2018-ci ilin jazz hadisələri görkəmli azərbaycan cazmeni Vaqif Mustafazadənin anım gecəsi – sənətkarın adını daşıyan Ev-Muzeyinin direktoru və Xeyriyyə Fondunun sədri Afaq Əliyevanın təşkilçiliyi altında keçirilən konsertlə tamamlandı.
18 dekabr – görkəmli sənətkarın həyatı tərk etdiyi gündür. Həmin gün Beynəlxalq Muğam Mərkəzinin səhnəsini müxtəlif musiqiçilər bölüşərək sənətkarın xatirəsini andılar. V.Mustafazadənin Fortepiano konserti dirijor Yalçın Adıgözəlovun idarə etdiyi Kamera orkestrinin və solist Emil Əfrasiyabın ifasında gözəl və həzin səsləndi. Konsertin daha çox akademik səciyyəli ilk bölümü bir sıra klassik ifaçıları – Gülsüm Eldarova, Suada Hacızadə, Ceyhun Əzizovu təqdim etdi. Sonra konsertin aparıcısı Tofiq Həsənsoy səhnəyə müğənni Cavan Zeynallını dəvət etdi və müğənni öz xatirələrini söhbəti və musiqi ilə bölüşdü.
Konsertin jazz musiqisindən ibarət ikinci bölümü sənətkarın öz musiqisinə həsr olunub gənc jazz ifaçılarının – Nicat Aslanov, Elbəy Məmmədzadə, Vüsal Aydəmirov kimi pianoçuların, akkordeonçu Seymur Həsənsoyun, gənc tarzən İbrahim Babayevin, yeni “Sevil” qızlar kvartetinin ifasında V.Mustafazadənin məşhur mövzuları və jazz standartlarını təqdim etdi. Xatirə gecəsini mərhumun məşhur “Mart” əsərini ifa edən respublikanın əməkdar artisti İsfar Sarabskinin çıxışı tamamladı.
Final Tiles Gallery id=22 does not exist