1 oktyabr qeyd olunan Beynəlxalq Musiqi Günü ərəfəsində Türkiyənin Alanya şəhərində 26-29 sentyabr tarixlərində “Musiqi qəlbləri fərəhləndirir!” devizi altında XVI Beynəlxalq Jazz Festivalı keçirildi.
Festival şəhərin mədəni həyatı ilə maraqlanan həvəskarlara, professional musiqiçilər və jazz kompozisiyaları ifaçılarının yaratdığı musiqini dinləyən və onu anlayaraq sevənləri musiqi ilə öz ağuşuna aldı.
Musiqi bayramında Azərbaycan, Rusiya, Fransa, Çernoqoriya, Türkiyədən gəlmiş jazz’menlər iştirak etdilər. Onlar Burcu Karadağ və “Ethno Jazz Project”, Lou Tavano, Funda Akyazıcı və “Yavuz Akyazıcı” Layihəsi, Alina Rostotskaya və Jazz Kvartet, Tahir Necat Özyılmazel və “Neco ve Cengiz Özdemir” kvarteti, “Tofiq Həsənsoy və Bakuba Jazz Band”, “Eser ve Meltem Taşkıran” Jazz qrupu idi.
Tamaşaçılar üçün oriyentir seçilən məkan 16-cı dəfə yenidən Kızıl Kule – Alanyanın rəmzi olan Qırmızı Qala oldu. XIII əsrin məşhur memarlıq abidəsi olan bu qalanın divarları altında səhnənin işıq və səs tərtibi köklənir, açıq səma altında müasir konsert zalı yerləşir və yüzlərlə jazz pərəstişkarlarını toplayır.
Jazz Festival həmişə olduğu kimi yüksək səviyyədə Alanyanın icra hakimiyyətinin, Alanyanın Turistik Operatorlar Assosiasiyasının (ALTİD), Alanyanın Turizmin İnkişafına Yardım Fondunun (ALTAV), TRT Music, Dream Tv, Dream Turk və radio kanallarının, eləcə də “Yay Bağı” klubunun himayəsi altında baş tutdu.
Bizim “Tofiq Həsənsoy və Bakuba Jazz Band” qrupumuz böyük müvəffəqiyyətlə çıxış edib, ifa etdiyi hər mahnıdan sonra şiddətli aplodismentlər qazandı. Layihəmin bütün iştirakçılarını qeyd etmək istəyirəm: professional jazz müğənnisi və solist, vokalçı, lirik bariton Tofiq Həsənsoy, zərb alətləri ustası Tofiq Cabarov (“Bakuba” qrupunun bədii rəhbəri), akkordeon ifaçısı Seymur Həsənsoy, pianoçu Nicat Aslanov, zərb alətləri Yevgeniy Manuxin və bas-gitaraçı Nicat Paşazadə.
Bizim konsertimizdə jazz həvəskarlarına azərbaycan, türk, amerika bəstəkarlarının öz dillərində ifa olunan mahnıları yeni fərqli, afro-kuba və latıno-jazz elementlərinin xalq aləti kimi tanınan akkordeonla vəhdətdə, muğam ünsürləri ilə qovuşmada təqdim olundu. Hər bir mahnının ifasından əvvəl Tofiq Həsənsoy tamaşaçılara Azərbaycan jazz’ının tarixindən, onun Vaqif Mustafazadə, Tofiq Quliyev və digər bəstəkarlar, eləcə də kompozisiyalar haqda söhbət aparırdı. Bütün kollektivin adından o, festivalın yüksək səviyyədə təşkili və iştirakçılara yaradılan xoş mühitə görə bütün tamaşaçılara, təşkilatçılara və sponsorlara öz dərin minnətdarlığını bildirdi.
Cəsarətlə deyim ki, bu kimi anşlaqa və publikanın sevgisinə müvəffəq olacağımızı gözləyirdim. Konsertdən sonra tamaşaçılar bizi səhnədən buraxmaq istəmir, səhnə arxasında isə televiziya və mətbuat nümayəndələri müsahibə alır, şəhər sakinləri və qonaqlar bizə yaxınlaşıb avtoqraflar alaraq foto çəkdirir, festival təşkilçiləri bizlərə və ölkəmizə öz ehtiramını bildirirdilər.
İfaçılara isə xatirəlik hədiyyələr və gül dəstələri təqdim olundu.
Jazz festivalda iştirak etməyimizdən böyük zövq və unudulmaz təəssüratlar aldıq.
Nigar Babazadə
“Tofiq Həsənsoy və Bakuba Jazz Band”
Jazz Layihəsinin müəllifi və meneceri
Final Tiles Gallery id=39 does not exist