Təqdim edəcəyimiz “PERSONA” seriyasını yaradıcı insanların və ictimai xadimlərin portretlərinə və onların mədəni irsinə həsr edirik. O yaradıcı insanların ki, onların jazzla bağlı fəaliyyəti və düşüncələri ümumiyyətlə musiqi və müasirlik baxımından, xüsusilə də, jazzın inkişafı baxımından ibrətamiz və proqressivdir.
İthafımızın ilk qəhrəmanı Rövşən Sənanoğludur. Kifayət qədər parlaq, barışıqsız və mürəkkəb bir sima… İxtisas üzrə riyaziyyatçı, eyni zamanda da dünya musiqisinin ən mürəkkəb ünsürlərindən biri olan Jazz-la bağlı geniş fikirləri, tənqidi baxışları və özünəməxsus fəlsəfəsi olan bir sima…
Dəyərli oxucularımız, sizi Rövşən Sənanoğlunun qeyri-adi yaradıcılığı ilə daha dərindən tanış etmək üçün “Bu gün sənin günün deyil” kitabından (2012-ci il) bir neçə parçanın tərcüməsini təqdim edirik.
İNTRO
Özüm haqda deyəcəklərim – kitabın üz qabığının son səhifəsindədir. Burada isə həyatımda çox mühüm rol oynamış insanlar haqda – mənim Ustadlarım haqqında xronoloji qaydada söz açılacaq.
İlk əvvəldə və axırda son dərəcə sevdiyim və çox hörmət etdiyim insan – atam haqqında. Əgər nə vaxtsa atamın qazandığı ehtiramın ən kiçik zərrəsinə nail olsam, nəyəsə müvəffəq olduğumu deyərəm. İkincisi – mənim ilk universitet müəllimim Ramin Mahmudzadə. Tələbələrə öz sənətinə bəslədiyi sevgi aşılayan yüksək səviyyəli mütəxəssis və insan. Daha sonra, mənim elmi rəhbərim olmuş, akademik Mirabbas Qasımov. Onun öz işinə bəslədiyi münasibət – özünə qarşı tələbkarlığın bir nümunəsidir. Onun kifayət qədər nüfuzlu alim haqda dediyi rəy xatirimə gəlir: “Professor elə əsərlər dərc etdirməlidir ki, onlara istinad etsinlər” (hər ehtimala qarşı qeyd edim ki, professor deyiləm və bu dərəcəyə heç bir iddiam yox). Dördüncü şəxs – görkəmli rejissor və energetikası etibarilə fantastik bir insan olan Vaqif İbrahimoğludur. Bizi bu dünyada tərk etdiyindən sonra, onun haqda yazmaq cəhdi gəldi mənə – lakin, hələ hazır olmadığımı anladım. Və bilməm ki, buna haqqım çatır ya yox, – axı dühalar haqqında yalnız dahilər yaza bilər. Və, nəhayət, beşinci insan – dostum Salman Qəmbərovdur. Jazz və ümumiyyətlə musiqini fərqli, yeni təfsirdə görməyimdə səbəbkar olmuş bir insandır.
P.S. Mənə aid olmayanları məndə axtarmayın. Əgər tapsanız – özünüzə halal edin.
ƏSİL JAZZZ
Dünən bir tanışım məni evinə musiqi dinləməyə dəvət et(miş)di. Mənə nə gəlib? Hər vaxtın pioneri kimi həmişə hazıram – əllər aşağı, qabağa.., musiqilə, yəni mahnı ilə irəli!..
Bircə o qaldı ki, soruşum – özümlə əlavə musiqi payı götürməyinə dəyər ya yox – ona da yox cavabı aldım. Amma yolüstü bir mağazaya dəyib oradan bir everqrin aldım.
(Məclisin) dinləyicilər heyəti klassik, musiqisevərlərə aydın dillə desək – instrumental trioya sığışırdı. Ustalıq səviyyəsinə görə onlar əsil qaymaqlar, yəni Cream idilər. Hətta üçümüzün birlikdə nəsə ifa etməyimizə yavaşcadan təklif vermələrimiz bərkdən deyilən Yes!!! ilə cavablandırılırdı. Alətlərin yerli istehsala aidiyyəti isə bizə qəti mane olmurdu – bu, yerli istehsalçılara dəstək ilə maddi mənbələrin qənaətinə bizim verdiyimiz töhfə\\aksiya idi.
Bir sözlə, hər şey yaxşı idi, lakin zamanınadək… – bizim musiqisevərlər dəstəmizə dördüncünün gəlişinədək… Trio kvadrata çevrildi və əsil jazzzzzz bax buradan başladı…. Sözsüz ki, hər şey məşhur Round Midnight jazz standartının çərçivəsində baş verirdi, amma … mükəmməl dördlüyümüzdən hər birimiz dəlicəsinə improvizələr edirdik… Bir an yenicə gəlmiş ifaçı eyvana çıxıb, fani planetimizin daim sarırəngli yoldaşını seyr edib, gen balaqlı şalvarlarından kiçik dil qarmonunu çıxardı və durmadan elə bir hava çaldı ki, əsrlərin dərinlərinə qərd olduq. Bu əsil Moody Blues idi – verdiyimiz reaksiya bunu təsdiqlədi. İfa zamanı nələrdən istifadə etmədik – əlimizin altında olanların hamısı işə yaradı, birimiz isə hətta jurnal masasını aşıra bildi. Çünki, aydındır ki, əlimizin altında zərb alətləri yox idi, ürəyimiz isə yamanca zərbliləri döyəcləmək istəyirdi…amma! Axı bizim olan-qalan, yarıyadək boşaldılmış içəcək\\zəhrimar\\ ehtiyatımız elə bu yazıq masacığın üzərində idi!!! O xətakar dostumuzu ən yaxın kirəyə göndərdik və öz pasportunu zamin verən xətakarımız artıq yekə bir bakla yeni içəcək gətirdi. Yəqin ki, səbr kasamıza daman son damcı da elə bu oldu!…\\Yəqin ki, səbr kasamızı daşıran damla elə bu oldu!!!!!
II var-t (original idiomatikada): Yəqin ki, dəvəni … və yaxud da – dəvələri belindən yıxan zərif saman çöpü elə bu oldu!…
Deyimmi sizə, çərəzlərimiz nələr idi? Aydın deyil? Çərəzlərimiz MUSİQİ idi!!!!!!!!!!!!
SALMAN QƏMBƏROV. PORTRETƏ ŞTRİXLƏR
Bu yazılarım qərəzlidir. Ondan ötrü qərəzlidir ki, dost haqda laqeydliklə danışmaq olmaz. Həmçinin, əgər dostun son dərəcə yaradıcı insandırsa, belə halda onun yubileyi onun haqda danışmaq üçün əlverişli fürsətə çevrilir. Üstəlik,bu deyəcəklərim kadrarxası gizlənib qalan və dostumun portretinə çox mahiyyətli cizgilər əlavə edən qeydlərimdir. Bu, ey oxucu, bizim sənlə müasirimiz olan – caz musiqiçisi Salman Qəmbərov haqqındadır. Halbuki Salmanı yalnız jazz musiqiçisi adlandırmaq yanlış olardı. O, Musiqiçidir, məhz belə, – soyadı böyük hərflə yazılan Musiqiçidir.
Burada mən Salmanın festivallardakı çıxışları, onun müxtəlif layihələri haqda nəsə danışa bilərəm və bununla da, belə desək, onun əlli yaşınadək yaratdıqlarına yekun verə bilərəm. Lakin, əvvəla yekunlaşdırmaq hələ tezdir, ikincisi də – bu, olduqca yeknəsəq olacaq – hamı üçün və ən əvvəl mənimçün darıxdırıcı olacaq.
Mən və Salman, yaşımız qırxı ötəndən sonra tanış olmuşduq. Belə yaşda adətən dost qazanmırlar – adətən olan-qalan dostları qoruyub saxlamağa çalışırlar. Lakin bu halda məhz o istisna qanunu rol oynadı ki, onsuz olmur. Və mən öz taleyimə minnətdaram ki, Salman ilə tanışlığım arxasında – yəni məhz onunla və onun musiqisilə ünsiyyət sayəsində mənim jazz’a və ümumən musiqiyə olan tamamilə başqa baxışlarım yarandı. Salman – ensiklopedik surətdə ali təhsilli, həm musiqi nəzəriyyəsi, həm də kompozisiyanı mahir bilən musiqiçidir. Ən önəmlisi isə odur ki, o, hər zaman yeniliyə doğru açıqdır.
Ştrix 1. Bir dəfə Salman üçün avanqard yapon gitaristi Otomo Yoşixide haqda film gətirdim və bu filmə birlikdə baxdıq. Hansısa bir məqamda Otomo strukturlaşdırılmamış səs-küy səsi yaratmaq üçün di-ceylərin fırlatdıqları vinil valdan istifadə etməyə başladı. Özü də ki, fikrimcə, heç bir di-cey cihazla belə vəhşicəsinə rəftarı yaxşı qəbul etməyəcəkdi. Salmanın reaksiyası isə məni təəccübləndirdi: “Bax, o, hər dəqiqədə hansı səsi ifadə etməyi, hansı səsi almaq istədiyini çox yaxşı bilir!”. Şəxsən mən noise üslubunu qəbul etmirəm – bunu gizlətmirəm. Ancaq, Salmanın səslənənlərə olan münasibəti mənim üçün bir növ dərs oldu – o barədə dərs oldu ki, qulaqlar da, zehn kimi, yeniliyi qəbul etməyə hər zaman hazır olmalıdır.
Ştrix 2. “YUĞ” teatrında İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesi üzrə tamaşanın premyerası keçirilmiş və mən Salman ilə bu pyesə birlikdə tamaşa etməyə getmişdik. Deyim ki, əsərin quruluşu çox güclü idi və ondan alınan təəssüratlar həmin axşam Salmanın jazz-klubdakı ifasında da duyulurdu. İlk əvvəl Salman heç özündə deyildi – sanki fikrən tamaşadan ayrıla bilməmişdi. Lakin fasilədən sonra o, tamam dəyişdi və tamaşanın qoyduğu emosiyalar musiqidə üzə çıxdı.. Bir neçə il sonra Vaqif İbrahimoğlu (“YUĞ” teatrının bədii rəhbəri) Salmandan xahiş etdi ki, “Boş Məkan” Beynəlxalq Teatr Festivalının açılışında iştirak etsin. Salman da heç bir önləm məşqlər keçirmədən “İbrus” teatrının səhnəsində festival iştirakçılarının oynadıqları önləm giriş səhnəcikdəki oyununa tam üzvi surətdə qatıldı.
Ştrix 3. Jazz-klubda keçən axşamların birində biz xeyli yubandıq. Hər şey və eyni zamanda heç nə barədə söhbət edirdik. Tamamilə sərbəst aparılan söhbət tədricən müasir musiqiyə axıb keçdi. Biz Con Keyc və Filipp Qlass kimi bəstəkarlara və minimalizmə qədər gedib çıxdıq. Birdən Salman qalxıb (bu zaman saat təxminən gecə ikinin yarısı idi), royal arxasında əyləşir və cəmi üç səs əsasında qurulmuş əsərini ifa edəcəyini deyir. Sonrakı baş verənləri sözlə ifadə etmək qeyri-mümkündür – yalnız onu bilirəm ki əvvəl royala söykənib ayaq üstdə dinləyərkən sonra hiss etdim ki, bu musiqidən üstün olmağa haqqım yox. Qərarım sadə idi – dəhlizdə əyləşdim və özümü olduqca rahat hiss etdim. Onu duydum ki, sanki mən musiqini deyil – musiqi məni dinləyirdi..
Ştrix 4. Kapellhausda konsert, 5 oktyabr 2004-cü il, «МуГам» layihəsi (əsl şifrəsi «Музыка Гамбарова» mənasını daşıyıb, rus kirill əlifbası ilə МуГам yazılır – T.M.). Salman Bakı dinləyiciləri qarşısında öz müəllif proqramını təqdim edib, ilk nömrə olaraq mənim artıq jazz-klubda dinlədiyim həmin pyesi ifa etdi. Əsərin səslənmə müddətinin nə qədər davam etməsindən xəbərim yox idi. Təxmini iyirmi beş dəqiqə olardı. Bircə onu bilirəm ki, həmin o axşam zaman məfhumunun şərtiliyi hamıya bəlli oldu – nəinki özüm üçün, konsertdən sonra görüşüb bölüşəcəyim insanlar üçün də. Yəqin hər birimiz hiss etdiyimizi fərqli sözlərlə ifadə edər..mən isə bu iyirmi beş dəqiqə ərzində daha çox hallar yaşadım – və bu əsərdən sonra daha heç nəyi dinləmək arzum qalmadı: dinləməkdən doydum sanki. Sonra Salmanın söylədiyi kimi, Qərbdə bu kimi konsertlərin öz məxsusi formatı var – hər bir pyesdən sonra dinləyicilərə fasilə vermək imkanı verilir, buna ehtiyac vardır, çünki qazanılan emosional yük yetərincə ağır olur.
Ştrix 5. Həmin 2004-cü il, 3 oktyabr. Yəhudi Mədəniyyəti Mərkəzinin tədbirlərinin birində Salman da iştirak edib, bir sıra pyeslər sırasında “Hava Nagila” mahnısı üzərində öz kompozisiyasını ifa etdi. Müştərək dostumuz, “Turan” məlumat agentliyinin analitiki Toğrul Cuvarlı demişkən, Salman öz ifasında yəhudi xalqının tam tarixini əks etdirdi. Axı biz “Hava Nagila” mahnısının, belə deyək ki, – şən səslənməsinə, şən ifasına öyrəşmişik. Salmanın təfsiri isə tamam fərqli oldu – ilk növbədə bu, faciə səciyyəli təfsir oldu. Hərçənd, əgər həmin nəğmənin yaranma tarixini xatırlasaq, məhz bu qismdə təfsir məntiqə daha uyğun gəlir…
Ştrix 6. 2006-cı ilin Bakı Beynəlxalq Jazz Festivalı. Bu festivalda Salman öz “Lətif” layihəsini – musiqi ilə kinonu, Şərq ilə Qərbi qovuşdurduğu əsərini nümayiş etdirdi. Festivalın incisinə çevrilən həmin ifanın ətri hələ də mənimlədir… Heç bir sənət növü bir nöqtədə donub qala bilməz, buna, yəni staqnasiya etməyə ixtiyarı yoxdur. Azərbaycan jazzı üçün (və yalnız jazz’ı üçünmü?) “Lətif” bir növ məxsusi şaxə oldu. Burada Salman Qərb ilə Şərqin ən dərin səviyyədə vəhdətinə nail ola bildi. “Lətif”lə tanış olmayanlar üçün onu deyim ki, Salmandan başqa buraya ifaçılar qismində kamança ifaçısı Fəxrəddin Dadaşov və nağaraçı Natiq Şirinov da cəlb olunmuşdu. Təbii ki, Fəxrəddin sırf milli musiqi edirdi, bu musiqiyə Salman isə sırf avropa harmoniyalarını qoşaraq onu təsdiqlədi ki, musiqinin xaricən sonsuz-tükənməz məkanının əsasını bizim hamımıza yaxın və eyni olan ideyalar təşkil edir. Və sənin yaşadığın yerin də heç bir fərqi yox – məhz musiqi dilində bizləri birləşdirən o ortaq, ümumi başlanğıc var.
Ştrix 7. Yenidən 2004-cü ilin xoş bahar fəslinə qayıdıram. Noyabrın ilk həftəsində jazz-klubda Salman ilə alman saksofonçusu Verner Enqlertin improvizəli sessiyası baş tutdu. Əsil mənada improvizəli – belə ki, heç bir məşq olmadı. İki musiqiçi sadəcə ifa etmək barədə vədləşib, hər bir jazz həvəskarı üçün yaxşı məlum olan pyesləri ifa etməyə qərar verdilər. Lakin! Həmin axşam tanış kompozisiyalar tamamilə başqa bir səslənmə qazandılar – elə təssürat yarandı ki, hər iki musiqiçi həmişə birlikdə ifa etmiş və məşhur pyeslərdə nə isə tamamilə qeyri-aşkar bir başlanğıc tapmışlar. Mənim üçün həmin axşam unudulmaz hadisələrdən birinə çevrildi. Ola bilər ki, onun təfsilatları yayğın olsun – lakin həmin axşamın bağışladığı ovqatı yaddaşdan silmək qeyri-mümkündür.
Ştrix 8. 2006-cı ildə Salman “Üns” yaradıcı səhnəsində ilk dəfə qoyulan “Bakı” tamaşası üçün Tofiq Quliyevin məşhur mahnılarının yeni fərziyyələrini işləmişdi. Tamaşanın rejissoru Azərpaşa Nemətov bir dəfə Salmanın bu tamaşada gördüyü işdən aldığı təəssüratlarını mənimlə bölüşərək dedi: “Mən bütün bunları Tofiqin ifasında dinləmişəm. Salman da sanki bu tərzdə ifa etdi, – eyni zamanda da həmin əsərlər necəsə fərqli səsləndi”. Salmanın yaradıcı dəsti-xəttinin mahiyyəti də elə bundadır: hamıya yaxşı məlum əsərdə yeni, açıqlanmamış bir xalı aşkar etmək.
Ştrix 9. Bir gün biz (mən və Salman) musiqi alətləri satılan dükana girdik – Salman elektro-royalın (qeyri-ucuz və əla bir alətin) səslənməsini sınadı.Və dərhal da öz qərarını bildirdi: “Nəfəsi yoxdur”. Bu da – Salmandır. Musiqi nəfəs almalıdır – yoxsa səslər cansız olar.
Musiqini və ümumiyyətlə sevdiyin hər şeyi bunu qiymətləndirməyi bacaranlarla gərək bölüşəsən. Məndə Salmanın səsyazıları çoxdur – və Ümumdünya Şəbəkə sayəsində başqa ölkələrdən də jazzsevərləri Salmanın yaradıcılığı ilə tanış etmək mənə nəsib olub. Bir dəfə elektron poçtuma bir rəy gəldi ki, onu oxucularla bölüşmək istərdim. Həmin resenziyanın müəllifi – moskvalıdır.
Sözsüz ki, bu pianoçunu mənim üçün kəşf etdiyinizə görə çox şadam. Heyrətamiz müdrik, zərrə qədər tələsməyən bir musiqi… hər bir səs dolğun və hər biri məna aşılayır. Yanaşma tərzi – şablonlardan imtinadır. O, royal arxasında əsl bəstəkardır – hətta standartları ifa edərkən bəstəkardır. Siz yəqin kiminləsə müasir jazzmenin standartları bilməsi və ifa etməsi haqda mübahisə etmisiniz. Mən, sözün düzü, jazz, jazzmen – bu kimi sözləri tez-tez istifadə etməyi o qədər də sevmirəm… Nəyə görəsə o dəqiqə təsəvvürümdə İqor Butman kimi bir musiqiçi – digər ifaçılardan əzbərlədiyi fraza və şablonlar yığımını artıq bir işarədən nümayiş etdirməyə hazır olan birisi canlanır.. Müasir jazz artıq belə deyildir. Daha dəqiq desək, – bu kimi musiqiçilər çoxdur, hətta bəzən istedadlı kompilyatorlara da rast gəlirik. Lakin mənim müəllif, bəstəkar yanaşması daha çox xoşuma gəlir. Və qətiyyən vacib deyil ki, işlənilmə üçün hansı mövzu seçilmişdir. Salman, bununla bərabər, “janrın qanunlarına” gözəl bələd olmaqda heç kimi şübhələndirmir – bu aydın eşidilir, lakin onun hər hansı bir standartı yenidən qurması mövzunun sadəcə harmonik dəyişdirilməsi vasitəsilə deyil, molekulyar səviyyədə başlanır… Mən bunu nəzəri səviyyədə təhlil edə bilməzdim.. Elə pianoçular, o cümlədən təyinatı asan olan öndər pianoçular var ki,bir toplam üsulları mənimsəyir və sərbəstcəsinə idarə edir, lakin həmin üsulların aid olduğu dəst dəyişmir. Belə halda nəzəriyyəçiyə “ustadın necə ifa etməsi” məsələsinə dair ümumi sxem çəkmək çətin deyil. Salman isə, eşitdiklərimə əsasən, hər zaman fərqlidir, müxtəlifdir, onu hər hansı sxemə sığışdırmaq mənim üçün çətindir, və mən onun ifasında üsullardan toxunulmuş mozaika deyil, ilk notdan sonuncuyadək yaranan tam bir əsəri eşidirəm. O əsərdə ki, heç bir not kənara atıla bilməz, fasilədir ya müşayiətdir, fərq etmir – fikir bir saniyəyədək qırılmır. Onu deyək ki, Salmanı dinləmək – böyük zəhmətdir! Bunu ötəri etməyə dəyməz.
Təəssüf ki, indi Bakıda Salmanın ifasında jazz dinləmək elə də mütəmadi hal deyil – burada səbəblər həm obyektiv, həm də (təəssüf ki) bəzən subyektiv səciyyə daşıyır. Lakin Salman Qəmbərovun istedadının pərəstişkarları və ümumiyyətlə keyfiyyətli musiqiyə dəyər verən dinləyicilər Salmanı 24 aprel Filarmoniyada dinləyə bilər. Bakı publikasına və şəhərimizin qonaqlarına Salman ilə opera müğənnisi Fəridə Məmmədovanın müştərək layihəsi təqdim olunacaq. Bu layihədə onlar alman romantiklərinin musiqisini ifa edəcəklər. Layihə misilsizdir – belə ki, opera vokalı üzərində Salman ənənəvi müşayiət deyil, jazz akkompanementi qurur. İlk dəfə bu layihə ötən ilin payızında Almaniyada Bethoven Festivalında təqdim edilmişdi – və nəhayət, bizlər də onunla tanış olma imkanı qazanacağıq.
İndi isə Salmanı yubiley münasibətilə təbrik etməyin vaxtı çatıb. Və onu təbrik edən təkcə mən deyiləm – əminəm ki, bu məqalə altında onun istedadına pərəstiş edən bir çox və çoxları imza atıb öz ürək sözlərini deyə bilərdi. Və hamımız Salmana da, özümüzə də (burada eqoizmsiz olmur) yeni maraqlı layihələr və yeni gerçəkləşmələr arzulaya bilərik. Çünki yalnız ilk əlliilliyi ötüb keçdin…Sənin sağlığına, Musiqiçi!
P.S. Məqalədə adları çəkilən sənət xadimlərinin fəxri adları müəllif tərəfdən qəsdən istifadə olunmayıb, belə ki, incəsənət aləmi ilə tanış olanlar üçün bu adlar qənaətbəxşdir.
Bu gün sənin günün deyil
Fərizə Babayeva
Ötən həftənin hadisələri – Rövşən Sənanoğlunun yeni kitabının nəşri – müəllifin pərəstişkarlarının aqibətini xeyli asanlaşdırdı. Əvvəla, müəllifin nəsr və nəzm əsərlərini, publisistikasını müxtəlif qaynaqlardan əxz etmək üçün Şəbəkəni alt-üst etməyə artıq ehtiyac yox, – bütün bunlar artıq məcmuəyə daxil olub. İkincisi də, məcmuəni əldə etmək çox asandır – bu günlərdə kitab satışa buraxılacaq. Üçüncüsü isə – dükanlarda bu kitabın axtarışı çox çəkməyəcək – kitab özü sizi tapacaq. Əvvəlcə siz sanki qala bacalarından, üz cildinin kəsiyindən sizləri izləyən uşaq baxışlarının hədəfi olacaqsınız, sonra isə – kitabın adlandığı tək “Bu gün səninki deyil” güllə tək sizlərə dəyəcək.
Ey oxucu, bu kitabda qəlboxşayan lirika və ya dolaşıq-detektivli ajiotaj axtaracaqsansa, tam şübhəsiz, bu gün sənin günün olmayacaq. “Mənə aid olmayanları məndə axtarmayın. Əgər tapsanız – özünüzə halal edin” dediyi giriş sözündə müəllif öz təlimatını verir. Özü barədə isə son dərəcə yığcam – “….cəlb olunmamışam, heç yerdə üzv deyiləm və olmayacağam. Kitabın dərci zamanı hələ ki sağam, yaşayıram” ifadəsini demiş. Ümumən, “qısa – lakin tutumlu” strukturu Rövşən Sənanoğlunun mətnlərinin səciyyəvi cəhətidir. Məsələ isə bundadır – görən, bu tutumların içində nə var?
Flakon tək tutumlar
Onlar punktirlərlə, çalarlarla, ani baxışlarla, zərif toxunuşlar və hətta toxunuşa bənzəmələrlə, haradansa uçub gələn çətin tanınan ətirlərlə doludur, lakin bir anda baş verəcək qasırğa dalğasını oyatmağa qadirdir. Bu, Sənanoğlu poeziyasıdır. O, nə sual, nə də cavabdır, – o, olacaq və olmuş bir başlanğıcdır. O, nə həyat, nə də ölüm haqda deyil, – bu iki qütbün qovşağında olanlardır; nə sevinc, nə kədər haqda da deyil – onların hüdudundan kənarda qalır.
Həddən kənarda
Nə zamansa
həddini
adlayan
bir xülya –
qeyb olur
boşluğa…
boşluğa…
boşluğa…
Güvəc tək tutumlar…
Onlar nəsr mətnlərilə doludur, hər biri də dadı xoş bir şərabı xatırladar. Yox, səhv etdim, – daha möhkəmləri var… Lakin hamısı öz müddətini saxlamış, zərrə qədər su görməmiş, şirinləşdirici və rəngləyici qatqıları olmamışdır. Əsil saf, təbii nemətlərdir. O dərəcə saf ki, daşıdığı təbiilik öz çılpaq sərtliyi ilə oxuyucunu çətin vəziyyətə sala bilər. Amma Rövşən Sənanoğlunun nəsri məhz belədir. O, hər dəfə qabarıq mənzərə çəkir, hər hansı situasiyanın ideal surətdə təcəssüm etdirilmiş kəsiyini şərh-filan vermədən təsvir edir ki, bizlərə öz duyğularımızı davam və müdaxilə etmək, bununla da hekayətin iştirakçısına çevrilmək qalır. Hər “şüşənin” də içindəkinin öz misilsiz dadı və damağa düşən ləzzəti var – bunu demək, zənnimcə, artıqdır. Buna görə də tulumdakı “mayeni” tələsmədən, düşünərək, ləzzətini çəkərək içmək gərək. İçəcəyə çərəzlər isə “Əsil jazzzz…” hekayəsinin qəhrəmanlarının aqibəti kimi olacaq:
Deyimmi, çərəzlərimiz nələr idi? Aydın deyil? Bizim çərəzimiz – MUSİQİ idi!
Tutum tək… tutumlar
Düzü, Rövşən Sənanoğlunun publisistikasına dair metaforik bir tutum barədə düşünürdüm ki, bu zaman işin bir kateqoriya ilə bitməyəcəyini anladım. Ona görə ki, onlar, məsələn, formalinlə doldurulmuş və diri dərini illərlə qoruyub saxlayan şəffaf tutumlar ola bilər – əgər onun tarixi esselərindən söhbət gedirsə. Mükəmməllik, təhlili təfsilatlılıq və ən əsası – müəllifin ötən hadisələrə, festivallara, tarixi faktlara və indiki dövrün personajlarına qeyri-biganəliyi qorunulub öyrənilməsi zəruri olan həmin “diri dəri” tək hər bir məqaləni bizlərə duydurur.
Onun tənqidi icmallarına gəldikdə isə, tamam ayrı tutumlar təsəvvürə gəlir –məsələn, tavanı və onun başımıza çırpılmasını xatırlayırıq. Söhbət təhsildən, konsertlərdəki mühitdən və ya mədəni mədəniyyətsizlikdən gedə bilər.
Bəs gecə küpü… kimi tutumu xatırlasaq necə?.. Buna yalnız tək bir yazıda – “Biz əslində kimik” kimi təhrikedici ada malik məqalədə rast gəlirik. Və burda heç bir sarkazm yoxdur! Həyat fəaliyyətinin məhsulu olan, hər bir insan tərəfindən gündəlik ifraz edilən miqdarda…- yaxşısı budur, müəllifin (yeri gəlmişkən, təhsil və ixtisasca riyaziyyatçı olan) qəliz qənaətləri haqda həmin essedə oxuyun. Yox, yox, bir qədər səhv dedim – “Biz əslində kimik” məqaləsi “Nəsr” rubrikasında yer alıb, halbuki janrı etibarilə “Məqalələr” rubrikasına tam düşə bilərdi. Amma burası da var ki, zənnimcə, səhvim də təsadüfi olmadı, belə ki, söz oyunları, məna və janr oyunları bütün kitab boyu oxucunu izləyir. İlk baxışdan asan anlaşılan söz və səs toplamları arxasında hansısa bir tapmaca gizlənir, onun həlli isə elə bir sayda variantlar əmələ gətirir ki, bu, sənin oyunla dialoqa girmək və yumor hissi qabiliyyətindən, həm də sadəcə beynini işlətmək arzundan asılıdır. Bu səbəbdən də kitabın dördüncü və sonuncu bölməsini mən Rövşən Sənanoğlunun növbəti rebusu kimi qəbul etdim. Nəsr, nəzm və publisistikadan sonrakı, artıq heç bir “tutuma” sığmayan dördüncü bölməni müəllif “Salman” adlandırıb.
Sığmayanlar…
Bu hissə duyğularla, fikir və xatirələrlə, ştrixlər, eskizlər və tanınmış jazz musiqiçisi Salman Qəmbərovun portretinə çəkilən lövhələrlə doludur. Niyə məhz onun, o musiqiçinin? Çünki, o, həyatımda böyük rol oynamış, jazz və ümumiyyətlə musiqini fərqli, yeni təfsirdə görməyimdə səbəbkar olmuş Dostumdur, Ustadımdır,- deyərək kitaba ön sözdə müəllif bu etirafını bildirir.
Mən isə bu sıraya öz əlavəmi qatıram. Bu gün bizim Rövşən Sənanoğlunun ifasında jazz dinləmə imkanımız var. O, jazzmenin alətlə məharətlə rəftar etdiyi kimi, böyük ustalıqla improvizələr yaradır, solo ifalar edir və oxucuyla dialoqa girir. “Şəxsən mənim üçün jazz – dinlədiyim musiqidir. Hərçənd, ola bilsin hər şey burda tam əksinədir – jazz məni dinləyir”. Mən isə bu ifadəni dəyişib deyərdim – “Bu gün səninki deyil” kitabını oxuyarkən sanki kitab məni dinləyir, məni duyur…
(«Зеркало» qəzeti, 05.10.2012)
Tərcümə etdi: Turan Məmmədəliyeva
P.S. Redaksiyadan: məqalələrin tərcüməsi (tərcümələrin müəllifi T.Məmmədəliyeva) zamanı verdikləri dəyərli məsləhətlərə və qeydlərə görə Rövşən Sənanoğlunun həyat yoldaşı, riyaziyyatçı, BDU-nin dosenti Lalə xanım Mustafayevaya və musiqişünas, publisist, aktrisa Fərizə xanım Babayevaya öz dərin minnətdarlığımı bildiririk! Ayrıca olaraq R.Sənanoğlunun ailəsinə onun əsərlərinin və Fərizə xanıma onun R.Sənanoğlunun kitabına yazdığı resenziyanın təkrar dərc etdirilməsi imkanına görə xüsusi təşəkkürümüzü bildirmək istərdik!