kəlmələrində öz dürüst ifadəsini tapır: “Jazz – dil mənsubiyyətindən, siyasi baxışlardan və iqtisadi imkanlardan asılı olmayaraq, insanların qəlbinə həmişə yol tapır və tapmaqdadır. Belə ki, bu janr bəşəriyyətə aşıldaığı insan azadlığının, ləyaqətinin və hüquqlarının mədh traektoriyasına riayət edir. Jazz həyatın ani gözəlliyini, təkbaşına deyil, səfərbər olaraq riskə gedə bilmək hazırlığını, insan fərdinin və ya bir sıra insanların təsəvvürünə belə gəlməyən qeyri-məlum, hətta çox zaman dumanlıqlar arxasında gizlənən gizli imkanların tədqiqi və kəşfini aparmağa olan şücaətdir”. Şübhəsiz ki, Jazz Günü jazz təzahürünün yenidən dərk edilməsi istiqamətində tamamilə yeni bir yanaşma tərzini insanlara tanıdır – yəni bu gün JAZZ, bir sənət təzahürü kimi və möhtəşəm mədəni, yaradıcı bir sahə qismində əhəmiyyətini qoruyaraq, özünün yeni missiyası ilə üzvi vəhdət təşkil edir. Yəni, jazz – bəşəriyyətin birləşməsi və mənəvi yüksəlişində artıq bir vasitəçi qüvvə rolunu qazanmışdır.
Turan Məmmədəliyeva
musiqişünas