16 Mart – Azərbaycan jazz’ının əhəmiyyətli tarixlərindən biridir, görkəmli azərbaycan cazmeni, pianoçu Vaqif Mustafazadənin doğum günüdür.
Hər il bu əlamətdar tarixlə əlaqədar ithaflar, layihə və tədbirlər həyata keçirilir.
16 mart 2018-ci il tarixində, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalı Vaqif Mustafazadənin yaradıcılığına böyük bir töhfə gətirən hadisənin məkanı oldu: bəstəkarın bir sıra məşhur kompozisiyalarının not yazılarından ibarət məcmuə işıq üzü gördü. V.Mustafazadə adına ev-muzeyinin direktoru və V.Mustafazadə adına Xeyriyyə Fondunun sədri Afaq Əliyevanın təşkili və maddi dəstəyi ilə həyata keçirilən bu məcmuənin nota köçürülməsi BMA-nın müəllimi, dosenti, musiqişünas və bəstəkar Pərviz Quliyev tərəfindən gerçəkləşdirilmişdir.
16 mart BMA-nın Böyük zalında məcmuənin təqdimatı və V.Mustafazadənin əsərlərindən ibarət konsert keçirildi. İştirak edən tələbə heyəti sırasında tələbələr – Tofiq Şıxıyev (F.Bədəlbəylinin sinfi), Vüsalə Babayeva (N.Quliyevanın sinfi), Fidan Mirbağırzadə (müəllim E.Kəbirlinskaya), Vüsal Aydəmirov (Y.Axundovanın sinfi), Suada Hacızadə (S.Aşumovanın sinfi), Cavid Əzizov (N.Rimazinin sinfi) görkəmli cazmenin notlarda öz əksini tapmış tanınmış kompozisiyalarını ifa edərək, məcmuənin canlı səslənişini konsert qonaqları üçün gerçəkləşdirdilər. İxtisas fortepiano kafedrasının müəllimləri Sevda Məmmədli V.Mustafazadəyə ithaf etdiyi öz “İthaf” əsərini, pianoçu Gülsüm Eldarova “Vaqifə ithaf” bəstəsini ifa edib konsertin gedişatına qatıldılar. Konserti respublikanın əməkdar artistləri – Fuad İbrahimovun dirijorluq etdiyi Tələbə Kamera Orkestri və pianoçu Emil Əfrasiyab tamamladılar: orkestrin həssas müşayiətilə E.Əfrasiyabın ifasında görkəmli cazmenin məşhur Fortepiano konserti uğurla ifa olundu.