Dekabrın 11 2019 ildə İstanbulda “Nardis Club”-da görkəmli pianoçu və jazz-muğam musiqi istiqamətinin banisi, bəstəkar, SSSR-nın əməkdar artisti Vaqif Mustafazadənin (16.03.1940 – 16.12.1979) vəfatının 40 illiyinə həsr olunmuş konsert keçirilmişdir.
Axşamın açılışında layihənin müəllifi və rəhbəri, Vaqif Mustazadənin qohumu Nigar Babazadə dahi Azərbaycan jazz’meninin həyat və yaradıcılığından söz açmışdır. Tədbirin keçirilməsində Türkiyənin məşhur jazz gitara ifaçısı Onder Focan da öz köməkliyini göstərmişdir.
Türk jazz triosunun – məşhur bəstəkar, pianoçu və jazz’men Kaan Bıyıkoğlu, bas-gitaraçı Şentürk Öztaş və zərb alətləri ifaçısı Ekin Çengizhanın ifasında Vaqif Mustafazadənin “Düşüncə”, “Mart ayı”, “Bayatı Şiraz”, “Tam tənha” kimi əsərlərini bənzərsiz bir aranjimanda ifa etdi. Trio, eyni zamanda, görkəmli azərbaycan bəstəkarı Tofiq Quliyevin “Sənə də qalmaz” kompozisiyasını, azərbaycan xalq mahnılarını, jazz standartlarını, Kaan Bıyıkoğlunun müəllif əsərlərini və Bela Bartokun əsərlərinin jazz üslubunda aranjimanlarını da təqdim etdi. Konsertin qonağı azərbaycan bəstəkarı və jazz’meni İlyas Mirzəyev, məşhur bəstəkar Musa Mirzəyevin oğlu, Vaqif Mustafazadənin tələbəsi oldu. Son illərdə o, Türkiyədə yaşayır və işləyir, Avstriya, Almaniya, Fransa və bir sıra digər ölkələrin musiqi həvəskarları onun əsərləri ilə tanışdır. “Blue, Red, Green” jazz kompozisiyası onun ifasında icra olundu.
“V.Mustafazadənin anım gecəsini böyük həvəslə gözləyirdim. Onun nəfis və misilsiz musiqisini ifa etmək mənim üçün böyük şərəfdir. Böyük məmnuniyyətlə öz əməkdaşlarımla onun kompozisiyalarını və Tofiq Quliyevin “Sənə də qalmaz” mahnısı əsasında bəstəmizi ifa etdik. Xatirə gecəsinin keçirilməsində Nigar Babazadəyə və Öndər Focana öz təşəkkürümü bildirirəm”- deyərək K.Bıyıkoğlu tədbir haqda öz təəssüratını bölüşdü.
V.Mustafazadə sənəti haqda türk jazz’ının öndər jazz’menlərindən və bəndliderlərindən olan Öndər Focan da öz fikrini etiraf etdi: “Onu deməliyəm ki, dahi azərbaycan jazz bəstəkarı və yeni jazz istiqamətlərindən biri olan Mustafazadənin musiqisini bizdə çox sevib yüksək dəyərləndirirlər. Təbii ki, bizim “Nardis Club”-da sənətkarın anım gecəsinin keçirilməsi ideyasını böyük həvəslə qəbul etdik və dinləyicilər görkəmli azərbaycan jazz’meninin musiqi aləmini böyük maraq və zövqlə sezib duydular”.
Artistlərin ifası Vaqif Mustafazadə haqqında foto və videomateriallar ilə müşayiət olundu və tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
Final Tiles Gallery id=45 does not exist