“Barrell Jazz Nights” marafonu 2017-ci ildə 07-10 sentyabr tarixində “Yarat” yaradıcılıq mərkəzinin təşəbbüsü və təşkilçiliyi altında keçirildi. “Dostlarla bahəm caz” sentyabr ayının cəmi dörd gününü əhatə edib, Bakı dinləyicilərini – çoxdandan etibarən caz ab-havasında, müasir cərəyanların, qonaqlara bəslənilən xoş və mehriban rəftar və ən əsası dostluq və əməkdaşlıq münasibətləri mühitində yetişmiş bakı publikasını hər barədə yeni, xoş ovqatlı dalğaya köklədi. Uzun müddətdir ki, Bakı şəhəri mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın yaradılması və inkişaf etdirilməsinə xidmət edəcək bir körpü olubdur.
Yeni, yaraşıqlı Bakı bulvarında və Bayraq meydanına yaxın məsafədə yerləşən “Barrell Playground” əyləncə mərkəzi hamının ürəyincədir: bu meydanda publikanı nəinki gecə şəhərinin dənizlə bürünmüş gözəl mənzərələri, həm də buraya toplaşan bakı gənclərinin temperamenti, maraqlı layihələr və musiqi hadisələri üçün alternativ bir səhnə kimi yer tutması diqqəti cəlb edir. Barrell meydanını,ümüumiyyətlə, publika çöx sevir, çünki o, xoş, unudulmaz musiqi axşamları, konsertlər və görüşlərə gözəl məkan olacaq mühiti ilə onların zövqünü oxşayır və paytaxtımızın bu kimi gözəl əfsanəvi məkanı olan Yaşıl teatr ilə də xatirələr yaradır. Terrasda düzülmüş və səhnəyə yaxın duran kiçik və rahat masalar, onlardan əvvəl yerləşən içəri kafe diqqəti cəlb etdikcə, caz axşamları da qəlbəyatımlı olur. Musiqinin səslənişi öz gedişatında, dinləyicilər isə dənizə yaxın açıq məkanda əyləşib dəniz havasını udur, müzakirə və mübahisəyə qoşulur, festivalın xoş mühitino öz ünsiyyəti ilə tamamlayır.
…mütləq möhkəm gümrah drayv ilə , qabarıq improvizələrlə, Qafqazın müxtəlif xalqlarını birləşdirən gözəl melosla öz fərdiyyətini doğruldur. “Barrell Jazz Nights” marafonunun elə ilk günü gürcü və azərbaycan cazmenlərinin çoxdankı yaradıcı dostluğuna bir ithaf idi. Gürcüstanı Bakı cazmenlərinin yaxşı tanıdığı əməkdaşları – Zaza Tsertsvadze (zərb alətləri), Paata Andriadze (klavişli alətlər) и Levan Deisadze (bas gitara) təmsil edirdi. Gənc saksofonçu Khondzi G.Junk’ın paytaxtımıza ilk gəlişi yenilik idi və sonradan festival gecələrini tamamlayan cem-seyşnlərdə məhz onun iştirakı ən parlaq məqamlar bəxş edirdi. Xondzinin sonradan festival axşamlarındkı cem-seyşnlərdə iştirakı ən parlaq çıxışlardan biri kimi yadda qalmışdı. Onun ifaları üslub cəhətdən cilalanıb hazırlanmışdır. Xondzi G.Junk gürcü cazmeni, saksofonçu, Tbilisi Dövlət Konservatoriyasının rektoru Rezo Kiknadzenin yetirməsidir. Onun formalaşdığı mühit Tbilisinin “Kakha Bakuradze’s Movement Theatre”, yəni Pantomima Teatrının səhnəsi olmuşdur. Xondzi ilə bərabər gürcü cazmenləri caz mövzuları və öz bəstələrini daxil edən proqram təqdim etdilər. Bakıya ilk səfərini Xondzi belə izah etdi: “Özünəməxsus gözəlliyə malik Bakı şəhərinə ilk dəfədir ki, gəlirəm. Barrell Jazz Nights kimi pozitiv festivalda isə ilk iştirakımdır. Buna görə festival təşkilatçılarına – ilk növbədə “Yarat” kreativ mərkəzinə və Bakı Caz Klubunun direktoru Rüfət Ələsgərova öz minnətdarlığımı bildirirəm ki, mənim üçün bakılı əməkdaşlarımla ünsiyyət qurub bahəm ifa etmək imkanını yaratdılar”.
Yakov Okunun kvartetinin xüsusi təqdimata ehtiyacı yoxdur: Bakı caz ifaçılarının hamısının yaxşı tanıdığı Moskvadan təşrif buyuran Caz kvarteti 2006-2007-ci illərin Beynəlxalq Bakı Caz festivallarının, Bakı Caz Mərkəzindəki cem-seyşnlərin həmişə sevimli qonağı olaraq, xüsusi rəğbətlə qarşılanmışdır. Kvartetin ifasındakı caz musiqisi , onların öz kompozisiyalarının maraqlı sərlövhələri və quruluşu hər zaman yüksək professionallığı, enerjisi, bibop və kul-caz ənənələrinə gətirdiyi bir məxsusi təravəti ilə fərqlənir. Kvartetin ifa etdiyi meynstrim, bibop və kul-cazın ən mühüm ənənələrini qavrayıb təfsir etməklə heç zaman publikanı biganə qoymur. Onun geniş palitrası hər zaman dinləyici ilə təmasa istiqamətləndirilərək, publikanın yumor hissi, seyretmələri, duyğu və həyəcanlarına yönəldilir. Bu kimi çoxcəhətli musiqi proqramını biz Barrell Jazz Nights Festivalının ikinci axşamında dinləyə bilmişdik. Konserti Sergey Qolovnyanın “Don’t forget about swing” kompozisiyası, eləcə də öz bəstələri və işləmələrindən başlayaraq, öz blyuz kompozisiyası olan “Бирюльки” (Quramalar), “Pent up chaos” (Sonni Rollins mövzusuna) işləməsini səsləndirərək, Yakov Okun dünya caz standartlarından klassik mövzulara – “Plain Jane” (Sonni Rollinsə məxsus), “Midnight Sun” (Layonel Hemptona məxsus), P.Çaykovskinin “То было раннею весной” romansına işləməsinə, V.Bellininin “Norma” operasından “Casta Diva” ariyasına, Q.Donisettinin “Me voglio fa’na casa” mahnısına işləmələrinə keçib, klassikanı caz çalarları ilə məharətlə təfsir etmə istedadını bir daha nümayiş etdirdi. Moskvalı cazmenlərin publikaya ünvanlanan zarafatı da oldu. Sovet dönəminin ən populyar uşaq mahnılarından biri olan Antonio Spadavekkianın “Zoluşka” kinofilminə musiqisindən “Встаньте дети, встаньте в круг” mahnısı da caz işləmələrinə məruz qalıb dinləyicilərə şən, nikbin və mehriban ovqatla dolu əhval bəxş etdi.
Cənubi Qafqaz ünsürü də canlandı: Yakov Okun uzun illərdir əməkdaşlıq etdiyi sənət dostu, dünya şöhrətli opera müğənnisi Hibla Gerzmava üçün xüsusi işlədiyi bir bəstəni təqdim etdi. Abxaz mənşəli müğənniyə bir rəğbət hissi olaraq “Qaya haqda nəğmə” adlı abxaz xalq mahnısını məxsusi bir əzəmətli surətdə, nəhəng igid addımları tək möhkəm, akkord-sıldırımları ilə ifadə edib möhtəşəm, qüdrətli Qafqaza öz ehtiramını ifadə etdi. Kompozisiyanın məşhur “Footprints” standartı (Veyn Şorterə məxsus) ilə aydın sezilən bənzərliyi də diqqtdən yayınmadı. Kvarteti Yakov Okunla (piano) bahəm Sergey Qolovnya (saksofon), Vitaliy Solomonov (kontrabas) və David Tkebuçava (zərb alətləri) təmsil edirdi.
Caz axşamının səlis gedişatına qatılaraq, xatirələr dolu bir söhbətimiz də oldu. Y.Okunun xatirələrindən bəzilərini qeyd edək: “Bakıda çoxdandan olmuşdum – 1990-cı illərdə ən ciddi sovet cazmenlərindən biri German Lukyanovun heyətinin bir üzvü kimi qastrol səfərinə gəlmişdik. Gələn kimi də şəhərə məftun olmuş, onun mehriban, zərif, qəlbiaçıq və xoşrəftar insanlarını ürəkdən sevmişdim. Təbii ki, konsertimizdən sonra bakılı musiqiçilərlə də görüşüb yaxından tanış ola bildik. Bakı Caz Mərkəzi yaxşı xatirimdədir, – onun əsasını qoymuş təsisçisi və rəhbəri Nuru Əhmədov da olduqca layiqli bir insan və həqiqi, təmənnasız caz pərəstişkarı kimi cazın inkişafını dəstəkləyir, caz sənətinin irəliləməsi üçün bacardığı imkanları açırdı, buna görə ona xüsusi minnətdarıq. Caz mərkəzi paytaxtın ən gözəl guşələrindən biri idi, elə bir məkan idi ki, hələ keçmiş sovet dövrünün mehriban ab-havasına xas səsləri, ülvi və səmimi insaniliyi özünə hopdurmuşdu. Caz Mərkəzi mənim üçün bir çox gənc dostlarımı – İsfar Sarabskini, Elçin Şirinovu kəşf etmişdi. Erkən dostlarımdan isə ifasını çox sevdiyim Salman Qəmbərovu, eləcə də mənim rəhmətlik dostum, 2007-2010-cu illərdə Caz Mərkəzinin art-direktoru kimi çalışmış gözəl musiqiçi Emil İbrahimi qeyd etmək istərdim. Amma indi də bir çox gənc musiqiçilərin, yeni adların formalaşdığını nəzərə alıram. Onlar caz da, öz milli ənənələri muğamı da sevib dəstəkləyirlər. Buna sübut – onların keçirdikləri “Barrell Jazz Nights” festivalının cem-seyşn gecələri oldu. Gözəl ünsiyyətə görə festivalın bütün təşkilçilərinə minnətdaram!”.
Sanki keçmişlərdəki kimi!…Musiqiçilər bir-birilə görüşür, zarafatlaşır, musiqi və caz dilində yarışır, konsertlər gənc ifaçılaral köklənən cem-seyşnlərə keçir… Marafonun üçüncü günü – tanınmış pianoçu və bəstəkar, məharətli cazmen, əslən bakılı olub hal-hazırda ABŞ-da yaşayıb fəaliyyət göstərən Ruslan Ağababayev və dostlarının konserti məhz belə mehriban və gümrah mühitdə keçdi. Ona saksofonçu Luis Qodvin, zərbçi Endrü Etkinson və kontrabasist Edvard Peres müşayiət edirdi. Bakı haqda təəssüratlarını L.Qodvin bizimlə bölüşə bildi:
“Bakıya – bu təmiz və gözəl şəhərə ilk səfərimi mən hələ uzun müddət xatırlayacağam. Düzü, 97 şəhərdə olmuşam, və Bakı onlar arasında ən səliqləlisidir. Festival isə olduqca nizamla, yaxşı təşkil olunub. Ruslanın mənə məsləhət bildiyi bütün azərbaycan mahnları və digər musiqini ürəkdən sevdim. Ruslan özü gözəl ifaçıdır və mənim üçün Azərbaycan musiqisinin bir çox cəhətlərini ilk kəşf edən əməkdaşımdır”.
Beləliklə, bakı dinləyiciləri qarşısında fərqli bir dinamik, rəngarəng xalq musiqi çalarlarına meyl edən kvartet öz proqramını təqdim etdi. R.Ağababayevin “Balcan Blues” kompozisiyasının əlvan dəyişkən balkan çalarları dinləyicilərin qəlbini oxşayan musiqi kimi öz məqamında səsləndi. Tofiq Quliyevin “Zibeydə” standartını Ruslan və əməkdaşları rəqsvari, canlı və cəld improvizələrlə, oynaq latın-amerika ritmləri və çalarlarına köçürərək, öz şərq ruhlu intonasiyalara əsaslandığı vokal zümzümələri ilə müşayiət edirdi. Sonra V.Mustafazadənin əsərləri, xalq mahnılarına işləmələr zəngin etno-caz aranjimanında təqdim olunurdu. Heyətin digər üzvlərindən L.Qodvinin paytaxtımıza həsr etdiyi lirik, həzin kompozisiyasını da məmnuniyyətlə dinləyirdik.
“Barrell Jazz Nights” marafonunun son axşamı, təntənəli bir final tək, üç hissəyə ayrıldı və ən əvvəl “Bakustik Caz” heyətinin proqramı ilə açıldı. Bəstəkar, bəndlider və pianoçu Salman Qəmbərovun ənənəvi partnyorları – Emil Həsənov (bas-gitara), Tofiq Cabbarov (perkussiyalar), Vaqif Əliyev (zərb alətləri) çıxışlarını Çik Korianın “Windows” standartı ilə başlayıb, auditoriyanı əsil ənənəvi, köklü və meynstrim istiqamətində hardbop, nyubop üslublarına əsaslanan caza köklədilər. Ron Karterin “Little waltz ” mövzusuna improvizə aramlı gedişatla zəngin drayva malik post-bop musiqisinə, həzin, ilhamlı və səmimi səslənən Beatles mövzusu “Yesterday” çox gözəl, bir məlhəm tək səslənib gecənin ab-havasına nostalji nəfəsi bəxş etdi. Bakustik Caz öz instrumental musiqisini sona yetirdikdən sonra, heyətin daha bir mütəmadi üzvü, professional caz müğənni Səbinə Hacıyevanı səhnəyə dəvət edərək sonrakı gedişatı ona həvalə etdi. Cimmi MakHyu’ya məxsus “Too young to go steady”, Dizzi Gillespinin “Con alma” standartlarını seçən S.Hacıyeva öz sadə, xarici bəzək və ya effektlərdən uzaq lirik, həzin ifası ilə xəyalpərəst balladaların, kul-cazın məxsusi seyredici sadə ovqatını yaratdı.
Caz axşamının ikinci hissəsinə Cəmil Əmirovun “Savab” qrupu qoşuldu. C.Əmirov heyətin bəndlideri və piano-dilli alətlər partiyasının daşıyıcısı və repertuarın müəllifi kimi hər zaman seçilib, Emil Həsənov (bas), Vaqif Əliyev (zərblər) , Tofiq Cabbarov (perkussiyalar) və Mircavad Cəfərov (ud) kimi daimi əməkdaşlarının müşayiəti ilə öz bəstələrini, xalq mahnılarına improvizələrini ifa etdi. Bu, publikanın daim rəğbətlə qarşıladığı bir musiqi idi, – qrupun milli hərarətini, musiqiyə və publikaya olan canlı təmasını və sevgisini canlı olaraq çatdıran ilhamverici etnocaz dalğası idi.
Və nəhayət, marafonun təntənəli sonucu son zamanlar nadir hadisələrdən olan cem-seyşn hissəsi başlandı. Cem ifalarına fəalcasına qoşulan pianoçular – Salman Qəmbərov, Ruslan Ağababayev, Elbəy Məmmədzadə, saksofonçu Zaur Mirzəyev, şeypur ifaçısı Firudin Həmidov və digər musiqiçilər öz iştirakı ilə caz gecəsinin cem-seyşn toplantısını daha da zəngin edib, onu bir qədər açıq, qeyri-müəyyən sonucla vurğulayaraq “yeni görüşlərədək!” ovqatı ilə bitirdilər.
Hər festivalın ən mürəkkəb məsələlərinin təşkili, sözsüz ki, təşkilçilərin öhdəsinə düşür, və bu səbəbdəndir ki, məhz təşkilçi rəyinə ehtiyacımızı duyub, Bakı Caz klubunun direktoru Rüfət Ələsgərovun etirafını dinlədik: “Dördgünlük caz marafonunu keçirmək ideyası “Yarat” kreativ mərkəzinin ideyası və təşəbbüsü idi. “Yarat” mərkəzin üzvlərinə xüsusən minnətdaram ki, bir marafonun meneceri qismində məhz məni dəvət etdilər. Qısa bir müddətdə marafon tədbirlərinin təşkili elə də asan iş deyildi, lakin Bakı Caz Mərkəzindəki direktor vəzifəsində topladığım təcrübə bu vəzifənin bacardığım qədər öhdəsindən gəlməyə mənə imkan yaratdı. ABŞ-dan, Rusiyadan, Gürcüstandan gələn cazmen dostlarımızı, əməkdaşlarımızı toplaya bildim. Bizə bu dörd gün ərzində gözəl caz axşamlarını bəxş edən bütün dostlara, bütün musiqiçilərə öz təşəkkürümü bildirirəm. Xüsusi olaraq, “Yarat” mərkəzinə və onun təsisçisi Aida xanım Mahmudovaya öz dərin minnətdarlığımı bildirmək istəyirəm ki, caz marafonunun təşkilində biz dəstəklədi və onun dəstəyi sayəsində caz bayramının təşkili rahat və operativ alındı. Biz hamımız ümidvarıq ki, ölkəmizdə cazın fəal həyatı yenidən bərpa olunacaq və cazlı Bakı şəhəri yenidən canlanacaq!”.
MƏMMƏDƏLİYEVA TURAN, Musiqişünas
Redaksiyadan: Jazz.az saytının redaksiya heyəti “Visions of Azerbaijan” jurnalına onların dərc etdirdiyi məqalədən istifadə imkanına görə böyük təşəkkürünü bildirir.
Materialın mənbəsi
Final Tiles Gallery id=17 does not exist