Tanınmış azərbaycan və rus jazzmeni Vaqif Sadıqovun düz 6 il bundan əvvəl ərsəyə gəlmiş “Caspian Groove” kompakt albomu bu gün üçün daha aktuallıq qazanıb, öz obraz məzmunu, obrazları ilə xalq tematik mənbələrinin və onların jazz üslubundakı təfsirlərinin üslub ahəngliyinə görə xüsusi diqqət cəlb edir. Və əgər V.Sadıqovun bilavasitə prodüser əməyi ilə bərabər, bu gözəl albomun yaradılmasında görkəmli rus jazzmenlərinin iştirak etməsini də nəzərə alsaq, müxtəlif nəsillərin ifaçılarının yaradıcı tandemi alboma dinləyici diqqətini daha da artırır. Kompakt diskin başlığından əlavə “Vaqif Sadıqov və onun dostları” sərlövhəsində bu əməkdaşlıq öz əksini tapır.
İlk əvvəl albomun gözəl, məharətli ifaçı heyətini təqdim edək: Pyotr Vostokov (şeypur), Sergey Qolovnya (saksofon), Vitaliy Solomonov (kontrabas), Aleksey Bekker (zərb alətləri) – V.Sadıqovun digər layihələrində də partnyorluq etmiş və onun ən ilhamlı poetik albomlarından biri – “Caspian Groove”-u təmsil edən gözəl heyətdir.
“Azərbaycan musiqi mədəniyyətinin möhtəşəm mənbələrinə, onun bəstəkarlarına müraciət məni yeni müəllif diskinin yaradılmasına həvəsləndirdi. Burada xalq mahnıları, eləcə də məşhur azərbaycan bəstəkarlarının mahnı və romansları mənim interpretasiyamda təqdim olunubdur”. – Müəllif öz albomunun ideya-məqsədini kiçik ön sözdə belə izah edir
Final Tiles Gallery id=48 does not exist
Elə isə, tanınmış jazz ifaçısının misilsiz əsərlərindən biri olan bu silsilənin məxsusiliyi nədədir, onun bütün kompozisiyalarını sancıb keçən nostalji obrazlılıq öz ifadəsini necə tapıb? Adətən, hər hansı bir üsluba ritmik təşkil gətirən, ona xas ritmik faktura mənasını daşıyan groove silsilənin ümumi dramaturgiyasında, onu təşkil edən səkkiz bəstənin düzümündə nə dərəcədə parlaq üzə çıxır?
Müəllifin öz bəstəsi, ritmik cəhətdən afro-kuba üslubunda olan “Qobustana yol” silsiləni açaraq, aramlı, bəzən nəhəng addımlarda və nəfəslilərin ekzotik xor ahənglərində öz ifadəsini tapan həmin groove nəbzini möhkəmlədir. Silsiləni zəmini olan öz möhkəm kross ritmi ilə və sərt səslənən groove silsiləni bərkitməklə yanaşı, həm də haşiyələyir. Bu başlanğıcın davamını biz Tofiq Quliyevin “Sən mənimsən, mən sənin” mahnısı əsasındakı “Ayrılmaz qəlblər” kompozisiyasında, brassların (yəni mis nəfəslilərin) aramlı xoruna, başlanğıcda səslənən yürüş-mövzudakı ritmə və ansambl fakturasına qayıdışda tapacağıq. “Caspian Groove” adlı müəllif kompozisiyası isə çevik ritmi və əsrarəngiz, qıvraq melodiyası ilə silsiləni şərq ruhlu dinamikada, big-beat zərbələri və nəfəslilərin coşğun melodik avazında tamamlayacaq.
Səid Rüstəmovun eyniadlı mahnısı əsasında “İntizar” valsından lirik obrazlar xətti başlanıb, “Küçələrə su səpmişəm” xalq mahnısına yazılan növbəti “Yarımı gözlərkən” pyesi ilə təzadsız, səliscəsinə növbələşir. Valsların hər ikisinə xas sual intonasiyaları, melizmlərin incə oyunu və məqam çalarları kövrək xəyali qüssə hissinin zərif oyunudur sanki. Hər iki məşhur el mahnısı vals ritminə keçirilib, solo ifada təqdim edilmişdir.
“Oxuma, gözəl” kompozisiyası bəstəkar (ilk azərbaycan qadın bəstəkarlarından olan) Ağabacı Rzayevanın eyniadlı mahnı mövzusuna bəstələnib, daha sərbəst, sanki əruz vəznində daha sərbəst ifadəli poetik ovqatı, ilhamlı-poetik groove üzə çıxarır. Silsilənin lirik-vətənpərvər obrazları sırasında bu əsər müstəsna yer tutur. Məhz burada bədii surətdə möhtəşəm bir ruhla tərənnüm edilmiş lirika xüsusi vurğulanaraq canlanır. Albomun ən gözəl, mərkəzi miniatürlərindən biri!
Yenidən canlanır – keçmiş xatirələr, şəhərin, onun haqda xoş sətirlərin, misraların surəti, sizi daxilən qərq edən azacıq həsrət hissi haqda fikirlər. “Lirik nəğmə” (yenə də Səid Rüstəmovun mahnı mövzusuna) fərqli bir lirik ovqatın, şəhərə, onun sakit, küləkli, dənizli ünsürünə, qəlbioxşar milli mühitli küçələrinə vurğunluqdur. “Sarı gəlin” – nəciblik və alilik rəmzi olan qadın, gəlin surətinə müraciətdir. Musiqisi qədim kiçik bayatıların obrazlarından mənşəyini götürən qədim lirikanın əhval-ruhiyyəsini canlandırır. Solo ifada, miniatür və zərif surətdə ifa edilən kompozisiya xoş kövrək bir xatirə kimi yadda qalır.
Bütün bu çoxçalarlı lirikadan, xəlqi obraz-lövhələrdən xatirində möhkəm qalan dad və ətri dinləyici əxz edir və yaddaşına həkk edir. Nəğmələrin gözəlliyi xalq mahnı mövzularının ilhamlı ifalarıyla qovuşur, poetik obrazlılıq bütün musiqini, çalarları, doğma paytaxtın lövhələrini birləşdirib Xəzərin, Bakının və Azərbaycanın surətlərini canlandıran çoxmənalı və rəngarəng groove-ovqatlarda üzə çıxır. Albomun müəllifi və prodüseri Vaqif Sadıqovun diskə kiçik ön sözdə etiraf etdiyi kimi: “Mən eləcə də bəstələrimdə öz ölkəmin və Bakı şəhərinin tarixi ilə məişətini əks etdirməyə çalışmışam. Bu işdə mənə dostlarım – möhtəşəm moskvalı musiqiçilər kömək etmişlər. Sonra isə…. Sizə hər şeyi musiqi danışacaq”.
Elə bu məqamda “Caspian Groove” albomunun müəllifinin lirik etirafında dayanaq və gözəl miniatürləri yenidən dinləyərək, onların hər birində özümüzə doğma, çoxdandan unudulmuş keçmiş xatirələrin və arzuların əks-sədalarını axtaraq.
Turan Məmmədəliyeva
musiqişünas
Jazz.Az saytının redaksiya heyəti adından tanınmış azərbaycan, rus və sovet jazzmenlərindən biri olan Vaqif Əmir oğlu Sadıqovu doğum günü münasibətilə təbrik edirik! Sizə möhkəm can sağlığı, çoxlu gözəl yaradıcı hadisələr və əmin-amanlı, rahat, Jazz ili arzulayırıq, Vaqif müəllim!