30.04.2020 – IX BEYNƏLXALQ JAZZ GÜNÜ – #JazzDayAtHome

Aprel ayı, ümumdünya mədəni-ictimai ənənəyə sadiq qalaraq, IX Beynəlxalq Jazz Gününün keçirilməsi ilə tamamlandı. UNESCO-nun təsis etdiyi bu bayram planetin müxtəlif qütb və ölkələrində keçirilir.

Hər il 30 aprel ümumxalq jazz bayramına müxtəlif mədəniyyətlər, gənclər, professionallar və ictimai xadimlər qatılır. UNESCO-nun xoş məramlı səfiri, məşhur jazz ustası Herbi Henkokun idarə etdiyi “Henkokun Dostları” (“Hancock’s Friends”) cəmiyyətində toplaşmış dünya jazz ulduzlarının əməkdaşlığı və xoş ünsiyyəti isə “Global Concert” adlanan qala-konsertlə sona yetir.

Jazz Gününə sahiblik etmiş paytaxtlar siyahısında Paris, İstanbul, Vaşinqton, Osaka, Havana, Sankt-Peterburq, Melburn kimi şəhərlər durur. 2020-ci ilin seçimi isə Keyptaun idi. Lakin COVID-19 pandemiyası ilə bağlı yaranmış gərgin vəziyyətin doğurduğu və ictimai-mədəni həyatın bir çox hadisələrinin gedişatını kəskin dəyişən qlobal dəyişikliklər International Jazz Day ənənəsində də öz təsirini göstərdi: keçirilişi Keyptaunda planlaşdırılan bütün forum tədbirləri “JazzDayAtHome” şüarı atında iştirakçıların onlayn-çıxışlarına virtual formata salındı.

Yaranmış qlobal vəziyyətin kəskinliyini və burada jazz musiqisinin birləşdirici, əlaqələndirici rolunu Beynəlxalq Jazz Gününün həmsədri Herbi Henkok öz çıxışında vurğuladı:

“Dünya vətəndaşları üçün bu müstəsna bir zəmanədir, odur ki, Jazz Günündə biz öz birliyimizin dəstəyinə, anlamasına və əməkdaşlığına görə ona minnətdarıq. Səfərbər qüvvə tək nikbinliyə, dözümlüyə və bərəkətə köklənərək, ailələrin, cəmiyyətlərin, ölkələrin yaşadığı bu problem üzərində çalışacağıq. İndi isə, gəlin öz qüvvəmizi birləşdirək və Jazz Gününün qlobal hərəkat etikasını bütün planet üzrə yayımlayaq və bundan qızıl bir vasitə kimi bəşəriyyətin bu xüsusi təcridolunma və naməlumluq mühitində xüsusən olaraq istifadə edək”.

Jazz Gününün 30 aprel keçirilmiş əsas proqramının tədbirlərinin təşkilinə, UNESCOnun rəhbərliyi altında bir sıra təşkilatlar – Lundis D’Hortens, La Noche En Vivo, Juca Jazz, Sagiya Foundation, Amerikalinjen, Jazz at Lincoln Center, New Orleans Jazz Museum, Mozi, Nasjonal jazzscene, Top-Noch, Canada Performs, Harmonia Jazzmuhely Alaptivany, Ankara Jazz Festival, Arthurs Blues & Jazz Club, Christine Tassan Music, Jazz Home Delivery, Managua Jazz Hub və b. qoşuldular.

“Global Concert” dünya jazz ulduzlarının – Con Maklaflin, Markus Miller, Di Di Bridcuoter, Coy De Françesko, Diana Rivs, Con Skofild, İqor Butman, Sesil Maklorin-Salvan, Ceyn Monheyt, koreyalı müğənni Na Yonnsun və başqalarının iştirakilə baş tutdu.

Bununla bərabər bir çox jazz’sevərlər üçün IX Jazz Günü yeni adların və bir çox gənc musiqiçilərin kəşfinə bir imkan oldu: El Robo və HollywoodBand, A Bu, Oran Etkin, HvKK Kartalları Orkestrası, Yevgeniy Pobojiy, Tarek Yamani, Luanda Koqvana, Norsk Jazzorkester & Gjester, Jazz Five, Duo Aftertee, multiinstrumentalist Robi Botos, Urban Orsi və Kolmann Qabor, Conatan Kreysberqlə Nelson Verasın gitara dueti, Kristin Tassan, Bİll MakBirni və başqaları öz ustad dərsləri və çıxışları ilə xatirlərdə qaldı.

Rusiyalı musiqiçilər geniş və zəngin proqram hazırladılar. “Rusiya bu gün” MİA və Koktebel Jazz Party festivalı Rusiya səhiyyə işçilərinə dəstək məqsədilə öz Doctor Jazz Party onlayn-marafonunu rus və xarici musiqiçilərin iştirakilə keçirdi.

#JazzDayAtHome onlayn-konsertinin iştirakçıları isə İqor Butman və Yevgeniy Pobojiy, Larisa Dolina ilə Anton Baronin, Mike Lisov и WOO FUNK (home collaboration), Kim Nazaretov adına Estrada-Jazz orkestri, One Night Band, Mussorgsky Jazz Orchestra, Dmitri Semenishshevin Kvarteti, PLANCK’sTONe qrupu, Maks Dorbeko və KOSMAXband, JP BIG BAND & Stas Bekker, LabER Band, Egor Tokarev & All Colors of Jazz, Ersh Band, Easy Winners qrupları, QUEENtet a cappella, Maksim durovun Kvinteti, Nikolay Olşanskinin Kvinteti, Viktor Çaplıginin Triosu, Alex Zavolokin Band, ProJazz Group ft. Mateusz Krautwurst oldular.

Beynəlxalq Jazz Gününə azərbaycanlı musiqiçilər də virtual formatda iştirak edərək qatıldılar. Sosial şəbəkələrdə və instagrammda yenicə fəaliyyət göstərən musiqiçilərin iştirakilə müxtəlif kliplər təqdim olundu.

Heydər Əliyev Fondunun təşkili və rəhbərliyi altında Azərbaycan Respublikasının əməkdar artistləri İsfar Sarabski və Ruslan Hüseynovun iştirakilə onlayn-konsert keçirildi. Xatırladaq ki, İsfar Sarabski H.Henkok tərəfindən rəsmi dəvət alaraq öz vətənini Beynəlxalq Jazz Gününün Qala-konsertlərində 2012 və 2015-ci illərdə təmsil etmiş və “Henkokun Dostları” cəmiyyətinə üzv seçilmişdir.

xəbərlərə keçin
bar close