Almaniyanın Osnabrük şəhərində mütəmadi keçirilən “Morgenland” Festivalı – öz ideyası, mövzuları və statusuna görə dünyəvi musiqi festivalları sırasında ən maraqlılardan birisidir. Festival hər il keçirilən konsertlərdən ibarət bütöv bir silsilə olub, müxtəlif mədəniyyəti təmsil edən ifaçıları, bəstəkarları, jazz musiqiçilərini toplayır. Bu, ənənəvi, folklor, dünyəvi musiqi, professional, akademik bəstəkar yaradıcılığı və avanqard bəstəkar musiqisi arasında nadir körpü yaradan ənənədir ki, bəstəkar töhfəsinə və ifaçı təfsirinə mühüm yer ayırır.
Bizim müasir Azərbaycan mədəniyyəti üçün önəmli hadisələrdən biri də odur ki, bəstəkar və cazmen, Azərbaycan Respublikasının xalq artisti Salman Qəmbərov bu festivalın konsertlərinə xüsusi dəvət alan iştirakçılar sırasındadır.
2018-ci ildə 10, 12 aprel və 22, 24 iyun tarixlərində keçirilən “Morgenland All Star Band” Festivalı çərçivəsində Almatı, Berlin (Boulez Saal zalında) və Osnabrük şəhərlərində baş tutan konsertlərə Salman Qəmbərov yenidən dəvət olunmuşdu. O, digər iştirkaçılarla birlikdə öz əsərlərindən ibarət üslub və texniki zəmin etibarilə zəngin bir proqram işləmişdir. S.Qəmbərovun “Dastan”, Moslem Rahalın “Gazal”, Andreas Müllerin “November Day”, Frederik Kösterin “House of Eye”, Dimanın “Trip to Ghouta”, Roni Barrakın “Beirutingaround” və b. kompozisiyalar festivalın proqramına və audiodiskinə daxil olmuşlar.
“The New Silk Road” başlığı altında 22, 24 iyunda baş tutan konsertlər S.Qəmbərovun (Azərbaycan), şenq ifaçısı Vu Vey (Çin), zərb alətləri ustası Bodek Yanke (Polşa) və kobız ifaçısı Rauşan Orozbayevanın (Qazaxıstan) iştirakı ilə keçmişdir.