31 mart 1936-cı il – Azərbaycan jazzının tarixində ən yaddaqalan günlərdən biri – Azərbaycanın görkəmli jazzmenlərindən və mədəniyyət xadimlərindən biri, xalq artisti, bəstəkar, pianoçu və pedaqoq Rafiq Fərzi oğlu Babayevin doğum tarixidir.
Rafiq Babayev öz kreativ prinsiplərinə və jazz yaradıcılığının yeniliklərinə görə 1960-cı illər, “altmışıncılar” nəslinə aiddir. Bu onilliyin bir çox nümayəndələri yazıçı Anar, şair Məmməd Araz, bəstəkarlar Aqşin Əlizadə, Xəyyam Mirzəzadə, Arif Məlikov, Fərəc Qarayev, jazzmenlər Vaqif Mustafazadə, Vaqif Sadıqov və digər incəsənət xadimləri kimi R.Babayev də öz fəaliyyət sahələrinə, xüsusən də öz dövrünün jazz sənətinə bir çox yeni töhfələr vermişdir. Azərbaycan xalq mahnılarının, aşıq və muğam musiqisinin səciyyəvi xüsusiyyətlərini meynstrimin ifadə sistemi və etno-jazz, jazz-rok, füjn kimi jazzın ən yeni cərəyanları ilə birləşdirərək Rafiq Babayev 1960-1990-cı illərdə jazzda xalq və müasir, orijinal və modelləşdirilmiş başlanğıcların misilsiz sintezinə nail olmuşdur. Onun fəaliyyətinin üç onillikdən çox tutarlı müddəti jazz meydanına bir çox jazz ansamblları ilə geniş heyətlərin gəlişi ilə nəticələnmişdir: “Qaya” vokal kvarteti ilə əməkdaşlıqdan tutmuş bir çox istedadlı ifaçıları cəlb etdiyi “Qobustan” (1983-1985), “Cəngi” (1984-1986, 1991-1994) etno-jazz kollektivlərinə, Azərbaycan radio və televiziyasının Estrada-simfonik orkestrinədək (1984-1989).
Rafiq Babayevin yaradıcılıq simasında onun çoxşaxəli istedadının daha iki parlaq təzahürü qovuşmuşdur. Azərbaycan bəstəkarlarının xalq yaradıcılığı nümunələrinin və estrada mahnılarının çoxsaylı işləmələrində, eləcə də azərbaycan bəstəkarlarının əsərlərinin orkestr aranjimanları kimi nəhəng işlərində o, özünü istedadlı təfsirçi kimi göstərmişdir. Onun özünəməxsus müəllif üslubu onun bir çox sənədli və bədii kinofilmlərə bəstələdiyi musiqisində, onun müxtəlif heyətlər üçün jazz kompozisiyalarında öz əksini tapmışdır. R. Babayevin parlaq, özünəməxsus interpretasiyalarında azərbaycan bəstəkarlarının bir çox mahnı və musiqi-səhnə şedevrləri – Fikrət Əmirovun, Cahangir Cahangirovun, Seyid Rüstəmovun, Tofiq Quliyevin mahnıları, Rauf Hacıyevin “Kuba – məhəbbətim mənim ” və “Ordan-burdan” operettaları və müxtəlif janrlarda bir çox başqa əsərlər yeni səslənmə qazanmışdır.
Bu gün, görkəmli jazzmenin doğum günündə və 85-ci ildönümündə biz görkəmli jazzmenin xatirəsini ehtiramla yad edib, onun ailəsi, dostları, həmkarları ilə birlikdə nurlu kədər hissi keçirir və sənətkarın xatirəsinin əsl jazz meydanında anılmasına böyük ümid bəsləyirik!
Ruhunuz şad, xatirəniz əbədi olsun, Rafiq Fərziyeviç!
Jazz.az