«MOON BLUE» JAZZ KLUBUNUN AÇILIŞI

16 noyabr 2018-ci il jazz mədəniyyətimiz üçün əlamətdar tarixlərdən biri oldu. Ölkəmizin ən qədim abidələrindən olan İçərişəhərin mərkəzində yerləşən yeni “Moon Blue” jazz klubu öz fəaliyyətinə başladı. Yeni jazz məkanının açılışı bir çox cazmenlərin, təşkilçi və pərəstişkarların iştirakı ilə iki gün ərzində keçirilən təqdimat gecələrində baş verdi. 

“Moon Blue”-nun təntənəli açılış günü geniş publikanı, professional musiqiçiləri və jazz həvəskarlarını topladı. Təqdimat gecəsinin ifaçı heyəti, öz çıxışlarını növbələşdirərək, azərbaycan bəstəkarlarının sevilib tanınan musiqisini, eləcə də jazz balladaları və standartlarına improvizasiyaları təqdim etdi. Bu gözəl gündə və hadisədə iştirak etmiş bütün təsisçi və təşkilçilərə, eləcə də bizim cazmenlərə – Salman Qəmbərov, Tofiq Cabbarov, Emil Həsənov, Vaqif Əliyev, Gennadiy Qasiyev, Afşin Əlizadə, Firudin Həmidov, Nicat Aslanov, Həsən Bilalov, Nicat Paşazadə və başqalarına öz təşəkkürümüzü bildiririk. Təqdimat gecəsinə qatılmış məxsusi latin-kubana-jazz ifalarına görə kubalı ifaçı, bas-gitaraçı və müğənni Yanssel Kastelloniyə də bu təşəkkürlər ünvanlanır!

Tanınmış cazmen və bəstəkarımız, respublikanın xalq artisti Salman Qəmbərovun publikanı bu əlamətdar hadisə ilə təbrik edərkən söylədiyi kəlmələrə üz tutaq:

“1990-cı illərdə Bakı jazz şəhəri adlandırılsa da, paytaxtımızda jazz klubları yox idi və cazsevər dinləyicilər bu musiqini kafelərdə və restoranlarda dinləyə bilirdi. Bu baxımdan 1995-ci il əlamətdar oldu – “Karvan” jazz klubu yaradıldı, ondan sonra jazz musiqimizin inkişafına böyük kömək və dəstək göstərmiş 2003-cü ildə Bakı Jazz Mərkəzinin açılışı oldu. İndi isə biz yeni bir klubun, yeni bir məkanın açılması ərəfəsindəyik. Burada yaxşı, keyfiyyətli bir musiqinin səslənib inkişaf edəcəyinə ümid var. Hamını – bütün əməkdaşlarımı və “Moon Blue” jazz klubunun bütün kollektiv və personalını bu münasibətlə təbrik edirəm!”.

“Moon Blue” – İçərişəhərin mərkəzində Mirzə Mənsur 79 küçəsində məkan almış, kamera mühiti, miniatür və rahat binası ilə fərqlənən Jazz klubudur. Bazar ertəsindən başqa, burada hər axşam müxtəlif cazmenlərin ifasında canlı jazz musiqisini dinləmək olar. Klubun tematik rəngarəngliklə seçilən və müasir üslublar, ifaçılar və əlamətdar tarixlər üzrə tərtib olunmuş əhatəli proqramı da diqqəti cəlb edir.

“Moon Blue” Jazz klubu öz interyeri ilə, dürüst və rəngarəng proqramı ilə, bütün dinləyiciləri, musiqiçiləri, qonaqları  birləşdirən gənc və yaradıcı ruhu ilə heyrətamizdir və onlar böyük, əbədi musiqini təmsil edən iqamətgahı bəzəyir ki, onun adı JAZZdır.

Final Tiles Gallery id=21 does not exist
xəbərlərə keçin
bar close