Bergen – Norveçin şimali şəhərlərindən və məşhur mədəni mərkəzlərindən biri kimi tanınıb. Şəhərin studiya və rahat ticarət və əyləncə mərkəzlərindən, gənclər üçün klub və kafelərindən, geniş meydan və parklarından savayı, diqqəti cəlb edən bir çox abidələri vardır. Bergenin düz mərkəzində yerləşmiş Qriq adına Musiqi Akademiyası bizi düz irəlidə çoxlu yollarla, dayanacaq və gül-çiçəkli qazonlarla əhatə olunmuş Filarmoniyaya doğru istiqamətləndirir. Şəhərin mərkəzində dənizkənarı meydan bizi heyran edir və şəhərin memarlıq rəmzlərindən biri olan parlaq çoxrəngli Briggenə gətirir. Əks istiqamətdə isə düz yol boyunca bir neçə küçələrdən keçərək dənizkənarı və dağlarla əhatəli təbiət guşəsinə yol uzanır. Burada “USF Verftet” (Verftet Birləşmiş Sardina Fabrikası) yerləşir. Keçmişdə Norveçin ən böyük balıq konservləşdirmə müəssisələrindən olan bu bina 1700-ci illərdən məlumdur. Digər tərəfdən, Verftet fabriki olduqca maraqlı və zəngin jazz ənənəsinin – “NattJazz Festival”ın keçirilməsi üçün seçilmiş başlıca məkandır. Festivalın məxsusi çalarını və sərbəst ab-havasını onun yerləşdiyi, keçmişdə sardina fabriki olan, hal-hazırda isə “USF Verftet” adlanan mədəni məkan yaradır. Verftet fabrikinin sahəsi sərbəst jazz bayramının keçirilməsi üçün bütün komponentləri və avadanlıqları – müxtəlif tədbirlər üçün nəzərdə tutulmuş beş geniş səhnəli zalı daxil edir. NattJazz Festivalının məkanı olmaqla yanaşı, Verftet, Norveçdə incəsənətin müxtəlif sahələrinin inkişafı və beynəlmiləlləşməsi məqsədini daşıyan ən böyük mədəniyyət mərkəzlərindən biridir.
Fabrikin ərazisi Atlantik dənizi sahilinin əhatəsində yerləşir. Uzaqdan görünən yumşaq siluetli fyordlar, sıx tikilib-düzülmüş və sayı tükənməyən qonaqlara xidmət göstərən kafe-restoranlar Verftet fabrikinin binasını dövrəyə alır. İqamətgahın daxilində isə konsert və şoular keçirilən müxtəlif zallar, festival iştirakçılarına aid jazz aksessuar və suvenirlərinin satışı, sərgilərin keçirildiyi foyelər yerləşir.
“Gecə Jazz’ı” (Natt Jazz) mənasını daşıyan bu festivalın, adından bəlli olduğu kimi, axşam və gecə vaxtında gənclərin, böyüklərin və hətta azyaşlıların vaxt keçirəcəyi bir məkan kimi nəzərdə tutulması onun mahiyyətini aydın əks etdirir. NattJazz Festival’ı 1972-ci ildən etibarən keçirilir və müasir jazz mədəniyyətinin bütün çoxcəhətli və perspektivli tərəflərini dəstəkləyərək, təbliğ etmək məqsədinə xidmət edir. Festivalın təşkilçiləri sırasında ən nüfuzlu təşkilatlar – SpareBanken bankı, Bergens Tidende qəzeti, Canal Digital televiziya kanalı, First Hotel Marin oteli və b. durur. NattJazz həmçinin Norveç İncəsənət Şurası, Bergen Bələdiyyəsi və Hordalann zonasının Bələdiyyəsi kimi dövlət orqanlarından qrantlar alır.
Bizə Bergen jazz festivalının son üç gününə düşmək nəsib oldu və bu, Qriq Akademiyasının təşkil etdiyi “Eurasia Project” layihəsi çərçivəsində nəzərdə tutulmuş proqram daxilində baş verdi. Festivala düşdüyüm ilk dəqiqədə dərhal Qəbələ musiqi festivalını xatırladım: Verftet fabrikinin ərazisi Azərbaycanın ən gözəl, yaşıllıqları zəngin, gözəl meşələrlə və heyrətamiz mavi üfüqdə yaranan gözəl mənzərəli rayonlarından olan Qəbələni və orada yay mövsümündə hər il keçirilən beynəlxalq musiqi bayramını yada saldı. Lakin fabrikin sahəsini özünəməxsus edən cəhət onun dəniz və dağlarla düzülmüş əhatəsi, orada yer alan dənizkənarı kafe və heyrətamiz dəniz mənzərələridir. Dəniz, fyordlar, qağayıların səs-küyü və əylənən qonaqların sevinc dolu məmnun səsləri baş verəcək musiqi axşamlarını anlamaq və duymağa bir rahatlıq yaradır. Bəli, məhz NattJazz Festivalının bizlərə bəxş edəcəyi mənəvi neməti dərk etmək üçündür bu rahatlıq. Çünki, NattJazz – çağdaş dövrdə ən müasir formalar və yönlər almış jazz musiqisini və ona qovuşan qohum janr və sub-janrları yeni dövrün ən qabaqcıl ulduzlarının ifasında təqdim edir.
Festivalın çoxüslublu istiqaməti və ifa olunan musiqinin üslub sərhədlərinin silinməsinin vurğulanması – jazz festivallarının keçirilməsi ənənəsi üçün yeni cəhət deyildir. Lakin NattJazz ənənəsinə gəldikdə, onun mahiyyətini fərqləndirən bir amil var ki, o da bir-birinə yaxın janrların üslub sərhədini, ən müasir jazz, rock və pop cərəyanların elektron musiqi və world music (dünyəvi musiqi) kimi axınlarla bir-biri ilə ən üzvi və orijinal qovuşmasına və bu istiqamətdə çalışan gənc ifaçılara üstünlük verir. Və, üslubundan asılı olmayaraq, vizual şoulaşdırılmış effektiv ifaları da mütləq daxil edir. Mərkəzin beş geniş zalı – USF studiyası, Røkeriet, Cinemateket, Visningsromme – perfomansların xüsusiyyətlərinə uyğun zövqlə seçilmişdir. “USF Verftet studiyasının “qara qutunu xatırladan” səhnəsi (bu səciyyə festivalın rəsmi saytındakı izahatda verilib) – səsyazma studiyası akustikasına malik ən geniş zal olub, şoulaşdırılmış və vizual effektləri, görüntüləri tələb edən ifalar üçün seçilmişdir.
NattJazz-ın konsertləri üslubların nisbəti baxımından o dərəcədə kamil düzümlənir ki, dinləyici bir günü ərzində eyni vaxta təsadüf edən bir neçə jazz aləminə qərq olaraq, müxtəlif cərəyanların – ənənəvi, və ya avanqard jazz, funky-rock ya folk-fusion jazz’ından bərabər zövq ala bilir. Bu qaydada, 31 may 2018-ci il tarixində baş tutmuş ilkin konserti avanqard folk musiqisinin nümayəndələrindən biri olan Sem Amidonun iştirakı ilə dinləmək bizə nəsib oldu. Amidonun üslubu müasir bəstəkarlıq zəminində amerika folklor musiqisinin, xüsusən də kantri və qədim amerikan nəğmələrinin yeni tərzdə dərk edilməsinə əsaslanır. Amidonun üslubu sadə və əzəmətlidir, intonasiyaları geniş olub, zənci dini spiriçuel (dini mahnıların) intonasiyalarını, kantri-müzik teksturasını özünə hopdurub. Onun musiqisində məşhur dini himn olan “Amazing Grace” mahnısı ilə mövzu oxşarlığı, geniş intonasiyalarında isə həmin himnin nurlu kədərə malik sadə, qürurlu və ülvi ekspressiyası dəfələrlə eşidilir.
Norveçdə sadə, qabaqcıl, mürəkkəb və gümrah enerjili bütün yaradıcı səylər alqışlanır. Norveç dinləyiciləri folklor musiqi axtarışlarında da, gümrah rock və funk, və yaxud fusion cərəyanlarına eyni diqqəti bəsləyir. Fetstivalda ilk gün dinlədiyim “Cory Henry and Funk Apostles” funk qrupundan aldığım təəssüratları bölüşüm: bu, norveçlilərin çox sevdiyi müasir qruplardandır. Qrupun solisti Kori Henri özü – müasir jazz, fusion-funk istiqamətlərində çalışan gözəl orqan ifaçısı və vokalçı olub, Bryus Sprinqstin, Kenni Qarrett və b. kimi ulduzlarla əməkdaşlıq edib. Onun bir müğənni kimi ifa tərzi gospel, blues, soul və funk üslublarını qovuşdurur və Ceyms Brauna xas funky-soul ifa tərzini, bəzən də Bobbi Makferrinin ifa elementlərini məntiqi davam etdirir. Bir orqan ifaçısı kimi isə onun improvizələri və eksperimentləri fusion-funk cərəyanında elektron tembrlərin və yeni ovqatların axtarılmasına yönəldilir. Kori – həqiqi improvizəli jazz sayılan – hot-jazz ənənəsini özündə yaşadan funky-soul ənənəsinin yorulmaz davamçılarındandır.
Deyilənləri norveçlilərin funk-fusion və rhythm-end-blues, neo-soul cərəyanında sevimli ifaçılarından biri olan, Trondhaym konservatoriyasının yetirməsi (bütün heyət üzvlərilə bahəm) olan Rohi Taala (Rohey) adlı norveç müğənnisinə də aid edə bilərik. Lakin Rohinin səs tembri və vokal üslubu daha qatı və zəngin, blues çalarını rəngarəng ifadə edən güclü, parlaq və təravətlidir. “İ Found Me”, “İs This All There İs?”, “Tell Me” kimi kompozisiyalar onun hit nömrələri olub bütün skandinav ölkələrində böyük həvəslə alqışlanır. Onun çalışdığı qrupun klavişli alətlərdəki partnyoru professional, məharətli və parlaq ifaçı, bəstəkar Ayvan Blomkvistdir ki, onun da əhəmiyyəti az deyildir. Heyətin yaratdığı bütün bəstələrin və musiqinin kreativ ideyalar mərkəzi məhz A.Blomkvistdir ki, onun həssas partnyorları – zərbçi Henrik Lödöen və basist Kristian B.Yakobsen öz həmkarlarına həmişə diqqət verir. Rohi və onun heyəti olduqca istedadlıdır və gələcəkdə digər üslub axtarışlarına yönəlsə, misal üçün rock cərəyanlardan, Şərqdən ideyalarla ilhamlansa – böyük gələcəyi olan qrupdur. Və təbii ki, Rohinin çıxışı NattJazz Festivalın ən parlaq məqamlarındandır!
İndi isə təfsirçi-ifaçılar haqda, ilk növbədə isveçrəli müğənni Lusia Kadoç barədə söz bölüşək. Lusia Kadoç, tenor-saksofonçu Otis Sandsyö və basist Petter Eld ilə yazdırdığı “Speak Low” albomu əsasında proqramla çıxış edərək, bir çox jazz standartların maraqlı, cəhdli təfsirlərini təqdim etdi. Bu sırada albomun adı ilə üst-üstə düşən Kurt Vayla məxsus mövzu, Henri Mançininin “Slow Hot Wind”, əvvəllər “Lujon” kimi məlum olmuş bossa-nova mövzusu, eləcə də jazz dahilərindən olan Billi Holideyin şedevri sayılan “Strange Fruit” antirasist balladası xüsusən maraqlı alınıb. Trionun bütün interpretasiyaları uzunmüddətli, sanki iki – minimal yaradılmış səthdən və hərəkətdən ibarət ölçülü məkandan törənir. Mahnıların dramaturgiyası məharətlə dəyişilmişdir – yəni Ella Fitscerald ya Sara Voun kimi müğənnilərin sakit, lirik və həzin ifa etdikləri jazz balladaları meditativ səciyyəli kompozisiyalara, Vim Vendersin ekzistensial kinolarına saundtrekləri xatırladan musiqiyə çevrilir. Kadoçun ifadəli, sadə və dəqiq intonasiyalı, vokalı isə mahnılara şimali xalq ağı-mahnılarının ruhunu gətirir. Kadoçun təfsirləri psixoloji ovqatda olub, mürəkkəb dərk edilir, belə ki “Speak Low” albomunda vokalçı erkən jazz müğənnilərinin – B.Holidey, E.Fitscerald, S.Voan, Karmen Makrey kimi ulduzların ifasında yaddaşlara hopan retro-lirikanı mövzu əsası kimi seçib. Lakin, seçilən jazz nəğmələrinə öz dramaturji istedadını işlədərək və onların tematikasını məhz dramatik çalarda duyaraq, partnyorlarının yaratdığı gah Filip Qlassa xas minimalistik ruhlu, gah da jazz-fusion səciyyəli fonda Lusia avropa jazz ifaçılığının ən yaxşı ənənələrini qavramış təfsirçi-aktrisa kimi özünü tanıdır.
Öz 10-illik fəaliyyətini səhnədə qeyd edən, eksperimental free-jazz’ın nümayəndələrindən olan “Lana Trio” heyəti isveç müğənnisi Sofiya Yörnberqin iştirakı ilə buraxdığı yeni albomu təqdim edirdi. Heyətin üzvləri Sünd Folk Kollecin məzunları – zərbçi Andreas Vildhaqen, pianoçu Kşetil Yerve və trombonist Henrik Munkebi Nörstöbe’dir. S.Yörnberq isə avanqard, klassik və jazz musiqisinin bir çox cərəyanlarında tələb olunan ifaçılardandır. Onun gah avanqard səpgidə, gah da insan qəlbinin bütün yaşantılarını ifadə edən qəribə səs-təsvirli üsulları ilə ifası xüsusi ekspressiv təsir bağışladı. Yörnberqin vokal eksperimentlərini dinlərkən məşhur müğənni İma Sumakla təsəvvürlər yaranır. Lakin, Sofinin ekspromtları daha qatı psixoloji ovqatı ilə, belə desək, psixoloji təsviriliyi ilə fərqlənir.
«Gard Nilssen’s Acoustic Unity» (Qar Nilssen və onun Akustik Birliyi) kollektivi isə sırf free-jazz ifaçıları kimi özlərini təqdim etdilər. Trionun bütün iştirakçıları ən uzunmüddətli kompozisiyaları ifa etdilər. Qar Nilssen özü zərb alətlərində, Petter Eld kontrabasda, saksofonçu Andre Roliqheten sinxron və bədahətən monoloqlarda, onların özləri üçün isə bir növ solo bölmələri olan partiyalarla öz bəstələrini təqdim etdilər.
Bu heyət, əgər ən əsas bədii keyfiyyətləri – bədahətliyi və yaşantıların duyumlu, emosional ifadəsini vurğulasaq – ən sırf jazz ovqatlı qrup idi. Bu keyfiyyətdə jazz’ı həmçinin “Lana Trio”ya aid etmək olar.
Son tamamlayıcı gündən əvvəlki – 1 iyunda keçirilən konsertləri Avropa free-funk (daha dəqiq – norveç free-funk musiqisinin) ənənələrinin muisiqi axşamı kimi səciyyələndirmək olardı. Bizlər üçün, festivalın yeni dinləyicisi qismində, bu cərəyan 4 heyətin çıxışında bəlli oldu.
İlk əvvəl folk-jazz musiqisinin təəssüratlarından başlayaq. “Magic Spirit Quartet” qrupu bizi sadə və cazibədar səslənişi, meditativ ritmikası ilə heyrətləndirdi: bu ritmikaya “akallal” və “rukba” kimi marokko rəqslərinin on iki səkkizlikli ölçüləri, və hətta hind melosu və rəqslərinin elementləri hopmuşdu. Üslubuna görə kvarteti şimali Afrika fusion cərəyanı kimi səciyyələndirsələr də, onun musiqisində nəinki afro mənşəli, hətta müxtəlif şərq ekzotikasının elementləri var. Kvartetin musiqisi ümumi faktura sadəliyi ilə bahəm, kifayət qədər folklor drayvı ilə zəngindir. Bu təəssüratı ilk növbədə şeypurçu Qoran Kayfes, zərbçi Stefan Pasborq və olduqca fantastik musiqiçi Yesper Nordenström yaradır. Heyətin solsti, müğənni və afrika gitarası sayılan “gimbri” ifaçısı Məcid Bekkas isə qrupa ekzotik və əsrarəngiz görkəm verən solist vəzifəsini yerinə yetirir. Məcid Bekkas özü qədim bərbər-marokko rəqs və dini musiqisi ilə, “akallal” və “rukba” rəqsləri ilə yetişmiş, multiinstrumentalist ifaçıdır, gimbridən başqa, ud və gitarada ifa edə bilir. Onun sırf saxara və ona yaxın ərazi üslub və janrlarında ifalarını dinləmək maraqlıdır. Lakin bu kvartet ilə o, rəngarəng etnocaz üslublu heyətlə tam ahəngləşən sadə ekzotik folklor müğənnisi kimi çıxış edirdi.
Fransız funk heyəti olan “Shob” qrupu isə musiqiyə fransız məxsusiliyini gətirən progressive-funk istiqamətini təmsil edirdi. 4 fransız ifaçısı – basist Jofre Şob No, zərbçi Morqan Berte, gitaraçı Denis Kornadero və klavişli alətlər ifaçısı Toni Lavonun daxil olduğu bu heyət daim alqışlanır. “Shob”-un kompozisiyaları quruluşca dürüst, bir qədər ölçülüb biçilmiş səliqəli düzümdədir, improvizələri etibarilə çox da çətin qavranılmır və tembr baxımından da qəliz səslənmələrə meyl etmir. Heyət tam məqsədəyönlü olub nöqtəsini seçib ki, o da – funk üslubunun meynstrimidir, bir qədər şirin və asan, qəliz olmayan, klassik, bir qədər heavy-metal çalarlı və qeyri-qəliz, beyni yükləməyən musiqidir.
Festivala gəlmiş müasir pop-latin musiqisi və rəqssevər dinləyicilər üçün isə La Damme Blanche kimi müğənninin təqdimatında reggi, hip-hop və rumbia kimi janrlarla qovuşmuş müasir kuba densholl musiqi axşamı keçirildi. “La Damme Blanche” adı altında tanınmış muğənni əslində vokalçı, fleytist və perkussiyaçı olan Yaite Ramos Rodrigesdir. Dünya şöhrətli Kuba sosial klubu Buena Vista-nın direktoru, məşhur trombonçu namos Rodrigesin qızıdır. Karib-Kuba mahnı-rəqs mədəniyyətinə əsaslanan folk-pop cərəyanında musiqi ifa edən Yaite skandinav ölkələri publikasının sevimlilərindəndir.
“Tomas Dahl & Court” – gitaraçı Tomas Dal-ın rəhbərlik etdiyi heyətdir ki, avanqard cool jazz’ının, daha dəqiq – free-cool jazz’ın gözəl nümunəsi olub, sərbəst improvizələrlə yumşaq, romantik kamera ovqatlı musiqi təqdim edirdi. Heyətə Tomas Dal (gitara), Harmen Fraanje (klavişli alətlər), Maqne Tormodsetter (basda), Hakon Myaset Yohansen (zərb alətləri) daxildir. Qeyd edək ki, “Eurasia Project” layihəsinin iştirakçıları kimi tanıdığımız, Qriq adına Musiqi Akademiyasının müəllimləri olan Tomas Dal və heyətin basisti Maqne Tormodseter ən keyfiyyətli, sərbəst avanqard lirikanı təqdim edərək ifaçı qismində də özlərini aydın tanıtdırdılar. Heyətin dinləyicini valeh edən cəhəti odur ki, bütün musiqiçilər sakit, yumşaq, mülayim çalğı texnikasına nail olubdur, bu da öz növbəsində dinləyicini o fikrə kökləyir ki, jazz musiqisi ilə romantik dövrdən, bütün üslubların meditativ bəstəkarlarından dövr edən klassik ənənələrin vəhdəti bir çox gözəl nəticələr, möcüzələr yetriə bilər. Məhz bu jazz gecəsi, Tomas Dal və onun heyrətamiz kollektivinin sayəsində NattJazz Festivalın ən parlaq kul-avanqard səhifəsi kimi xatirəmizdə qaldı.
Finaldan öncəki günün konsert proqramı görkəmli saksofonçu, bendlider Maykl Brekkerin ölümünün 10-illik ildönümünə ithaf olunan musiqi gecəsi ilə tamamlandı. Tanınmış norveç saksofonçusu və bəstəkarı, Spellemannprisen mükafatının (bir növ norveç “Qremmi”si) laureatı Petter Vetter-in idarə etdiyi kvintet – Hans Matisen (gitara), Yörn Öyen (klavişli alətlər), Daniel Frank (bas) və Ermund Niqardın (zərb alətləri) iştirakilə post-bop üslublu kvinteti çıxış edirdi. P.Vetter Norveçdə öz şöhrətini qazanmış virtuoz cazmen və norveç be-bop və free-jazz’ının ən yaxşı nümayəndələrindən biri kimi tanınıb, öz dürüst və miqyaslı konseptual improvizasiya sənətinə malik möhkəm intellektual musiqiçilərdəndir.
İndi isə şəxsən özüm üçün kəşf etdiklərimə keçməzdən öncə, festivalın son gününün konsertlərindən söz açmaq istərdim. Burada bütün iştirakçıların qısa, konkret səciyyələri ilə məhdudlaşmaq ehtiyacı yaranır. Belə ki, son konsertlər günü zövqün ya da ovqatın tələbatına əsasən, məlumat və ümumi icmal məqsədilə bütün çıxışları ani ziyarət etdikdən sonra, iki konsertlə məhdudlaşmaq qərarına gəldik.
Festivalın 2 iyun baş tutan finalı qonaqları eyni zaman kəsiyində üst-üstə düşən 6 heyətin konsertləri ilə sevindirdi. Ekssentrik rock-fusion müğənnisi Mariam The Believer, norveç qruv və free-jazz’ının parlaq nümayəndəsi olan “Cortex” qrupu (eyniadlı fransız rock qrupu ilə çaşdırmayaq!), saksofonist Espen Raynertsen, norveç jazz avanqardisti Filip Qropper (özünün “Philipp Gropper Philm” layihəsi ilə) və nəhayət indirok, afroqruv, hip-hop və digər jazz və qeyri-jazz cərəyanlarını qovuşduran “The Young Mothers” qrupu – yenə də tam nisbətdə müasir jazz mədəniyyətinin aləminə bizi qərq etdilər. İdeya yeniliyi ilə, Koltreyn musiqisinin fəlsəfəsinə, Albert Aylerin, Ornett Koulmanın, Frenk Zappanın ruhunda sərbəst eksperimentlərə yaxınlaşan “Cortex” qrupu; world-music və free & total impro jazz’ı ilə təəssürat yaradan “The Young Mothers” qruplarının konsertləri ilə yanaşı, dinləyiciləri həmin heyətlərin kompakt disklərinin satışı da qane edib, onların yaradıcılığı ilə daha yaxından tanış olmaq imkanını yaratdı.
Bu, NattJazz kimi zəngin festivalın daha bir müsbət cəhəti idi. Deyilənlərlə yanaşı, NattJazz kimi dünyəvi hadisələrin çoxüslublu gedişatında analitik yaddaşımızı janr məhdudiyyətlərindən azad edən eksperimental üslub qovuşmalarının aləminə qərq olarkən, eşitmə aləmimiz və qəlbimiz unudulmuş keçmişə ehtiyac duyarkən, keçmişlərin ənənəvi jazz’ı, xüsusən də ən adi lirika və ya jazz balladaları yada düşür. Çox güman, həmin ehtiyacdır ki, bizi gözəl ənənəvi jazz sədası gələn böyük zallardan birinə istiqamətləndirdi.
Səhnədə bar stulunda əyləşmiş müğənninin xarici görkəmi bizi azacıq yanıltdı: onu məşhur müğənni Tom Ueyts və ya aktyor Con Sevic ilə çaşdırmaq mümkün idi. İsveç jazz müğənnisi və mahnı müəllifi Bo Sündstrom yaraşıqlı sadə geyimində publika ilə incə zarafatlar edərək, sərbəst söhbət şəklində publikanı əyləndirirdi. Bu axşamın musiqisi bizi konsertin sonunadək həmin zalda saxladı, belə ki, Billi Holidey və Nat Kinq Koul, Bill Evans və başqalarına məxsus jazz mövzularına, həzin jazz balladalarına istədiyin anda qulaq asmaq, özü də bunu İsveçdə məşhur Bo Kaspers orkestrinin aparıcı müğənnisi Bo Sündstromun ifasında dinləmək çox xoş təəssürat bağışlayır. Oxunulan mahnı musiqisi ifa tərzinə görə, təbii ki, B.Holidey ifasının füsunkar ruhundan fərqli idi. Bo Sündstrom bütün mahnıların mətnlərini doğma isveç dilinə tərcümə etməklə, sözlərin tələffüzü zamanı isveç danışıq tərzinə xas diftonq səsləri uzadaraq isveç çalarını yaratması ilə, məzəli söhbəti və retro jazz repertuarı ilə publikanın marağını və alqışlarını doğura bilmişdi. Onun oxuduğu bütün jazz xitləri – “My Foolish Heart”, “Gee Baby, Ain’t I Good to You”, “As Time Goes By”, “I Can’t Give You Anything But Love, Baby”, “İ Love You For Sentimental Reasons” və bir çox başqa mövzuları – onun Nat Kinq Koulun «I Love You for Sentimental Reasons» sinqlının adı əsasında «Fölksvann Du» (Disappeared) adlanan albomuna (2017) daxildir. Bo Sündstrom sadə üslublu müğənni olub, eyni zamanda amerika sweet-jazz lirikasını xarizmatik skandinav çalarlarında ifası ilə diqqətəlayiqdir.
İndi isə yazımın və təəssüratlarımın sonuc məqamına, festivalın sanki apofeozuna yaxınlaşıram ki, bu festivalın son günündəki son konsertə, Mariam The Believer adlı isveç müğənnisinin çıxışına təsadüf etdi. Öncədən bildirim ki, bu jazz deyil, ən yaxşı pop-rock ənənələrinə əsaslanan perfomans idi.
“Wildbirds & Peacedrums” isveç qrupunun keçmiş solisti, Mariam Vallentin özünü əbəs yerə Mariam The Believer (yəni “İmanlı Məryəm”) adlandırmayıb. Bu, onun özünün seçdiyi yeni ekssentrik və empatik, kult səciyyəli və tamamilə sərbəstlik aşılayan obrazıdır. Müğənninin bu yeni status və səhnə imici, onun rock qrupunun solsti qismində məhdud fəaliyyətindən sonra qazandığı bir çox məziyyətlərdə özünü göstərir. Onunla çalışan heyəti müxtəlif cərəyanları – art-pop, fusion, pop-rock və s. daha ahəngdar surətdə qovuşduraraq, yaratdığı mahnıların, kompozisiyaların məzmunu və mətnlərinə öz fəlsəfi yanaşmasını əks etdirir. Mariam hər barədə və ahəngdar şəkildə “Şərq-Qərb” kimi ən aktual bədii təmayüllərdən birini özündə daşıyır. Milli mənşəyi yarıfars, yarıisveçli olan Məriam eklektik də olsa, özünəməxsus üslub palitrasını yarada bilib. Burada yaxşı tanıdığımız bütün rock və fusion cərəyanları, indi-rok (hindsayağı rock), 1960-cı illərin rock və funk musiqisinin (Led Zeppelin, Pink Floyd, Earth Wind & Fire) leksik modelləri, elektron musiqisindəki axtarışları, “Emerson, Lake & Palmer” sayağı səpələnmiş monolit dramaturgiyası və yaxud da müğənni Byorkun eksperimental performansları və rock musiqisindən mənimsədiyi ekspressiv ifa tərzi birləşibdir. Eyni zamanda, Məriamın mahnıları, rock musiqi vasitələrinin zəngin palitrasına əsaslansa da, çətin qavranılmır.
Mariam Vallentinin çıxışı daha çox onun keçənilki yeni “Love Everything” (2017) albomunun repertuarına əsaslanırdı. Bu albom gözəl və canlı, şux melodik dili ilə, emosional məzmunun səmimi və bilavasitə ifadəsi ilə seçilir. Müğənninin proqramında müxtəlif ovqatlı mahnılar növbələşdi: ekzotik, hind folklo çalarlarından bəhrələnmiş “Body-life” (bu mahnıya ifaçının həmin alboma “Teaser #4” klipi həsr olunub), dini və ekzistensial fəlsəfədən bəhrələnmiş, konseptual «Pieces», «Crust», «Darkening», «Bullies», «Total» mahnıları, eləcə də onun əvvəlki xitləri – «String of Everything» ardıcıl səsləndi və proqram «To Conquer Pain with Love» və «Soft Moon» kimi nurlu məhəbbət himnləri ilə tamamlandı.
Əgər bu yazının müəllifi siz oxucularda bu ifaçının yaradıcılığına bir qədər maraq oyada bildisə, o zaman qeyd edim ki, Devid Bouinin (Wild is the Wind) və Corc Benson ya Nina Simonun (Everything Must Change) xitlərinin kaver-versiyalarını Mariamın sadə, ekspressiv, melodik və kosmik rock-fusion üslubundakı ifasında dinləmək maraqlı olar. Belə ki, o ifalar zamanı Imanlı Məriam bir təfsirçi kimi də özünü tanıdır.
Yazıya aldığım bütün təfsilatlar – böyük Nattjazz Festivalının yalnız cüzi bir hissəsidir, çünki öz geniş, əhatəli həcmi ilə, müasir jazz aləmində baş vermiş hadisələrin və yenicə yaranan təzahürlərin çoxmiqyaslı təsviri və təbliği ilə heyrətamizdir. NattJazz – müxtəlif qitələrin jazz təfəkkürünün və üslublarının qarşılıqlı vəhdətini gerçəkləşdirən və onların müqabilində skandinav jazz mədəniyyətini də hərtərəfli təbliğ edən festivaldır! Bizlər üçün bir çox kreativ imkanlar açan və Jazz aləmində baş verənlərin sərbəst dərk edilməsini mümkün edən musiqi bayramı və təzahürüdür!
NattJazz Festivalına qatılmaq imkanını yaratdıqlarına görə Qriq Akademiyasının əməkdaşlarına, festivalın bütün təşkilçilərinə, eləcə də “Eurasia Project” layihəsinin təşkilçilərinə, ayrıca olaraq Bakı Musiqi Akademiyasının xarici əlaqələr üzrə prorektoru Yeganə Axundovaya öz dərin təşəkkürümü bildirirəm!
Məmmədəliyeva Turan, musiqişünas