04-08 iyun 2018-ci ildə paytaxtımızda Bakı Yay Jazz Günləri (Baku Summer Jazz Days) keçirildi. Layihə yeganə kamera məkanı – Beynəlxalq Muğam Mərkəzinin səhnəsində keçirildiyi üçün bu şəkildə adlandırılmışdır. “Premier Ltd Art” prodüser agentliyinin rəhbərliyi və təşkilçiliyi altında keçirilmiş bu mini-festival, Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənərək dünya jazz ulduzlarının konsertlərindən ibarət 4 jazz axşamını daxil etmişdi. Beynəlxalq Muğam Mərkəzinin səhnəsi Nik Uest, Ceki Terrasson, Stefan Belmondo, Avişay Koen, Elçin Şirinov, Andras Deşin triosu və digərlərinin çıxışları üçün əsas məkan oldu. Festival çərçivəsində jazz’a pərəstiş edən rəssamların əsərlərindən ibarət sərgi də təşkil edilmişdi.
“Jazz Günü” formatı yarandığından etibarən zamanın düzəlişlərinə məruz qalıb, bəzi dəyişikliklərlə üzləşib: bir günün və ya bir sutkanın yarısını əhatə edən “gün” anlamı geniş əhatəli zaman həcminə sığışmış, konsertlərdən əlavə, ümumi mövzu altında birləşmiş müxtəlif tədbirləri daxil edən zaman miqyasına çevrilmişdir. 2012-ci ildən başlanan “Beynəlxalq Jazz Günü” UNESCO-nun ümumdünya ənənəsi kimi tarixə daxil olmuş və bir günə sığışan, lakin bir ay ərzində bütün dünya guşələrini cəlb edən jazz bayramının adına çevrilmişdir.
Lakin, bu yığcam şərhimizdə çaşqınlığa yol verməyək: qısa və şərti mənalı “Jazz Günü”-nü Baku Summer Jazz Days (Bakı Yay Jazz Günləri) adlandırılan jazz silsiləsi ilə çaşdırmayaq. Belə ki, Bakı Yay Jazz Günləri adını daşıyan bu yeni bayram ötən ilin yayında, 4-8 iyun tarixində yenicə baş tutan mini-festival kimi məkan alıb. 7 iyun tarixində Ramazan bayramı ilə üst-üstə düşən bu bayram, bir yığcam axşamda Beynəlxalq Muğam Mərkəzinin səhnəsində keçirilən “Jazz: Sərhədsiz və Qeyri-Məhdud” şüarlı konsertlərin timsalında sınaqdan keçirilmişdi. Həmin ilin iki jazz axşamı Fransa, Belçika, Türkiyə və Azərbaycanın musiqiçilərinin iştirakilə “Premier Ltd Art” prodüser agentliyinin təşəbbüsü və təşkili, eləcə də xarici səfirliklərin təşkili dəstəyi ilə keçirilmiş beynəlxalq layihə kimi təqdim edilmişdi. Azərbaycanı təmsil edən iştirakçı gənc cazmen və bəstəkar Elçin Şirinov idi.
Bir yığcam zaman kəsiyinə sığışan musiqi axşamı dinləyicilərə müasir jazz’ın xaricən oxşar, daxilən isə fərqli dəsti-xətləri daşıyan müxtəlif laylarına qərq olunmağa imkan yaratdıqda sözə ehtiyac qalmır. Bir dərgidə “Jazz: Sərhədsiz və Qeyri-Məhdud” kimi səciyyələndirilən həmin keçənilki konsert musiqiçilərin məktəb ya milli mənsubiyyətini heç duydurmayan o günün maraqlı başlanğıcı oldu. Bir halda ki, bir sıra jazz bəstələrinə drayv nəbzi verən möhətşəm fank akkordları fransız basisti Linli Martenin, yumşaq ritmik karkaslar, belçikalı zərbçi Stefan Qallanın, gözəl, həfif-akademik, parlaq romantik pafosa malik improvizələr azərbaycanlı pianoçu Elçin Şirinovun ifasında birləşir. O zaman ethno-funky-fusion üslubunda 2016-cı ildə yazılmış “Sunnyside” albomu ərsəyə gələ bilər. Linli Marte parlaq bas əsası yaradaraq, Elçin Şirinovun incə fiqurasiyalı fakturaya malik oxunaqlı, zərif kantilenası, ballada lirikasına qərq olaraq “Qız Qalası”, “Sarı Gəlin” kompozisiyalarında diqqəti cəlb edirdi. Bunlara yumoristik-məzəli bir kontrapunkt qismində qarşı qoyulan jazz bəstəsi isə “O olmasın bu olsun” musiqili komediyasından Məşədi İbadın kupletlərinin mövzusuna yazılmışdı. Ü.Hacıbəylinin əbədi komik musiqi mövzularından birki yarı-fank, yarı məzəli-rəqs ruhunda improvizasiyaya mövzu əsası oldu. E.Şirinovun burada öz parlaq təsdiqini tapan improvizasiya məharəti onun ethno-jazz üslub seçimini fərqli surətlər aləmində sərbəst dövr edən, mahnı obrazlılığından başlayaraq, istehzalı və karikaturalı görümə keçən rəngarəng obrazlar və görüntülərdə özünü əks etdirirdi. Bu isə, yeri gəlmişkən, pianoçunun çoxçalarlı ethno-jazz ünsürünə daha çox meylli olduğunu təsdiqləyir.
Türkiyədən təşrif buyurmuş “Öndər Focan & Biyikoğlu & Şallıel Bros” heyətinin iştirakilə keçən fantastik jazz axşamını isə türk post-bopu axşamı kimi səciyyələndirmək olardı. Səslənən musiqi məşhur türk jazz ifaçılarından biri, gitaraçı Öndər Focanın “Funkbook” albomunun təqdimatı idi. Son zamanlar öz ətrafına daha çox gəncləri cəlb etməyə çalışan Ö.Focan bu dəfə də həqiqətən istedadlı, perspektivli gənc ifaçılar olan Anıl və Batuhan Şallıel saksofonçu qardaşları və zərbçi Biyikoğlunu cəlb etmişdi. Onların məharətli ansamblı funk musiqisinin qüvvətli, enerjili, quruluşca isə post-bop ruhlu musiqi aləmi yaratdı. Dinləyicilərə sanki gümrahlandırıcı enercayzer bağışladılar: jazz brass, yəni mis nəfəslərin təravətli səslənişi, mis nəfəslilərin möhtəşəm təkanlarını, bi-bop musiqi quruluşuna istinad edən funk improvizələri fantastik bir təəssürat bağışladı – bu kimi silinməz təəssürat unudulmuş, lakin funk’sayağı yenilənmiş ənənəvi jazz’ın bəxş etdiyi anlar idi!
Həmin o bir axşam həcmindəki musiqi görüşləri Bakı Yay Jaz Günləri silsiləsinə ideya təkanı verdi.
Festivalın təşkilçisi, “Premier Ltd Art” prodüser agentliyinin rəhbəri Nəzakət Qasımova da bununla bağlı öz təəssüratlarını bölüşdü: “Zənnimcə, Bakıda yeganə bir festivalın keçirilməsi kifayət deyil. Bizim zəngin jazz tariximiz var və hal-hazırda bu musiqi növünə maraq daha da artmışdır. Keçən il bizim agentliyimiz hazırkı festivalın bir növ məşqi olaraq yay fəsli keçirilən Baku Summer Jazz Days ideyasını həyata keçirmişdi. Bu, Elçin Şirinov ilə əcnəbi musiqiçilərin beynəlxalq layihəsindən, eləcə də türk musiqiçiləri Öndər Focan və Biyikoglu kimi cazmenlərin çıxışlarından ibarət kiçik yay festivalı idi. Həmin bu ideya uğurlu olduğu üçün bu dəfə “Jazz Günləri”-nin sayı artdı. Ümidvaram ki, Baku Summer Jazz Days festivalı yayın turist fəslinə parlaq başlanğıc verəcək bir ənənəyə çevriləcəkdir. O zaman Bakıda jazz zəmini iki istinad nöqtəsini – “Payız Jazz Festivalı”-nı və bizim “Bakı Yay Jazz Günləri”-ni qazanacaq”.
Beləliklə, Bakı Yay Jazz Günləri Bakı dinləyiciləri üçün yığcam 4-8 iyun tarixlərində keçən dördgünlük (Ö.Focanın qəfil texniki səbəbdən təxirə salınmış konsertini istisna etsək) proqrama sığışan və təzadla düzülən jazz axşamlarından ibarət müasir jazz’ın tam bir kaleydoskopunu təqdim etdi.
Jazz festivallarını mühüm və təsiredici edən bir cəhət var. Bu, xaricən parlaq müasir olan, öndər ya avanqard təfəkkürü daşıyan, lakin mahiyyətcə klassik ifaçı kimi qalan bir ifaçının və yaxud heyətin iştirakıdır. Buna parlaq misal kimi, yay festivalının iştirakçılarından biri – amerika cazmeni, şeypur ifaçısı Avişay Koenin konsertini xatırlamaq olar. Öz adaşı – yeri gəlmişkən, 2016-cı ildə Bakı Jazz Festivalı-nın iştirakçısı olmuş – məhşur kontrabasist Koendən heç də geri qalmayan dahi musiqiçidir.
Final Tiles Gallery id=19 does not exist
Əminik ki, Bakı dinləyicilərinin bir çoxu şeypurçu Koenin soyadını free-ethno-jazz’ist olan kontrabasist Koenlə çaşdırmışlar. Lakin, Bakı Yay Jazz Günləri, bu çaşqınlığı aradan qaldıra bilmək nəsib olub: bu mini-festivaldan sonra məhz şeypurçu cazmenin – duyulacaq dərəcədə Mayls Deyvis təsirini özündə hələ də daşıyan, lakin eyni zamanda öz ifasındakı məxsusi cool-jazz nəfəsi ilə seçilən Avişay Koenin adı yadda qalacaq. Onun yaradıcılığı və üslubu ilə tanış olmayanlara musiqiçinin vizit kartı qismində onun 2016-cı ildə “D’Jazz Nevers Festival”-dakı çıxışını dinləməyi tövsiyə etmək olar. Koenin ifasında şeypurun səsi həmişə qabarıqdır və melodik-leksik dilinə görə olduqca zəngindir. Koenin improvizasiyaları səlis və bir-birinə sıx bağlanmış ifa tərzlərindən – M.Deyvisin sərbəst dünyaduyumundan tutmuş, Çet Beykerin səs genişliyi və incə haşiyələnmiş cool-jazz çalarları, eləcə də Con Koltreynin təsiri, onun gözəl və geniş səs üfüqlərindən toxunmuşdur. Koenin ifa üslubunda eyni zamanda Dizzi Gillespi, Freddi Habbordun timsalında bi-bop ənənələri, Koltreynin modal jazz xətti üzvi surətdə birləşir. Lakin Bakı Yay Jazz Günləri-ndəki təqdim olunmuş proqramda onun musiqisində ethno-jazz üslubu üstünlük təşkil edirdi. Pianoçu Yonatan Avişay, kontrabasist Yoni Zelnik, zərbçi Conatan Blək ilə bahəm təqdim etdiyi musiqi daha çox 1950-ci illərin modal jazz’ının dramataturgiyasına istinad edirdi. Şeypur ifaçısı Avişay Koenin kvartet heyəti ilə festivalımızda təqdim etdikləri jazz həqiqətən gözəl və möhtəşəm idi və yəqin ki məhz bu konserti bizim jazz həyatı və tariximiz üçün önəmli bir töhfə hesab etmək olar.
5 iyun Macarıstandan dəvət almış Andraş Deş’in triosu azərbaycanlı jazz pianoçu, əməkdar artist Elçin Şirinovla bahəm Maiden Tower (Qız Qalası) adlı müştərək ethno-jazz layihəsini təqdim etdi. Trionun üzvləri Andraş Deş (perkussiya), Marton Feniveşi (elektrik və akustik gitara) və Matyas Şandai (kontrabas) müştərək qastrollarda yaratdıqları kompozisiyalardan ibarət albom-layihəni təqdim etdilər. E.Şirinovun incə pianizmi, onun təqdim etdiyi jazz proqramının həmişə maraqlı mövzu seçimi dinləyiciləri biganə qoya bilməz, xüsusən də Macarıstandan təşrif buyuran klassik jazz kombosu ona qoşulduqda gözəl, həm akademik, həm də xəlqi üslubda improvizələr səslənir. Həm öz kompozisiyaları, həm də E.Şirinov tərəfindən işlənilən Azərbaycan xalq və bəstəkar mövzularına improvizələr – “Sarı Gəlin” xalq mahnısı, bəstəkar Adil Bəbirovun “Ana” (Mother) mövzusuna improvizələr, E.Şirinovun özünün bəstələdiyi “Maiden Tower” və “Lucid” kompozisiyaları ifa olundu.
Festivalın ən şən və əyləncəli, şou effektlərlə zəngin günü 7 iyun baş verdi: publikanı funk, soul, rhythm-end-blues üslublarında ən parlaq ifaçılardan biri, gitaraçı Nik Uestin iştirakilə jazz axşamı gözləyirdi. “Funk musiqisi həmişə sevimli və daimidir, çünki şəhər meynstriminin bir çox janrlarının rəngarəng səslənmələrini və publikaya zəruri gümrah və pozitiv ovqatı bəxş edir” – deyərək, konsertin dinləyicilərindən və jazz azarkeşlərindən biri belə etiraf etdi. Pop-funk ənənələrinin davamçısı, əfsanəvi ulduz Prinsdən təklif alan, olduqca professional, gözəl səhnə duyumuna və şou məharətinə malik Nik Uest füsunkar bir fank müğənni və publikanı fəth edən gözəl gitara ifaçısı kimi yadda qaldı.
Final Tiles Gallery id=20 does not exist
Bakı Yay Jazz Günləri-ni tamamlayan “Terramondo” duet layihəsi amerikalı jazz pianoçusu Ceki Terrasson və fransız cazmeni Stefan Belmondonun iştirakı ilə baş tutdu. Onu qeyd edək ki, Ceki Terrasson bir sıra klassik musiqi (Ravelin “Bolero”su, Emmanüel Payunun pyesləri və s.) və mahnı (fransız şansonları, “Marselyeza” himni, M.Leqranın mahnıları, kinofilm musiqisi) mövzularına işləmələri və improvizələri ilə yaxşı tanışdır. Onun klassik simalı dəqiq ifası, dürüst və aydın formalı, nəcib, zərif ifa tərzi dünya auditoriyasını fəth etmişdir. “Terramondo” – bu sərlövhənin özü bir çox çalarlar daşıyır: həm iki musiqiçinin improvizəli töhfələrinə işarə edən və onların soyadlarını bir sözdə qovuşduran, eyni zamanda da fərqli jazz aləmlərinə meyl edən iki jazz qəlbinin planetidir. C.Terrassonun cool və ənənəvi jazz’da ifadə tapan mainstream jazz keçmişinə meyl etməsi aydındır. Belmondo isə daha sərbəst, geniş formalara, sərbəst təfəkkürə meyl göstərir. Klassik mövzuların jazz kaver-versiyalarını tanıyıb sevənlərə, yəqin ki, Terrassonun “Smile” adlı albomu yaxşı tanışdır. Orada yer almış onun özünü bəstələdiyi bəzi kompozisiyalarında 1970-80-ci illərə xas fгnk və post-bop mainstream-i aydın üzə çıxır və artıq onun öz dəsti-xətti də hiss olunur. Bu, pianoçunun gözəl tuşe (səsə toxunma) və oxunaqlı kantilena üzərində böyük əməyində, dəqiq və aydın ənənəvi formalara, aydın harmonik qurumlara və dəqiq, qabarıq improvizələri seçməsində özünü əks etdirir. Həmin albomda M.Ravelin “Bolero”sunun, Deyv Brubekin “Mavi Rondo”sunun jazz versiyası var ki, öz orijinal versiyası ilə kəskin təzad təşkil etmədən, jazz-combo heyətinə çox asanlıqla köçürülür və ilhamverici səslənir. Ballada və mahnı lirikasının mahir bir ifaçısı kimi, Terrasson öz eleqant səs tembrini, yumşaq, oxunaqlı tuşesini, ad libitum sərbəst tempində ballada duyumunu əks etdirib. Bu cəhətlərini fransız şansonlarına ifa etdiyi bir sıra improvizələrində – Mişel Leqranın “Jardin en Hiver”, məşhur müğənni Edit Piafın rəmzi mahnılarından olan “Sous le Ciel Bleu”, Nat Kinq Koul tərəfindən ifa edilən və müəllifliyi Çarli Çaplinə məxsus “Smile” mahnısına və digər mövzulara bəstələrdə öz ifadəsini tapır.
Final Tiles Gallery id=18 does not exist
1960 və 1990-cıların ənənəvi jazz arsenalını bütünlüklə tətbiq edərək, Terrasson musiqini romantik dünyaduyumu ilə qavrayır və təfsir edir. Lakin onun musiqisi olduqca dəqiq, fərqli jazz qəliblərində (məsələn, “Mother” kompozisiyası) qurulan ballada və ya bossa-nova lirikasından tutmuş, pop-hit-lərin sərbəst təfsirlərinədək (S.Uanderin “You are the sunshine of my life”) ifadə tapdığı obrazlarla fərqlənir. Terrassonun fransız multiinstrumentalist cazmeni Stefan Belmondo ilə əməkdaşlığı 2012-ci ildən dünya üzrə birgə konsert turnelərindən başlamışdır. Yeri gəlmişkən, S.Belmondo özü Avropa və Amerika publikasının diqqətini cəlb edərək, orkestr üçün nəzərdə tutulan fransız cool-jazz’ının layihələrinə uyğun gəldiyi üçün tez-tez cəlb olunur. Onun professionallığı, çevikliyi, gözəl texnikasının formalaşmasında dünya ulduzları – Yosef Latif, fransız şanson dühalarından biri Mişel Leqran, bendlider və aranjimançı Gil Evans, müğənni Di Di Bricuoter və başqa ulduzlar ilə sıx əməkdşlıqda qazanılan zəngin təcrübə də böyük rol oynayır.
Baku Summer Jazz Days iyunun 8-də , jazz pərəstişkarlarının çoxdan gözlədikləri pianoçu Ceki Terrasson (ABŞ) ilə şeypur və zərb alətləri ifaçısı Stefan Belmondonun (Fransa) duet konserti ilə tamamlandı. Fransalı multiintstrumentalist-cazmen olan S.Belmondo ilə duet ifada onlar romantik, həzin və sadə bir jazz axşamı təqdim etdilər.
Cəmilə Əmirova, musiqişünas, BMA-nın müəllimi
Fəriqə Məmmədzadə, musiqişünas, BMA-nın doktorantı